Bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib.
O qeyd edib ki, hesabat dövründə cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılıb.
Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin görülməsinə, qeydə alınmış 205 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83 cinayətin isti izlərlə açılmasına baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması, 12 belə cinayətin, o cümlədən Bakı şəhərinin Suraxanı və Nizami rayonlarında, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Neftçala, Tərtər, Salyan, Xaçmaz, Xızı, Qəbələ və Ucar rayonlarının hər birində 1 bu qəbildən olan cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2014-cü ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
İnterpress.az