Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın baş naziri Aleksandr Vuçiç ilə görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, xalqlar arasında dostluq münasibətlərinin əlaqələrin inkişafına öz töhfəsini verdiyi qeyd edilib. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırılıb. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib. Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirilib. Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib, ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Prezidentin digər görüşü Fransanın müdafiə naziri Jan-İv Lö Drian ilə olub. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələr arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırılıb. Əlaqələrin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirilib.
Azərbaycan prezidentinin Münhendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının prezidenti George İvanov ilə də görüşü olub. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
İnterpress.az