Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 121 saylı Laçın seçki dairəsindən irəli sürülmüş Mahir Abbaszadə bu gün Xəzər rayonunda müvəqqəti məskunlaşmış Laçından olan məcburi köçkünərlə görüş keçirib.
İnterpress.az xəbər verir ki, Mərdəkan qəsəbəsində baş tutan görüşdə Mahir Abbaszadə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlu nəticələrindən danışıb, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını və mövqelərinin gücləndiyini vurğulayıb. O, beynəlxalq təşkilatların və reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyinin möhkəmləndiyini göstərən rəqəmlər açıqayıb.
Mahir Abbaszadə ölkədə həyata keçirilən islahatların məcburi köçkünlərin həyatına da təsirsiz ötüşmədiyini, onların sosial rifah halının və mənzil-məişət şəraitinin durmadan yaxşılaşdırıldığını qeyd edib. O, məcbüri köçkünlərin qayğılarının daim Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.
Mahir Abbaszadə həmçinin əvvəlki deputatlıq fəaliyyəti ilə bağlı hesabatla çıxış edib və Milli Məclisin qanunvericilik fəaliyyətində fəal iştirak etdiyini diqqətə çatdırıb. O, seçicilərin müraciətlərinə xüsusi önəm verdiyini və onların həlli üçün deputat səlahiyyətləri çərçivəsində lazımi tədbirlər gördüyünü bildirib. Onun səlahiyyətinə aid olmayan müraciətləri də müvafiq qurumlara yönəltməklə həllinə çalışdığını deyib.
Daha sonra Laçın rayon sakinləri çıxış edib. Mahir Abbaszadənin deputatlıq fəaliyyətini yüksək qiymətləndirib. Fevralın 9-da keçiriləcək seçkilərdə ona səs verəcəklərini bildiriblər.