125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə məskunlaşan seçiciləri ilə görüşüb. Bu barədə seçki kampaniyası dövründə hələ heç bir namizədin gedib görüşmədiyi seçicilərini də unutmayan Anar Əsədlinin Feysbuk hesabında məlumat verilib. O, paylaşımında Gəncədəki görüş təəssüratlarını bölüşüb və seçki prosesi ilə bağlı rəqiblərinə və seçicilərinə mesaj verib:
ƏTRAFLI
Səbuhi Abbasov
25 ildir qapıları döyülməyən seçicilər…
“Dünən komandamla birgə Gəncədəydim – Zəngilan-Qubadlı sakinlərinin paytaxtdan ən uzaq məsafədə məskunlaşdığı və 25 ildir diqqətdən kənar qalan, təxminən 125 seçicimizin olduğu şəhərdə. Bura məhz məsafə və seçici sayının azlığına görə seçki prosesi – təbliğat-təşviqat kampaniyası dövründə heç vaxt heç bir namizəd gəlməyib. Ancaq biz bütün seçicilərimizlə görüşmək, şəxsən tanış olmaq, problemlərinə şərik çıxmağı qarşımıza məqsəd qoymuşuq.
Parlament seçkiləri böyük prosesdir və respublika üzrə bütün zəngilanlı və qubadlılıları əhatə etməyə çalışırıq. Bəlkə də, fiziki olaraq çatdıra bilmədiyimizdən, vaxt darlığına görə paytaxtda olan hər bir seçici ilə görüşə bilmirik. Amma Gəncəyə gəlməyi özümüzə mənəvi bir borc bildik. Çünki bu insanlar paytaxtdan 400 km aralıda, gözdən-könüldən uzaqdadırlar. Burada yaşayan zəngilanlı və qubadlıların özlərini dəyərsiz hiss etməməsi, onların da ayağına gəlmək bizim üçün mənəvi məsələ idi. Bildiyiniz kimi, təbliğat-təşviqat üçün cəmi 20-21 günümüz oldu. Kampaniyanın son günlərini də dəyərləndirəcək və imkan daxilində hər birinizin görüşünüzə gəlməyə çalışacağıq. Seçicilərimizin qapısını döyməyə, onları evində ziyarət etməyi biz başlatdığımız kimi, bölgələrə də ilk səfəri biz başlatdıq. Dairədən olan namizədlərin bəziləri ironiya ifadə edən gülüş işarələri ilə seçicilərlə görüşə bölgələrdən başladıqlarını deyirdilər. Yolüstü 3-5 adamla görüşmək seçicilərlə görüş deyil, cənablar! Özünüz də bizim bölgələrə səfərimizdən sonra bunun fərqinə vardınız və regionlarda yaşayan seçicilərlə görüş planları qurdunuz. Eynilə, bizim qrafikimiz, xəritəmizlə hərkət etməyə başladınız. Düzdür, gedib-getmədiyiniz hələ bəlli deyil, amma kampaniyamızı addım-addım izləyib, jestlərimizə qədər təqlid etmək istədiyinizin fərqindəyik. Amma olsun, mən yanvarın 17-dən bəri getdiyim hər qapıda söz verdim ki, başlatdığım kampaniya ilə bütün namizədləri sizin ayağınıza gətirəcəm. Elə də oldu! Amma bizim camaat ayıq, ağıllı adamlardı, fərqi bilirlər, ayırd etməyi, seçməyi bilirlər. Səmimiyyətin, ağlın, gücün kimdə cəmləndiyini yaxşı bilirlər.
Təşəbbüs Qrupunun namizədliyini irəli sürdüyü 15 nəfərdən biri…
Ən böyük fərq də, təkcə bu dairə üzrə yox, ölkə üzrə bu qədər namizədin içində, deputatlığa namizədliyi Təşəbbüs Qrupu ilə irəli sürülən 15 nəfərdən biri olmağım oldu. Mən el-obanın, yerlilərimin inam və etimadından güc alıb çıxdım bu yola, bu gücün qarşısında heç bir yamsılama, şayiə, qarayaxma, sifarişli yazı dayana bilməz. Mənim tərcümeyi-halımı, fəaliyyətimi, gördüyüm işləri nöqtə-vergülünə qədər yayımlamağa ehtiyacım yox idi. Mənim elə bu prosesdə ortaya qoyduğum iş də gücümü, potensialımı göstərməyə qadir idi, bu proses və apardığım kampaniya mənim üçün yeni vizit-kart olmalı idi, oldu. Biz istəyimizə nail olmuşuq artıq. 1 ildən çoxdur ölkəmizdə aparılan siyasi islahatların yekun mərhələlərindən sayılan növbədənkənar parlament seçkilərinə həm də seçici aktivliyi yaratmaqla dövlətin islahat siyasətinə dəstək olmaq üçün qatıldıq. Bunun üçün çox ciddi kampaniya apardıq, nəticədə nəinki seçici, həm də namizəd aktivliyi yaratdıq. Özünüzün də gördüyünüz və seçki texnoloqlarının da vurğuladığı kimi, seçki prosesinə böyük hərəkətlilik gətirdik.
İnamszılığı aradan qaldırmaq qələbəmizin başlanğıcıdır…
Seçki kampaniyamızın şüarından tutmuş ev-ev gəzmə strategiyasına qədər bir çox önəmli detalı namizədlərə örnək oldu və ölkədə seçkiyə maraq, seçici aktivliyi yaratmış oldu. Bu da birbaşa ölkədə demokratik seçkilərin keçirilməsinə yardımçı olmaqdır. Və apardığımız kampaniyada artıq həm rəqiblərimiz, həm də seçicilərimiz iştirak edir.
Digər tərəfdən, namizədi olduğumuz seçki dairəsinin 25 ildir dəyişməyən deputatının insanlarda seçkiyə inamsızlıq yaratmağına rəğmən, insanlarımızı seçkilərə cəlb etməyi, onlarda inamı bərpa etməyi bacardıq və bu, bizim üçün qələbəmizin başlanğıcıdır.
Seçki namus məsələsidir və ortaya mövqe qoymaq vaxtıdır…
Artıq təşviqat kampaniyasının bitməyinə 3-4 gün qalıb. Məncə, ətrafımızdakı insanlar, dostlarımızla bərabər, artıq seçicilərimizin də ortaya mövqe qoymağının vaxtıdır. Dövlətimiz, elimiz-obamız üçün son dərəcə əhəmiyyətli bir prosesin sonuna yaxınlaşırıq. Qorxmaq, çəkinmək, gizlənmək, susmaq vaxtı deyil. Məhz açıq mövqe qoymaq vaxtıdır. Mən seçicilərimlə görüşdə də dedim, seçki namus məsələsədir. Bəli, mənim üçün belədir, etdiyimiz seçim bizim xarakterimizdən, mənliyimizdən, şərəfimizdən xəbər verir. Hər kəs kim olduğunu, hansı mənliyə sahib olduğunu açıq şəkildə ortaya qoysun! Bu, özü də insanların müqəddəratının həll olunduğu seçkiyə gətirəcək və xalqımız üçün önəmli olan parlament seçkilərinin daha demokratik keçirilməsinə xidmət edəcək.
Seçki kampaniyasının final görüşünə dəvət…
Bir də… Əzizlərim, hər bir namizəd kimi mənim üçün də hər bir seçici, hər kəsin səsi önəmlidir. Çünki bizim qalibiyyətimiz birbaşa sizin səsinizə bağlıdır. Lakin seçki prosesi, deputatlığa namizədliyim mənim sizə baxışımı dəyişməyib, mən sizə seçici gözü ilə baxmıram. Siz əvvəl olduğu kimi mənim üçün ilk olaraq yenə öz ellim, öz torpağımın adamları, bağça yoldaşım, sinif yoldaşım, gənclik dostum, qohumum, əqrəbamsınız. Məni çox sevə, çox istəyə, sayğı duya bilərsiniz. Ancaq bu prosesdə sizin parametrlərə uyğun gələn namizəd mən deyiləmsə, bu faktı başqa cür ifadə etməyinizə ehtiyac və gərək yoxdur. Düşündüyünüz kimi danışın və hərəkət edin,. Onsuz da biz hər şeyin fərqindəyik və bu, bizim münasibətlərə əsla xələl gətirməyəcək. Mən sizi bu prosesdə belə məqamlara görə itirmək istəmirəm. Bəlkə də, itirməliyəm. Bəlkə də, bu mərhələ bir süzgəc rolunu oyanayacaq?! Bəlkə də, hər kəsin həqiqi kimliyinin, əqidəsinin, seçiminin bəlli olması üçün bir fürsət olacaq?!
Son olaraq apardığımız kampaniya ilə fərqlənməyimizdə böyük rolu olan komandama təşəkkür edir, onların əməyinin yerdə qalmayacağına inanıram. Hər bir həmyerlimə, həmvətənimə bayram ab-havalı seçki arzu edir, elə bu əhval-ruhiyyəni yaşamaq üçün sizi 6 fevral saat 18:30-da təbliğat-təşviqat kampaniyamızın Xudafərin şadlıq evinin Şuşa zalında keçiriləcək final görüşünə dəvət edirəm. Bu, həm görüşünə gedə bilmədiyim seçicilərimlə bir araya gəlmək, həm də dediyim kimi, sizin mövqe sərgiləməyiniz üçün bir şans olacaq. Sayğılar, sevgilər!”