İnterpress.az xəbər verir ki, 48 yaşlı çinli biznesmendən başqa, onun kiçik qardaşı Lyu Vey və qruplaşmanın digər üç üzvü də edam olunub. İstintaqın nəticəsinə görə, Lyu Xan qardaşı ilə birlikdə 1993-cü ildə cinayətkar qrup yaradıb. Əsasən Sıçuan vilayətində fəaliyyət göstərən dəstə yerli sahibkarlara nəzarət edib. Dəstə üzvləri 9 ölüm hadisəsi törədib.
Lyu Xanın 4 nəfərlik dəstəsinə ölüm hökmü 2014-cü ilin martında verilib. Dəstənin daha 30 üzvü müxtəlif həbs cəzası alıb.
“Reuters” agentliyinin məlumatına görə, Lyu Xanın işi Çin Kommunist Partiyasının Daimi Mərkəzi Komitəsinin üzvü Çjou Yunkanla da əlaqəli ola bilər. Keçən ilin dekabrında o, partiya sıralarından qovularaq həbs olunub.
Çjou Yunkan siyasi, təşkilati və konfidensial intizamı pozmaqda, dövlət sirrini yaymaqda, vəzifəsindən şəxsi məqsədlər üçün istifadə etməkdə və rüşvət almaqda ittiham olunur.
Cinayət işinin qaldırılmasına qədər Lyu Xan “Xaldun” dağ-mədən firmasının sahibi və Çinin ən varlı 500 adamından biriydi. 2012-ci ildə zənginliyə görə Çində 230-cu yerdə dayanırdı.
İnterpress.az