İnterpress.az xəbər verir ki, səs yazısı İstanbuldan yayınlanan “Müsəlman qardaşları”na bağlı ərəbdilli “Mekameleen” kanalı yayıb.
Belə ki, səs yazısında Sisi o dövrün prezident katibi Abbas Kamil və hərbi kəşfiyyatın direktoru Mahmud Hicazi ilə Körfəz ölkələrindən pul tələb etmək mövzusunu müzakirə ediblər.
Söhbət əsnasında Sisi və köməkçiləri bu ölkələrin çox pulu olduğunu vurğulayırlar. “Misir ərəb millətçiliyindən imtina etməlidir” deyən Kamil Abbas körfəz ölkələrini tənqid edib.
“1990-cı ildə İraqı Küveytdən çıxartmağa kömək etdik. Hər şeydən əvvəl bunun əvəzini bizə ödəməliydilər. Amma bunlar kiçik dövlətlərciklərdir. Biz Yəməndən sonra bu vəziyyəti iki dəfə təcrübə etdik. Bizim xalqımız ac, imkanlarımız pisdir, amma siz kefdən qalmırsınız, çox pulunuz var”.
Abbas Kamil hər əmirin yüzlərlə milyard dolları olduğunu deyib: “Qətər əmirinin bankında 900 milyard dolları var”.
Daha sonra Kamil Qətər əmirini təhqir edib. Sisi katibdən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin hər birindən 10 milyard dollar istəmələrini tələb edib. Kamilin “Birdən vermədilər?” sualına Sisi “onlarda pul dənizdəki qum qədərdir” cavabını verib.
Səs yazısı ortaya çıxandan sonra Misir hökuməti açıqlama verib. Baş nazir İbrahim Mihlib bunu inkar edib: “Terrorçuların dəstəklədikləri kanalın məlumatlarına inanmaq lazım deyil”.
Misir hökuməti kanalın ölkə ərazisində yayınlanmasının qarşısını almaq üçün tədbirlər görsə də, səs yazısı artıq internetdə yayılıb.
İnterpress.az