1991-ci ildə Azərbaycan Demokratik Respublikasının varisi olaraq müstəqil Azərbaycan dövlətinin bərpası ilə istər Güney Azərbaycanın müstəqilliyi uğrunda, istərsə də bütöv Azərbaycan uğrunda mübarizə yeni miərhələyə qədəm qoymuşdur. Hər iki tərəfdə Azərbaycan türkləri iki yuzillik bir tarixi təcrübənin və geosiyasi mövqeyimizin diqtəsinə əsasən, Azərbaycanın ayrı-ayrılıqda istiqlal və müstəqil dövlətçilik uğrunda apardığı mübarizənin məğlubiyyətə uğrayacağı labüdlüyünü dərk edərək, Azərbaycanın müstəqilliyinin yalnız və yalnız Azərbaycan bütöv olduqda mövcud ola billəcəyi və dönməz xarakter alacağı təfəkkürünə sahiblənərək mübarizəyə başlamışlar. Bu mübarizənin əsas şüarı budur. Azərbaycan 1804-cü ildən 1828-ci ilə qədər Qafqazın bölüşdürülməsi uğrunda Rusiya ilə Qacar imperatorluqları arasında gedən müharibə nəticəsində Azərbaycan xalqının iradəsi əleyhinə olaraq Rus imperatoru və Türk-Qacar şahı arasında bağlanan ədalətsiz «Gülüstan» (12 oktyabr 1813-cü il) və «Türkmənçay» (10 fevral 1828-ci il) müqavilələri ilə ikiyə parçalanmışdır. (1813-1828-ci illər ərzində Bütöv Azərbaycan ərazisi 410 min kv.km, 1813-cü il «Gülüstan» və 1828-ci il «Türkmənçay» müqaviləsindən sonra Quzey Azərbaycan 130 min kv .km). Parçalanma nəticəsində etnocoğrafi hüdudu Dərbənddən Həmədana qədər olan Azərbaycan ərazisinin dörddə üç hissəsi, əhalisinin 70 faizi Qacar imperatorlugunun tərkibində qalmışdır. Parçalandıqdan sonra ərazi və siyasi bütövlüyünün pozulması ilə bərabər etno-kulturoloji bütünlüyü Rusiya və Türk-Qacar imperiyalarının tamamilə bir-birinin əksini təşkil edən dini iqtisadi sosial kültrəl sistemləri içərisində fərqli inkişaf keçdiyindən dağılmış, sosio-kültürəl bütünlük zədələnmişdir. Türk-Qacar imperatorlugu İngiltərə və Rusiyanın dəstəyi ilə çökdürüldükdən sonra hakimiyyətə Fars etnosu gətirilmiş, bundan sonra İran cografiyasında hakim olan Fars milləti və Rusiya bütöv Azərbaycan dövlətçiliyinin mövcudluğuna imkan verməmək məqsədilə gələcəkdə Azərbaycanın birləşə biləcəyi ehtimalını həmişəlik aradan qaldırmaq üçün bu etno-çoğrafik ərazidən Azərbaycan adını və türk milli varlığını (kimliyini) silmək məqsədilə öldürücü assimilyasiya siyasəti yeritmiş, milli azadlıq hərəkatlarını boğmuş,Türklərə qarşı etnik, kültürəl genosidi həyata keçirərək kütləvi qırğınlar törətmişlər. Azərbaycanın hər iki tayı arasında bütöv Azərbaycan türk milli dəyərlərini yox etməklə, iki ayrı-ayrı xüsusiyyətlərə malik millət biçimləndirmək siyasəti yürüdülmüş, bu məqsədlə Azərbaycan türk tarixi tamamilə məhv edilmiş, əvəzinə uydurulmuş yeni tarixi tezislər – Azərbaycanın rus işğalında olan Quzeyinin Qafqaz, əhalisinin tatar, İran işğalında olan Güneyinin İran, əhalisinin isə Ariyan irqinə mənsub farsdilli azərilər olduğunu ortalığa qoymuşlar. Azərbaycan adının silinməsi məqsədilə hər iki imperiya öz içərisində də bu əraziləri parçalamışlar. Azərbaycanın Güneyi Əldəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Həmədan əyalətlərinə, Astara, Qəzvin vilayətlərinə ayrılaraq İranda yaşayan digər etniklərin ərazilərinə qatılaraq bölünmüşdür. Və nəticədə digər etnoslarla Azərbaycan türkləri arasında potensial etnik münaqişə mənbələrinin əsaslarını qoymuşdur. Rusiya isə Quzey Azərbaycanı Ermənistanla Gürcüstan arasında bölmüşdür. Hal-hazırda müstəqil Quzey Azərbaycanın tarixi əraziləri olan İrəvan xanlığı üzərində Ermənistan dövləti qurulmuşdur. Rusiya imperiyası 1850-ci ildə İrəvan xanlığını ləğv edərək, yerində Yerevan quberniyasını yaratmaqlaё erməni vilayəti təşkil etmişdir. Beləlikə, Ermənistan dövlətinin bünövrəsi qoyulmuşdur. Borçalı vilayəti Gürcüstanın, Dəmir Qapı Dərbənd isə Rusiyanın tərkibindədir. Qarabağ və ətraf bölgələri rus və erməni hərbi qoşunları tərəfindən işğal edilmişdir. Parçalandıqdan sonra Azərbaycanın Quzeyi Avropa və Şərq dəyərlərinin uzlaşmasından doğan yeni bir türk-islam-avropa ənənələrinə əsaslanan milli kültürü və kimliyi formalaşdıraraq modern mədəniyyətə yiyələnmişdirsə, Güneyi İslam siyasi təriqət və məzhəbləri arasında gedən içərisində gərəksiz tarixi mübahisələrin dumanına bürünmüş ümmət düşüncəsi ilə fars mifologiyasının vəhdəti rəmzinə çevrilmiş şiə məzhəb təbliğatının təsiri altında itib-batmış, teoloji bir şəraitdə yaşadığından modern dünyadan təcrid olaraq əski Şərq,ərəb-fars tarixi ənənələri və yönümü istiqamətində inkişaf etmişdir. Bu inkişaf farslarla eyni sosol-kültürəl çevrədə və siyasi vahidlikdə yaşanma ərəfəsinə formalaşmış ümumi tarix və ümumi dəyərlər düşüncəsi nəticəsində Azərbaycan elitasında Azərbaycan türk dövlətçiliyi təfəkkürünün İran dövləti təfəkkürü ilə əvəz edilməsinə səbəb olan, İran dövlətçiliyinin davamlılığını və ərazi bütövlüyünü təmin etmək məqsədilə İranda yaşayan xalqların vahid İran millətinə çevrilməsini əsas götürən və İran dövlət siyasətinin ana xəttini təşkil edən paniranizm cərəyanının yaradılmasına səbəb olmuşdur. Paniranizm öz əsasını həm Azərbaycan türklərinin XX əsrin əvvəllərinə qədər İran taxt-tacında oturaraq İranı Şərq dövlətçilik sisteminin əsasını təşkil edən tayfa, sülalə hakimiyyətləri vasitəsilə mütləq monarxiya şəklində idarə etmiş İran dövlətçiliyinin və ərazi bütövlüyünün əsas sahibi kimi daxili-xarici siyasət yürütmüş , hakimiyyətləri dövründə türk millətçiliyi və Azərbaycan kimliyi əvəzinə iki böyük millət halında yaşayan türk-fars mənafeləri arasındakı balansın farsların xeyrinə pozulmasına səbəb olan, olduqca ifratçı, irançı, mərkəzçilik siyasətindən, həm də türklərin fars dilində yaratdıqları fars-türk əlaqələri arasında ortaq dəyər hesab edilən və indi yalnız fars millətinin bəhrələndiyi və İran mədəniyyəti kimi təqdim edilən böyük bir mədəniyyətdən götürmüşdür. Sasani dövləti 7-ci əsrdə Nəhavənd döyüşündə ərəblərə məğlub olduqdan sonra fars etnosu İranın, Yaxın və Orta Şərqin, Qafqazın siyasi coğrafiyasından silinmiş, varlığını yalnız kültür müstəvisində saxlaya bilmişdir. Ərəblərdən sonra, əsasən X əsrdən etibarən bütün bu coğrafiyada 1925-ci ildə Rza şahın timsalında ingilislərin dəstəyi ilə fars etnosu İran ərazisində Qacarlar xanədanını devirərək, siyasi hakimiyyəti ələ alana qədər təxminən 1000 ilə yaxın bir dönəm ərzində türk sülalələri və xanədanları bir-birinin ardınca davam edən imperatorluqlar dövlətlər qurmuşlar.İran coğrafiyasında türklər dominant super etnos kimi böyük İslam və Şərq mədəniyyətinin qurucusu və hamisi olmuş, bütün Yaxın və Orta Şərq, Mərkəzi Asiya, Hindistan bölgələri türk hakimiyyəti və İslam kültürü zehniyyəti ilə inkişaf etmişlər. 1000 il bölgədə Dominant və Super etnos olan türklər imperatorluqları dövründə ərəb, fars kültürünü qoruyaraq, inkişaf etdirərək, böyük İslam- Şərq mədəniyyətinin və sivilizasiyasının qurucuları olmuşlar. Bu imperatorluqlarda heç bir etnos və mədəniyyət, dil assimilyasiyaya məruz qalmamış, İslam qardaşlığı və internasionalizmi içində öz varlığını qorumuş və davam etdirmişlər. İran coğrafiyasında farslar 1925-ci ildə hakimiyyəti ələ alana qədər irançılıq türk hakimiyyəti və kültürü ilə fars dili və kültürü sintezindən ibarət idi və daha çox kulturoloji bir mahiyyət kəsb edirdi. Türk dili dövlət və xalq dili, fars dili kültür və aristokrasi dili kimi inkişaf etmişdir. Farslar hakimiyyəti ələ aldıqdan sonra «İran» adı fiziki coğrafiya məfhumundan daha çox etnik farsların siyasi millətçiliyinin və dövlətçilik fəlsəfəsinin simvoluna çevrildi. İran coğrafiyası Arilər ölkəsi adlanaraq etnik fars millətçiliyinin dominantlığı əsasında İranda yaşayan xalqları assimilyasiya etməklə, tək millət, tək dövlət, tək dil siyasəti nəticəsində fars siyasi və kültür bölgəsinə çevrildi. Paniranizmin içində ayrıca bir xətt kimi həmişə mövcud olan panfarsizmin 1925-ci ildə Rza şah Pəhləvinin timsalında farslar hakimiyyəti ələ aldıqdan sonra güclənərək İranda yaşayan bütün xalqları farslaşdırmağı qarşısına məqsəd qoyan hakim sistemə çevrilmişdir. Məhz bundan sonra paniranizm Azərbaycan və İran xalqları arasında ortaq ideologiya xarakterini itirərək fars şovinist siyasətinin silahına çevrildi . 100 ilə yaxındır ki, İran coğrafiyasında davam edən fars hakimiyyəti İranda avtoxton əhali olan və min illərdir bu bölgədə super etnos kimi imperatorluqlar quran turk millətini elə heyrətamiz şəkildə assimilyasiya etmişdir ki, türklər dillərini, milli kimliklərini, ərazilərini, tarixlərini belə itirmək təhlükəsi ilə üz-üzə qalmışlar. Türk millətinin farslaşaraq yox olmasını sürətləndirən irançılıq zehniyyətinə söykənən bu siyasət nəticəsində indi İran iqtisadiyyatının 75 faizini idarə edən böyük oliqarxiya təbəqəsindən, İran ordusundan təmsil olunmuş yüksək rütbəli hərbçilərdən, İran dini institutunda xidmət göstərən türk əsilli müctəhidlərdən, İran hakimiyyət dairələrində təmsil olunmuş, Azərbaycan türk millətinin mənafe və haqqına biganələşmiş, Azərbaycanın İrandan ayrılmasının əleyhdarı olan hökumət məmurlarından ibarət böyük bir imtiyazlı türk təbəqəsi formalaşmışdır. Hal-hazırda İran Quzey Azərbaycanda rəsmi səfir-konsul kəşfiyyat xidmətlərini, ticarət, mədəniyyət əlaqələrinin təmsilçilərini öz millətinin mənffəətlərini qurban verən, millətinə düşmən kəsilmiş bu paniranist,manqurt türklərdən təyin edir.
Lakin Azərbaycan türkləri bu ədalətsiz «Gülüstan» və «Türkmənçay» müqavilələrinin şərtləri ilə barışmayaraq, Rusiya və İran işğalından azad olaraq bütöv Azərbaycan dövlətçiliyi yaratmaq uğrunda daim mübarizə aparmışdır.
1988-ci ildən başlayaraq Sovetlər Birliyinin çökməsində böyük rol oynayan Azərbaycan Milli İstiqlal hərəkatı SSRİ-ni dagıtdı.Rus işqalına son qoyuldu. Birinci məqsədimizə nail olduq. Rusiya imperiyasının tərkibindən ayrılaraq müstəqil Quzey Azərbaycan dövlətini qurduq. İndi qarşımızda İran (Farsistan) imperiyasından ayrılmış Güney Azərbaycanın müstəqil dövlətçiliyini bərpa etmək durur.
XXI əsr Azərbaycan türklərinin milli və ərazi bütövlüyünü təmin edilməsi əsri olacaqdır. Bu ümummilli məqsədin gerçəkləşdirilməsi üçün Azərbaycan türkləri təşkilatlanma və mübarizənin elmi, nəzəri, geosiyasi, hüquqi, ideoloji əsaslarının hazırlanması prosesini keçirməkdədir. Belə bir prosesi içinə alaraq, böyük tarixi ənənə, təcrübə və çağdaş geosiyasi əsaslar mövcud olsa da, hələ gənc olan bütöv Azərbaycan davasının nəzəri konseptual müstəvidən real-aktiv mübarizə müstəvisinə keçməsi üçün qarşımızda gerçəkləşdirilməsi vacib bir çox vəzifələr dayanır.
1. Milli və ərazi bütövlüyünə nail olmaq məqsədilə ümumdünya Azərbaycan türklərinin birgə mübarizəsinə nail olmaq üçün birləşdirici ümummilli ideyanın və hədəfin olmasına ehtiyac vardır. Bu ideya, bu hədəf bütöv Azərbaycandır. Bu baxımdan birinci əsas vəzifə Azərbaycan türk dövlətçiliyini Azərbaycanın bütün tarixi etnocoğrafik ərazisində bərqərar etmək məqsədi güdən bütöv Azərbaycan ideyasını və hərəkatını Azərbaycan türklərini öz ətrafında birləşdirən, dövlətçiliyimizin, istiqlalımızın gələcək təminatı üçün yeganə çıxış yolu olan ən çağdaş siyasi ümummilli hərəkat kimi ortalığa qoymaqdır.
2.İkinci vəzifə: Bütöv Azərbaycan ideyası və onun gerçəkləşdirilməsi istiqamətində aparılan milli-siyasi mübarizənin heç bir ölkəyə, dövlətə, xalqa qarşı yönəlmədiyini, yalnız öz tarixi-etnik torpaqlarımız üzərində dövlətçiliymiziё milli haqlarımızı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, bəşəri, insani dəyərləri əsas götürərək, dinc yolla bərqərar etdirmək olduğunu bütün dünyaya qəbul etdirmək və dünyanın dəstəyini qazanmaq lazımdır. Bu mübarizənin bir məqsədi var: Azərbaycan parçalanmışdır. O birləşməlidir.
Bütöv Azərbaycan hərəkatının və dövlətinin İranda yaşayan xalqlara qarşı yönəlmədiyini, indiki İran rejiminin bu xalqlara ( iran içində olan Bəllucistan, Türkmənistan və Xuzistan(Əhvaz)ərəbləri də parçalanmışdır) da müstəmləkəçilik və parçalanma gətirdiyini bildirmək və Azərbaycan- İran(Farsistan) sərhədləri müəyyənləşdikdən sonra İranla (Farsistanla) dinc, yanaşı yaşamağı və regionun inkişafı üçün birgə əməkdaşlıq etməyi hədəf alır.
Bu baxımdan bütöv Azərbaycan davası fanatizmin, terrorizmin, avtoritarizmin, fars kültür imperializminin və şovinizminin basqısı altında inləyən çoxmilltli İranın özünü, İran xalqlarının gələcəyini də xilas edəcəkdir. Və biz inanırıq ki, bu gerçəkliyi başa düşən İran xalqları Azərbaycnın istiqlal mübarizəsini dəstəkləyəcəkdir. Fars demokratik elitası yeni fars dövlətinin və demokratiyasının qurulması üçün zəmin ola biləcək Azərbaycan davasını düzgün anlayacaq, qiymətləndirəcək və dəstəkləyəcək.
Azərbaycanın bütövləşdirilməsi uğrunda aparılan milli hərəkat nəinki Azərbaycanda, bütün regionda- Qafqazda, Yaxın və Orta Şərqdə müsbət hadisələr və inkişaf yaradacaq mütərəqqi bir hərəkat olacaqdır. Belə ki:
1.Bölgədə mövcud potensial, tarixi, etnik problemləri həll edəcəkdir. Orta Şərqdə İranın iştirakı ilə yaradılmış balans süni balansdır. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Azərbaycanın Güneyi, 1881-ci ildə Akal müqaviləsi ilə Türkmənistanın Güneyi (İndiki Xorasan əyaləti) işğal edilmişdir. Müasir İranın Quzey əyaləti olan Güney Azərbaycan Türkiyə və Quzey Azərbaycanla, İranın Güneyində ərəb əhalisinin yaşadığı Xuzistan bölgəsi İraqla, kürdlər Quzey İraq kürdləri ilə Güney Şərqindəki bəlüclar Pakistanın Bəllucistan əyaləti ilə Quzey Şərqindəki türkmənlər Türkmənistan ilə qonşudur. İranda yaşayan bu etnik qrup və xalqlar İranla həmsərhəd olan qonşu dövlətlərlə eyni məzhəb, kültür, tarix və dil birliyinə malik olduqları üçün və əsrlərdir öz toplumlarına qovuşmaq uğrunda mübarizə apardıqları üçün İranın parçalanması qaçılmazdır. Bu baxımdan Pakistanla İran arasında istiqlaliyyət uğrunda mücadilə edən Bəllucistan problemi var, kürd problemi var. Fars körfəzinin keçid və boğazlarına nəzarətetmə uğrunda İran-İraq qarşıdurması var. Ərəblərin, bəllucların, kürdlərin, türkmənlərin milli problemləri həll edilmədiyindən, bu problemlər artıq partlaq verməkdədir. Bu baxımdan bütöv Azərbaycan uğrunda hərəkat bu bölgədə etnik problemin düzgün həll edilməsinə və təbii balansına imkan yaradacaqdır.
Bəşəriyyət milli haqq və milli dövlətlərin təsbiti, regional inteqrasiya prosesini keçərək qloballaşma dövrü olan XXI əsrə planetar sülh və demokratik cəmiyyət uğrunda mübarizə ilə daxil olmaqdadır. İran bu çağdaş mübarizənin qarşısını alacaq bir təhlükədir. NATO-nun Şərqə doğru genişlənməsinin, Avropanın bütövləşməsinin, Yaxın Şərqdə sülh probleminin əleyhinə olmaqla bərabər Rusiya və Ermənistan strateji tərəfdaşları ilə birgə nüvə silahı ilə də silahlanmaqdıdır. İran, İraq, Türkiyə, Azərbaycan, Misir, Əfqanıstan, İsrail, Türkmənistan ilə potensial və real gərgin münasibətlərin səbəbkarı kimi Yaxın və Orta Şərqin inkişafına və sabitliyinə mane olur.
2. Bütöv Azərbaycan bütün bu problemlərdən xilas olmağın yeganə təminatıdır. Bütöv Azərbaycan dövləti Avropa Birliyinin bir hissəsinə, üzvünə çevrilməklə Yaxın və Orta Şərqi terrorizm, fanatizm təhlükəsindən xilas edərək sivill açıq cəmiyyətin, demokratiyanın timsalı kimi Avropa, Asiya, Güney, Quzey, Qərb, Şərq yolları üstündə planetar sülh proqramının əsas iştirakçısı olacaqdır. Bu baxımdan hələlik İranla gündəm- iqtisadi mənafeləri ucbatından Güney Azərbaycan türklərinin milli haqlarının pozulmasına biganə qalan Avropa başa düşməlidir ki, onun strateji mənafeyi məhz bütöv Azərbaycan dövlətinin qurulması ilə təmin ediləcəkdir. Elə bu baxımdan da əsas vəzifələrdən biri Azərbaycanın bütünləşməsinin təkcə Azərbaycanın deyil, Şərq və Qərb sivilizasiyalarının dialoq və sintezinin əsasını qoymaqla, bütün dünyanın birləşməsinin tərkib hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb etdiyinin dünyaya çatdırılmasıdır.
3. Bütöv Azərbaycan, Türkiyə, Qafqaz, Volqa, Ural, Orta Asiya, Yaxın Şərq türkləri arasında təbii körpü olaraq türk dünyasının coğrafi və etnik-kültürəl birləşməsini təmin etməklə türk dünyasının rus imperiyası tərəfindən yaradılan tarixi problemlərini həll edəcəkdir. Bu proses nəticəsində Rusiya və İran Xəzərdən çəkiləcək, Xəzər bir türk dənizinə çevriləcəkdir. Bunu nəzərə almaqla, türk dünyası parçalanmış Azərbaycanın birləşməsini özünün əsas vəzifəsi hesab etməlidir. Azərbaycanın bütövləşməsi uğrunda mübarizə türk dünyasının bütövləşməsi uğrunda mübarizədir.
4. Bütöv Azərbaycanın mövcudluğu İslam dinini İran fanatizmindən şiəçilik donuna bürünmüş panfarsizmin modelindən, parçalanmadan,məzhəb qarşıdurmalarından xilas edərək dünyəvi cəmiyyətə, bəşəri İslama, əsl İslama qaytaracaq. Bu baxımdan islam dövlətlərinin təəssübkeşlərinin bütöv Azərbaycan uğrunda mübarizəni dəstəkləməsi üçün təbliğatın aparılması da əsas vəzifələrdəndir.
5. Bütöv Azərbaycan uğrunda mübarizənin 200 ildir davam etməsinə baxmayaraq, məqsədinin gerçəkləşdirilməsi istiqamətləri, taktikləri ətrafında bir-birinə zidd qütblü baxışlar, qruplaşmalar yaranmış və istər Azərbaycan Quzeyində, istərsə də Güneyində bu məsələyə birmənalı, ümummilli mövqe müəyyənləşməmiş, Quzey Azərbaycanın bu proseslərə milli mənafe və strategiyaya uyğun təsiretmə mexanizmləri yaradılmamışdır. Buna görə də hesab edirik ki, qarşıda duran əsas məsələlərdən biri də bütöv Azərbaycanın gerçəkləşdirilməsinin strateji yönümləri haqqında hər iki tərəfin birgə qəbul etdiyi ümummilli platforma və strategiya hazırlanmalı, hər iki tərəfin şərtlərinə uyğun taktika seçilməli, əlaqələndirilmiş fəaliyyət göstərilməlidir.
6. Bütün Azərbaycan türklərinin əsas vəzifələrindən biri də Güney Azərbaycanın probleminin İran prizmasından həlli mövqeyini doğuran paniranizm təfəkkürünə qarşı mübarizə aparmaqdır. Bu məqsədlə klassik pantürkizm ideyalarını çağdaş geosiyasi reallıqlarla uzlaşdırmaq yeni pantürkist konsepsiya yaratmaq vacibdir. Qeyd etməliyəm ki, Vahid İran milləti formalaşdırmaq məqsədilə yeridilən paniranizm adlı assimlyonçu, şovinist siyasət qarşısında məhv olmamaq üçün Azərbaycan türkləri panfarsizmə qarşı alternativ panturkizm cərəyanı yaratdılar ki, bu, klassik pantürkizm paniranizmdən imtina etmək əvəzinə, onun türk variantını ortalığa qoydu. Bu paradiqmanın əsasında min illər ərzində formalaşmış tarixi ənənə- İran cografiyası +Türk hakimiyyəti durur. Paniranizmin bu türk variantı içində formalaşmış iki cərəyan- paniranizmin «Vahid İran milləti» yaratmaq məqsədilə Azərbaycan türklərini qədim Arilər nəslinə mənsubluq tezisini inkar edən azərbaycanlıların türk olduğunu və İranda türklərlə farsların bərabər hüquqlara malik ayrı-ayrı millət halında yaşamanın vacibliyini irəli sürən liberal xətt və İran ərazisində türklərin aborigen, farsların gəlmə millət olduğunu və tarixən İran hakimiyyətində türklərin olduğunu və bu tarixi missiyanın, irsin yenidən reallaşdırılmasının vasibliyini irəli sürən radikal xətt Güney Azərbaycanın gələcək müqəddəratının təyininə təsir edəcək iki mövqe doğurmuşudur:
1. Liberal xətt-demokratik, federativ İranın subyekti olan Azərbaycanı müdafiə edirsə;
2. Radikal xətt- hakimiyətin türklərin əlində olması şərtilə unitar İran dövlətinin daxilində bütünləşmiş Azərbaycan ideyasını irəli sürürlər.
Hər iki mövqe nəticəsinə görə bütöv Azərbaycanın mövcudluğuna maneə və zərbədir. Yeni pantürkist konsepsiya Azərbaycan türklərinin milli müqəddəratını İranla(Farsistanla) bağlayan bütün siyasi mövqe və fikirləri rədd edir. Müstəqil suveren, bütöv Azərbaycan dövlətinin qurulmasını əsas hədəf elan edir. Məhz buna görə də əsas vəzifələrdən biri də gələcəkdə Güney Azərbaycana İran daxilində təklif ediləcək hər hansı siyasi statusdan imtina etmənin vacibliyini əsaslandıran maariflənmə işi aparılmalıdır.
Azərbaycan türkləri İrandan (Farsistandan) tamamilə ayrı müstəqil, bütöv Azərbaycan qurmaq istədiyindən Azərbaycanın bir hissəsinin İranın subyekti olmasını qəbul edə bilməz. İndiki Azərbaycanın mənafeyi əski səfəvilər kimi İran hakimiyyətinə və ərazisinə sahib bir dövlət qurmaqdan vaz keçməyi tələb edir. Yeni bütöv Azərbaycan dövlətçilik təfəkkürü yalnız tarixi etnik torpaqlarımız üzərində bütöv, unitar Azərbaycan dövləti qurmaq düşüncəsi tələb edir. İrandan ötrü Azərbaycan xalqının dostu olan Türkiyə, İraq, İsrail və ABŞ-la vuruşub qan tökmək daha Azərbaycan türklərinin vəzifəsi deyil. Artıq tarix çoxdan sübut edib ki, farslar və türklər bir dövlətin tərkibində yaşaya bilməzlər. Məhz buna görə də qarşıda duran əsas vəzifələrdən biri də Güney Azərbaycanın mövcudluğu üçün əsas şərt olan irandan ( Farsistan) tamamilə ayrı, müstəqil Güney Azərbaycan dövlətini müdafiə edən istiqlalçı qüvvələrin hərtərəfli dəstəklənməsidir. Biz bütün dünyanı buna çağırırıq. Bu, Azərbaycan türklərinin iki yüz ildir nail olmaq istədiyi ən müqəddəs idealdır. Biz hesab edirik ki, bu mübarizəmizdə dünya xalqları, BMT bizə yardımçı və dəstəkçi olacaqdır. Azərbaycanın birləşməsi ilə dünya bölünmüş xalqlar probleminin birindən xilas olacaqdır. Bölünmüş xalqlar probleminin həlli dünyaya ancaq müsbət inkişaf gətirər. Əgər Almaniyanın birləşməsi Avropanın bütünləşməsinə səbəb oldusa, Azərbaycanın birləşməsi Avropa ilə Asiyanın, Şərqlə Qərbin bütünləşməsinə səbəb olacaqdır.
Yasəmən Qaraqoyunlu