Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur (APA).
“Qardaş Türkiyədə olmağımdan məmnunam. Bu ilin əvvəlində Türkiyədə dövlət səfərində idim. Gələn ay aprelin 24-də isə Çanaqqala zəfərini qeyd edəcəyik”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda Trans Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) təməlqoyma mərasimində söyləyib.
Prezident İlham Əliyev deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: “Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək”.
Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: “Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Bu ölkələrin tarixi, mədəniyyəti fərqidir. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir”.
Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələrin bu layihədən mənfəət əldə etməsi əsas amildir: “Maraqlar balansı yarananda uğura nail ola bilərik. Keçən ay Bakıda Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının iclasını keçirdik, Məşvərət Şurasında Avropa Birliyi və ABŞ rəsmiləri də iştirak ediblər. Qarşılıqlı inam işləri sürətləndirəcək. Biz bir-birimizə daha çox inanmalıyıq. Azərbaycan təcrübəsi olan ölkə kimi öz xidmətlərini göstərəcək. Bizim Türkiyə və Gürcüstanla birgə irəli sürdüyümüz bütün layihələr uğurla nəticələnib. İnanıram ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP uğurla icra olunacaq”.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: “Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, “Şahdəniz” qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq”.
İnterpress.az