Berlində xəstələrini öldürən həkim ömürlük həbs cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Almaniyanın paytaxtı Berlin şəhərində məhkəmə palliativ tibb həkimi Yohannes M.-ni 15 ağır xəstəni qətlə yetirməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.
Təxminən bir il davam edən məhkəmə araşdırmasından sonra onun 12 qadın və 3 kişini öldürdüyü sübuta yetirilib.
Prokurorluğun ittihamına görə, həkim 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər evlərə etdiyi vizitlər zamanı heç bir tibbi zərurət olmadan və xəstələrin xəbəri olmadan onlara ölümcül dərman qarışığı yeridib.
Həyatını itirən xəstələrin ən gəncinin 25, ən yaşlısının isə 94 yaşı olub.
Yohannes M. məhkəmənin sonunda 15 qətldən 12-ni etiraf edərək, xəstələri əzablardan qurtardığına özünü inandırdığını bildirib.
Hazırda prokurorluq daha 76 şübhəli ölüm faktını araşdırır və həkimə qarşı yeni ittihamların irəli sürüləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






