Məktəbli qızın döyülməsindən sonra müəllimlər küçələrdə patrul etməyə məcbur edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Voronej vilayətinin Rossoş şəhərində məktəbli qızın döyülməsi ilə bağlı görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müəllimlərə axşam saatlarında küçələrdə patrul aparmaq tapşırılıb.
Bildirilib ki, müəllimlər cümə günündən bazar gününədək saat 18:00-dan 22:00-dək şəhərin küçələrində növbə çəkməlidirlər. Qərar təhsil sistemi rəhbərliyi tərəfindən qəbul edilib.
Hadisə zamanı bir məktəbli qız keçmiş rəfiqəsini döyüb. Digər yeniyetmələr isə baş verənləri mobil telefonla çəkiblər.
Polis hadisə yerinə gəldikdən sonra insident parkdan 11 saylı liseyin həyətinə keçib.
Döyülən məktəblinin ağır beyin silkələnməsi aldığı bildirilir. Hadisə ilə bağlı yeniyetmə qıza qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, müəllimlərə patrul zamanı özünümüdafiə vasitələri verilməyib, əlavə iş saatlarına görə ödəniş nəzərdə tutulmayıb və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülməyib.
Patrul xidməti müəllimlərin vəzifə öhdəliklərinə daxil olmasa da, onların rəhbərlik tərəfindən cəzalandırılmaq ehtimalından ehtiyat edərək bu tapşırığı yerinə yetirdikləri bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






