Mən yenə gecikdim ( II hissə )backend

Mən yenə gecikdim ( II hissə )

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yazını Yardımlı yolunda avtomobil qəzasında həyatını itirən bütün insanlara həsr edirəm.

Məğlubedilməzləri yuxu məğlub edər.

Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu olur.

Mən yuxulu idim, mürgü döyürdüm, azca ayılır və təkrar yuxuya gedirdim. Uçurumların üstündə, sərt dolanbac yollarda dağ keçiləri tək özümü tam arxayın hiss edirəm, arxayınlıq özümün bacarığımdan daha çox dağların etibarına güvəncdən irəli gəlir. Yenə Könülün səsini eşidirəm: “O şərfi qoy onun başının altına, sonra boynu ağrıyacaq. İlahə, eşidirsən, şərfi götür, oradadır”.
Mən ön oturacaqdaydım. Kəmərimi bağlamışdım. Xatırlayıram ki, şərf ortada, oturacağın üstündə olmalı idi, “bəlkə də İlahənin altında qalıb”, – deyə düşündüm… “Yəqin, başım çox yana əyilib”, – mürgülü halda vəziyyətimdən utandım. Bizdə adət belədir, yanımızda bacı varsa, həyat yoldaşı qayğısını açıq göstərə bilməz. Bu, qəribə tərzdə mənə xoş gələn hissdir, bəlkə də bu hissləri yaşadıqca üzümdə bir təbəssüm də yaranmışdı. Xoş bir yuxu görürmüş kimi.

Maşında “Gecə yolçuları”nın CD-si fırlanırdı, hələ Bakıdan gedəndə gecə qoymuşdum, geriyə qayıdanda dəyişməyə tənbəllik etdim, sadəcə səsini çox azaltmışdım. Güclə eşidiləcək tərzdə bir söz təkrarlanırdı: “Aff edeceksenmi meni?”

Bu an hiss etdim ki, maşının sürəti artdı. Başımı dikəltdim, maşın yoldan çıxmışdı. Yol qırağında olan ağacların budaqları şüşələrə çırpıldı. Əlimi tez sükana atdım ki, yola çəkim. “Rafiq kişi, nə edirsən?” – deyə qışqırdım. O, yuxudan dik atıldı, nəsə oldu, maşın daha sürətlə irəli götürüldü. Qarşıda torpaq topası var idi, maşının orda ilişib dayanacağına ümid etdim. Amma əksinə oldu, maşın daha da çox sürət yığdı. Torpaq topasına dəyib hündürə tullandı və dərhal sağ çiyin üstə yana aşdı. Səs səsə qarışmışdı: “Vay dədə”, “Vay Allah”, “Ay ana…” Qızların səsi, bizim səsimiz gur bir uğultunun içində batır və yalnız həmin o gur bir uğultu eşidilir. Maşın bir, ya iki dəfə çevrildi. Bu an nəyəsə çırpıldıq. Mənə elə gəldi ki, biz hansısa ağaca dəydik. Düşündüm ki, artıq bura son duraqdır, burda dayansa, demək, salamat qurtara biləcəyik. Amma… deyəsən, ağac maşının zərbəsinə və ağırlığına dözmədi, tavandan asılan çilçıraq kimi yerindən qopdu, sürətlə diyirlənməyə başladı. O zaman artıq ağlım, şüurum, bədənim üzərindəki nəzarətim (?), hissiyyatım tam itdi. Elə bil çəkim, ağırlığım qeyb oldu, quru, içi boş bir kötük parçasına çevrildim.

Həmin an öldüyümü zənn etdim.

Ağlımdan heç nə keçmədi, həyatımın kino lenti də işə düşmədi. Sadəcə böyük bir gurultu ilə maşının necə diyirləndiyini və sonradan harasa zərblə çırpıldığını duydum. Səslər tam kəsildi, qulaqların heç çıqqıltı eşidə bilməyəcəyi bir sükut çökdü. Dünya cansız, səssiz, rəngsiz bir yoxluğa çevrildi.
Ölüm belə olurmuş demək. Bu qədər sakit, heç nə hiss etmədən, əzab çəkmədən, mübarizə aparmadan…

Üstündən nə qədər keçdi, bilmirəm, gördüm ki, lap uzaqdan bir işıq gəlir, maşının sınan pəncərəsinin bu işığı, gözlərimi qamaşdırdı, bir neçə dəfə gözlərimi açıb-yumdum. Ani olaraq nə baş verdiyini anlamağa çalışdım. Əllərim dərhal hərəkətə gəldi, sürücü tərəfdən arxa oturacağın pəncərəsinə tərəf dartındım. Tora düşən balıq kimi xilas olmaq üçün dərhal bütün bədənim toparlandı. Əslində, elə bil suda boğulmuşdum, nəfəsim yox olmuşdu, birdən su üzünə qalxdım və ciyərlərimə hava doldu. “Demək, ölməmişəm”. Öz-özümə “tez, tez, tez” deyib arxa qapının şüşə yerindən sürünüb bayıra çıxdım. Bir az da irəli iməklədim, iməklədikcə, hərəkət etdikcə daxildəki bir göz bədənimi rentgen edir, bütün əzalarımı dolanıb əzikləri təxmin etməyə çalışırdı. Hələ də heç nə hiss etmirdim, səsləri ayırd edə, amma seçə bilmirdim.. Özümü hava boşluğunda hiss edirdim. Qarşımda qara paltarlı bir nəfəri gördüm, ağzı üstə yerə düşmüşdü. “Bu kimdir? Bu kimdir?” – deyə öncə sakit səslə, sonra ucadan soruşdum, bu zaman öz səsimi eşitdim və ümumən, səsləri eşitməyə başladım. Cavab gəlmədi. Ona yaxınlaşıb əlimlə toxundum, silkələdim, heç bir reaksiya olmadı, kürəyindən yapışıb özümə tərəf çevirdim.
Bu Könül idi.

“Könül, bu sənsən, Könül! Niyə, Könül! Vay, vay, vay, Könül! Niyə belə oldu?!”

Bu niyə belə olmuşdu? Görünür, onu maşın atmışdı, ya ilk zərbədə, ya da ikinci zərbədə. Əslində, sürücünün arxasında oturduğuna görə onun irəli şüşədən çıxması heç ağlasığan deyil, o ən təhlükəsiz yerdə oturmuşdu. Bəlkə, özünü tullamağa cəhd etmişdi və alınmamışdı – qapını açır, tullanmaq istəyir, maşının aşma sürəti onun tullanma sürətindən üstün olduğu üçün sadəcə o yerə düşür və sərt yamac boyu yuvarlanmağa başlayır. Hər halda, o yuvarlanmışdı, maşından əvvəl, bizdən əvvəl bu çay yatağına o gəlmişdi.
Mən yenə gecikmişdim…

Kim nədən qorxur, başına o gəlir

O, hündürlükdən qorxurdu, buna görə təyyarəyə minməzdi. Rayona, harasa dağlara gedəndə isə maşını mənim idarə etməyimi tərcih edərdi. “İncimə, yalnız sən sürdüyün maşında özümü rahat hiss edirəm”. Hələ gedəndə, Masallıdan Yardımlı ərazisinə keçəndə: “Bəlkə sən özün sürəsən”, – məsləhət etmişdi, mən də sürücüdən soruşdum, o isə: “Yox, narahat olmayın”, – demişdi.

Hansı hissəsinə toxundumsa, hərəkətsiz gördüm, əlləri, ayaqları, bədəndə hey qalmamışdı.
Paltarları bədəninə elə dolanmışdı, elə bil uşaq bələmişdilər. Qara kostyumu sanki sarmaşıq budaqlarıydı, xəzan qarışıq üstünə hörülmüşdü.

İstədim qollarıma alım, gücüm çatmadı, elə bil qollarımın bağları qırılmışdı. Gücüm yalnız başına çatdı, başını dizimə qoydum.
– Yox, Könül, belə olmaz! Bir necə dəfə onu səslədim.Könül, mənə bax, Könül!
Könül mənə baxdı, sonra nəsə demək istədi, ya bəlkə dişlərinin arasından çıxan son nəfəsiydi. “Tsss, ss”.
Tengizmi dedin, Könül, Sevincmi ya nə dedin?!

– Könül, etmə, etmə!

Həyəcanlı, sözlü, bir az da anlaşılmaz baxışları qəfil yox oldu. Gözləri çevrildi. Bəbəklərində lopa buludlar, ağac budaqlarının əksi göründü.

Özümdən asılı olmayaraq əllərimlə gözlərini qapadım. Elə toxunmağa bənd idi: dərhal qapaqlar düşdü.
Başının altını rahatlayıram. Az əvvəl qırmızılığına görə kimlərinsə yeməyinə zəhər qatan gödəkcəmi çıxarıb Könülün üstünə sərirəm.

İnsan öləndə gözlər elə asan qapanır ki, sadə bir mexanizm kimi. Bir dəfə əsgər yoldaşımın gözünü belə qapatmışdım. Ağzı açıq qalmasın deyə dəsmalla çənəsini də sarımışdım. Bilmirəm bu bilgi hardan idi, amma bilirdim ki, göz, ağız və qulaq mütləq qapanmalıdır.
Maşından bir-bir çıxırlar, bacımın içəridən səsi gəldi, “ona kömək edin”, – dedim.
Mənə elə gəlir ki, ağlım yerindədir, amma eyni zamanda nə etmək lazım olduğunu tam dərk etmirəm. Bircə onu bilirəm ki, maşından uzaqlaşmaq lazımdır. Özü də mümkün qədər tez.
Ətrafa baxıram, hər tərəf çıxılmazlıq, elə bil quyunun dibinə düşmüşük. Yalnız bir istiqamətə çıxış mümkündür, o da maşının üstündən.

Kömək üçün qışqırıram, amma kimsə yox. Avtomobil yolundan maşınlar keçir. Səsim ora yetməz. Nə qədər hay-haray salsam, bağırsam da, cavab yox.
Bəlkə, heç səsim çıxmır. Ya öz səsimi eşitmirəm. Ətrafımdakı səsləri ki, yaxşı eşidirəm. Bacım maşından çıxdı, o sonuncu idi. Təlaşla, çaşqın halda suallar yağdırır: “Biz hardayıq, bura haradır? Könül harda? Ay qız, Könül harda?”

Nəhayət, özümü toparlayıb avtomobil yoluna tərəf qalxıram. Bəzi yerlər dik olduğundan əllərimlə dırmaşıram. Əl edirəm, haray salıram, anlaşılmaz hərəkətlər edirəm, bir daş axtarıram ki, ötüb keçən maşınlara atım… amma məni görmürlər.
Axı məntiqlə məni görməli idilər. Bu an bir nəfər qəza yerinə tərəf gedir. Onun qarşısına keçirəm, amma yoxammış kimi mənə heç bir reaksiya vermir.
Varlığıma şübhə yaranır. “Mən olmaya bilərəmmi? Bəs ölən Könül?” Məntiqsiz, dolaşıq, səfeh fikirlər ağlımdan keçir. “O ölənmidir, ya qalanmı? Mən kimlərin yanındayam, ölənlərin, ya qalanların? Əgər yanımdan adam məni görmədən keçirsə, demək, sağ deyiləm. Bəs aşağıda, maşın altından çıxanlar necə, onların həyat uğrunda mübarizəsi sadəcə görüntüdürmü? Bəlkə, onlar canlı deyillər, elə sağ qalan Könüldür? Bəlkə, mən özüm də ölmüşəm?”
Sağ tərəfdə, yolun alt yamacında yay evləri görünür. Daha əvvəllər burda olmuşam, burda gecə yarısına kimi şam etmişik – o zaman burda Aynur, Anar, Dilavər var idi. Arxaya baxıram, bəli, bax bu taxta evin aynabəndində oturmuşuq. Hətta birlikdə oturduğumuz adamlar yadımda.
Bəs onda məni bu adam necə görməyə bilərdi; üz-gözüm qan, paltarlarım bulaşıq, belə tör-töküntü olduğum halda.
Yardım istəmək hissi çox dəhşətli olur, sən hiss etməsən belə, səsin batır, kəlmələr dolaşır, ağlın çaşır, yardıma ehtiyacını sözlə ifadə edə bilmirsən, onda adam sadəcə yerə düşüb çapalamaq istəyir.

Üstümə baxıram: əynimdə paltarlar, sifətimdə ağrılar əmələ gəlib, sol qolum çətinliklə hərəkət edir… Demək, mən mövcudam, mən sağam.
Çarəsizliyin məğlubiyyəti yazıqlıqdır. Mən təhqirlərə, iradlara, tənqidlərə, cəhalətə – hamısına məğlub olmuşdum. İnsanlar məni görmürdülər, çünki görünməz haldaydım, üstümə yeriyən, həyatı boyu məni tapdalamağa çalışanlar, varlığımı inkar edənlər, halal haqqımı belə özlərinə çıxanlar haqq qazanmışdı. Onlar yenə haqlıydı. Yenə yolumdan mən çıxmışdım. Yenə ölümlə mən üz-üzə gəlmişdim. Yenə itki mən vermişdim. Təpədən bir təsadüf daş çıxsaydı o da mənim başıma gələcəkdi. Bax indi əslində, bu məqamda arzu etdiyim yeganə bir şey o daş idi. Mənim başımın ona böyük ehtiyacı var idi. Yazıqlıq əslində bax budur.

Yoldan gələn daha bir adamı gördüm, qarşısına keçdim, “ay insan, sən məni görmürsən?” – deyə qışqırdım.
– Nə olub, nə lazımdır?
– Zəng et, yardım et!
– Telefon nömrəsini ver.
Heç bir nömrə yadımda deyildi. Yadımda bir nömrə belə qalmamışdı. Bir müddətdən sonra Sabirin nömrəsini xatırladım. Ona zəng etmədim. Elçinin nömrəsi də bənzər olduğundan onu yığdım.

***

Əziz dostlar, oxucular,

Bilirəm ki bu yazılanları oxumaq heç kimə xoş deyil, bilin ki, bunları yazmaq ondan da ağırdır. Sadəcə bir məsələni bilmənizi istərəm, əgər o yolların kənarında maneə olsaydı, kəmərlər asılsaydı, dirəklər basdırılsaydı, heç zaman belə hadisə baş verməzdi.
Yardımlı-Masallı yolunda ildə bir neçə belə hadisə olur, o yallarda düşən elə bir maşın yoxdur ki, ölümlə nəticələnməsin. Bizim hadisədən də daha ağrılı, faciəli hadisə yaşayanlar olub. Qış vaxtı düşüblər, görən olmayıb, soyuqdan ölüblər, qarnında körpəsiylə həyatını itirənlər var.
Mən 11 fevralda və ondan sonrakı günlərdə yaşantılarımı qeyd etməkdə davam edirəm. Amma nəşrini bu yerdə saxlayıram.
Yardımlıdan olan ağsaqqallarla danışıqlara başlamışıq. Yardım toplamaq, ya büdcədən əlavə vəsait ayrılması, yaxud camaatı səfərbər etməklə o yolun təhlükəsizləşməsinə çalışacam. Bu mövzuda kimin nə ideyası olarsa, lütfən paylaşsın.