\”Bələdiyyənin öz səlahiyyəti var, indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə görülən işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, bələdiyyənin bilavasitə işidir”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır. Soruşuram ki, bu qanunsuz binalar haradan meydana gəlib, heç kim bilmir. Bu, mümkün deyil. Bu yanğın da bu mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır. Gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün Dövlət Komissiyasının üzvləri mənə konkret təkliflər versin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Əgər bundan sonra bu olacaqsa, nəinki işdən çıxaracam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ictimaiyyəti hər şeyi bilir: “Heç kim qanundan kənar qala bilməz, bir nəfər belə toxunulmaz deyil”.
Dövlət başçısı çıxışının sonunda xəbərdarlıq edib: “Bu gün bir daha bütün dövlət məmurlarına, dövlət qurumlarında çalışanlara xəbərdarlıq edirəm. Qanuna hər kəs əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. Bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcək, ədalət bərpa ediləcək”.