20 yanvar şəhidi: Sağ qolun sahibi qəhrəman Yusif – FOTOLARbackend

20 yanvar şəhidi: Sağ qolun sahibi qəhrəman Yusif – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 Yanvar… Bu gecəni  yada salanda vücudum lərzəyə gəlir. Qələm içimdəki qəzəbi və ehtirası istədiyim şəkildə yazıya çevirə bilmir.

Gözümlə gördüyüm dəhşətləri sözlə ifadə edə bilmirəm, dərdin ağırlığından… 1990-cı ilin qışında, yanvarın 19-dan 20-нə keçən gecə Şərqin astanasında yerləşən  qədim Odlar Yurdunda vəhşi bir qəddarlıqla xalqımıza  tutulan  divandan Azərbaycan dəhşətə gəlmişdi. Sovet İttifaqının ordusu Bakıda misli görünməmiş qırğın törətdi, qan su yerinə axdı. Həmin gecə azadlıq uğrunda canlarını  qurban verən şəhidlərimiz ölümləri ilə  ölməzliyə qovuşdular. 20 yanvar gecəsində xalqımızın əliyalın, silahsız övladları qəfil güllələrə tuş gəldi, tanklar altına atıldı. Belə gənclərdən biri də ..Yusif idi. O Yusif ki, ömrü bütün yaşıdlarına nümunə idi. O Yusif  ki, birinci sinifdən  sonuncu sinifəcən əlaçı oxumuşdu, orta  məktəbi qızıl medalla bitirmişdi.

Yusif Sadıqov 1964-cü ildə  yanvarın 20-də ustad aşıq Ələsgər yurdunda-qədim  Göyçə  mahalının Cil kəndində  anadan olmuşdur. Bu yurdun ab-havası Yusifi şair qəlbli, təbiət vurğunlu böyütmüşdü. Zahirən  sakit, əslində qaynar, coşğun təbiətli idi Yusif. Sakit təbiəti riyaziyyata bağladı Yusifi. Güclü məntiqi, iti yaddaşı olan Yusifi hələ orta məktəbdə hamı riyaziyyatçı kimi tanıyırdı. O, dəfələrlə respublika olimpiadalarında iştirak edib birincilik  qazanmışdı. Orta məktəbi 1981-ci ildə qızıl medalla qurtarıb M.Ə.Rəsulzadə adına BDU-nun mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Oxuduğu illərdə dəfələrlə Moskvada, Vilnüsdə universitetin mexanika-riyaziyyat  fakültəsini təmsil etmiş,  riyaziyyat olimpiadalarında qalib olmuş, I dərəcəli diplomla vətənə qayıtmışdı. Üniversiteti 1986-cı ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Öz istedadı, qabiliyyəti ilə seçilən bu gənc 1988-ci ildə Azərbaycan SSR EA -nın Riyaziyyat – mexanika İnstitutuna,   aspiranturaya daxil olmuşdur. Aspirant olduğu iki il ərzində minimumlarını əla qiymətlərlə vermiş, işini başa çatdırmış, dəfələrlə aspirantların Respublika  konfransında, institutda seminarlarda çıxış etmiş və istedadı ilə tanınmışdır. İnstitutun  əməkdaşları Yusifin şəxsində gələcəyin böyük alimini görürdülər.

Yusif hərtərəfli gənc idi: oxumaqdan yorulmazdı, acgözlüklə Azərbaycan tarixini, dünya ədəbiyyatını, dilçiliyi oxuyardı. Riyaziyyatdan yorulanda bunlarla məşğul olardı. Yusifin gözünün dərinliklərində dünyadan bir narazılıq, bir həsrətlik duyulurdu. Vətən həsrətini çəkirdi, hərdən səsini zilə qaldırıb “duman salamat qal, dağ salamat qal” mahnısını yana-yana oxuyardı. Ata isə “səsinə qurban”- deyə oğul boyu qucaqlayardı. Yusifin hərdən şeir yazmağı da vardı. Sanki öz taleyini bir şerində belə qələmə almışdır:

Ürəyim tələsdi bir od almağa,

Yenə iqbal məni atdı uzağa,

Səhər saçlarıma qar yağa-yağa

Gözümdə oynayan boranı gördüm.

Girdi qılığıma əsən küləklər 

Bilirsən söylədi hər səhər nələr

Dedi qayıtmazdı bir də o illər

Əlləri  qoynunda duranı gördüm.

Dəyişdi bilmədim gecə-gündüz də

Tənha mürgülədim həsrət düzündə

Quruyan çayların şehli gözündə

Alışıb odlara yananı gördüm.

Ah, o gecə … müdhiş gecədə Yusif də getmişdi, ata-ana yatandan sonra kazarmanın qabağına . Yanvarın 21-i ad günü idi. (Deyirdi ki, belə vaxtda ad günü keçirmək olar…sərhədlərdə insan qanı tökülür, insanlar girov götürülür.) Ad günündə Yusif evdə yox idi, hamı axtarırdı Yusifi. O, evdən saat 12 radələrində, ilk güllə səsindən,tank uğultusundan oyanıb çıxmışdır. Yalın əllərlə tankın qarşısını kəsməyin, düşməni susdurmağın qeyri mümkün olduğunu bilirdi və bunu bilə-bilə gedirdi.  Ürəyi vətən sevgisi ilə coşan  bu gənc tankın üstünə getmirdi, tankın altında əzilənlərin, al qanı küçələri boyayan günahsız yurtdaşlarının köməyinə tələsirdi… yaralıları xəstəxanaya çatdırmağı, ölüm ayağında olanlara qan veməyə gedirdi… onda olan kamillik, vicdanının səsi qoymazdı evdə qalsın. Çıxdı… çıxdı və sağ əlinin daşlaşmış yumruğu ilə yamanlığın gözünü tökməyə getdi, geri qayıtmadı. İndi həmin əlin, həmin qolun, həmin yumruğun təpəri minlərin, milyonların əlinə, qoluna, yumruğuna keçib yamanlığın başı üzərində meydan oxuyur.

Mən yel kimi əsəcəyəm…

Sağ əlimlə yaman yamanlığın

Damarını kəsəcəyəm…

Yusif evə qayıtmamışdı. Ata, qardaş – hamı onu axtarırdılar, lakin tapa bilmədilər. Yusifdən soraq yox idi…Ucaboylu, dağgövdəli Yusifə nə olmuşdu…

Heç kim dilinə gətirə bilmirdi Yusifin ölümünü. Danışan-gülən, boylu-buxunlu, qamətli Yusifin 26 yaşı tamam olduğu bir gündə… Şəhid harayı hər yeri bürüdü:

Yaralıyam, dindirməyin,

Alışmışam, söndürməyin.

Nakam qaldı arzularım

Günahsızam, öldürməyin.

Yanvarın 20-si səhər açıldığına, günəş doğduğuna xəcalət çəkirdi. Təkcə ay gözə dəymirdi, o gecə işıqları keçmiş küçələrin şahidi ay… Yusifin təkcə sağ qolu tapıldı, bir də papağı. Özündən qoyduğu nişanələr….Qoy düşmənin zülmü hamıya belə çatsın….

O gün Bakıda bütün gül bağlarının qətl günüydü. Qərənfillər şəhidliyi könüllü seçmişdilər. Azərbaycanda qara bayraqlar asılan gün qırmızı rəngdə ancaq qərənfillər idi. Qəribə idi… gecə küçələrə səpilmiş o qərənfillər. Al qanlarla həmahəng olan, ana nalələrin simvolu olan o qərənfillər…

Saf təbiətli, zəngin mənəviyyatlı bir gənc idi Yusif. Onun  nəcibliyi, xeyirxahlığı, yüksək mənəvi keyfiyyətləri hər bir qəlbdə silinməz iz qoymuşdu. Universitet müəllimləri, tələbə yoldaşları, qohumları ürək ağrısı ilə danışırlar, ağıllarına gətirə bilmirlər ki, belə gəncə qıya bilərlər. Elə təsəvvür edirlər ki, sanki qapı açılacaq, Yusif gələcək. Ancaq…

Sizin polad qolunuza,

Sizin cavan canınıza

Hansı qatil, hansı cəllad

Qıydı deyin, ər oğullar.

Şəhidlər Xiyabanında üstünə Yusif Allahverdi oğlu Sadıqov (1964,20 yanvar) adı yazılmış bir məzar da var. O da digər məslək qardaşları kimi  Şəhidlər Xiyabanında uyuyur. Hər gün yüzlərlə vətən övladı  həmin  məzarın üstünə gül dəstəsi qoyub, önündə baş əyir. Bir də bu məzarın önündən oğul dərdi daşıyan bir ata, bir ana, bacı-qardaşı keçir. Bir də Yusifi qəlbində bir qəhrəman kimi yaşadanlar…

Şənbə gecəsinin şəhidlərinin  cəsarət və qəhrəmanlığını  bizə azadlığın  yolunu göstərdi. Əli yalın da olsalar Bakı şəhərində  tankla şütüyən düşmənlərə dərs verdilər. Dərs verdilər ki, bu torpağın belə qəhrəmanları var. Dünənə  qədər hər gün rast gəldiyimiz, milyonlardan biri kimi tanınan bu gənclər bir gecədə öz ölümləri ilə qələbə qazandılar. Bu qələbə bizə azadlıq yolunu göstərdi. Şənbə gecəsi onların adilikdən qeyri-adiliyə addım gecələri oldu. Ancaq  azadlıq eşqiylə küçələrə atılan mərd mübarizlərimiz öz ölümləri ilə təsdiq etdilər ki, bu millətin mübarizə əzmini tanklarla, toplarla, güllələrlə heç kim qıra bilməyəcək.

Müəllif: Filologoya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli – Qəribova