2020-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində 44 yeni mühüm əhəmiyyətli obyekt istifadəyə verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Fəaliyyətə başlayan obyektlərin əksəriyyətini tibb müəssisələri təşkil edib. Ölkədə səkkiz ay ərzində 10-dan çox tibbi müəssisə fəaliyyətə başlayıb.
Belə ki, müvafiq dövrdə “Yeni klinika”, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, modul tipli xəstəxana, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, Naxçıvan Muxtar Respublikasında iki ambulatoriya-poliklinika müəssisəsi, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, İsmayıllı rayonunda modul tipli xəstəxana, Şəki şəhərində modul tipli xəstəxana, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Bu dövr ərzində üç böyük mərkəz fəaliyyətə başlayıb ki, bura 3 saylı DOST mərkəzi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi daxildir.
Həmçinin pandemiya ilə əlaqədar profilaktik tədbirlərin həyata keçirilməsinə yönəlmiş istehsal müəssisələri də istismara verilib. Bu müəssisələrə Sumqayıt şəhərində iki tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi daxildir. Eyni zamanda, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, dənli bitki toxumlarının emalı zavodu, Qazax rayonunda əhəng zavodu fəaliyyətə başlayıb.
Digər tərəfdən altı yeni mühüm kompleks fəaliyyətə başlayıb. Bura Aqrar Sənaye Kompleksi, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda “Asan Həyat” kompleksi, Tərtər rayonunda Olimpiya İdman Kompleksi aiddir.
Tədrisə yönəlmiş iki yeni müəssisə – Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu fəaliyyətə başlayıb.
Müvafiq dövrdə beş muzey və mədəniyyət evi istifadəyə verilib. Bura Dövlət Rəmzləri Muzeyi, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, S.Bəhlulzadə adına Mədəniyyət Evi daxildir.
Ağstafa və Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları və s. mühüm əhəmiyyətli obyektlər də müvafiq dövrdə istifadəyə verilib.
İnterpress.az