3 ayda sanksiyalar Rusiyaya necə təsir edib?backend

3 ayda sanksiyalar Rusiyaya necə təsir edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın sonunda Ukraynaya hücum edən Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Bəs, bu sanksiyalar Rusiya iqtisadiyyatına necə təsir göstərir?

“Financial Times” qəzeti yazır ki, Qərbin Kremli təcridetmə siyasəti küçələrdə gözəgörünən dəyişikliyə səbəb olmayıb, ancaq gərilmə əlamətləri görünməkdədir.

Fevralda Moskvada yeni iş axtarmağa başlayan 46 yaşlı Nataliya Klyuyeva qəzetə deyib ki, 20 illik yüksək səviyyəli satış təcrübəsi müharibənin transformasiyaya uğratdığı korporativ dünyada əhəmiyyətini itirməyə başlayıb.

“Tələb yoxdur. Səmimi desəm, qorxuram. İki uşağım, ödənməmiş kreditlərim, yarımçıq tikinti işim var… Amma səfeh kimi evdə oturub borş bişirirəm”, – o deyib.

Sanksiyalardan dolayı xeyli sayda xarici korporasiya Rusiyadan gedib. Ancaq qəzet yazır ki, işçilərin böyük hissəsinin dövlət işində çalışdığını, son vaxtlar pensiya və maaşların artdığını nəzərə alanda rusiyalıların həyatında böyük dəyişiklik baş verməyib. İşsizlik 4 faiz civarında qalır, pandemiya dövründəki artım yaşanmayıb. Apreldə 17.8 faizə yüksələn inflyasiya isə səngiməkdədir.

Paytaxt Moskvada yaşayan iqtisadçı, akademik Tatyana Mixaylova ərzağın bahalandığını, amma ümumilikdə çox şeyin dəyişmədiyini təsdiqləyir.

Ancaq “Financial Times” sanksiyaların təsirinin tədricən hiss olunduğunu qeyd edir. Birincisi iş yerlərinin azalmasıdır. Müharibədən öncəylə müqayisədə apreldə reklam olunan iş yerlərinin sayı 28 faiz azalıb.

İqtisadçılar iş yerlərinin getdikcə azalacağını proqnozlaşdırırlar. Martın əvvəlində ödənişsiz məzuniyyətə buraxılanların sayı 44 min idisə, mayın ortasında 138 minə qalxıb. Yarımştat çalışanların sayında da artım var.

Daha bir dəyişiklik Rusiyada ticarət mərkəzlərində xarici brend mağazaların bağlanması və icarə yerlərinin artmasıdır. İndi Moskvada mağazaların 15-20 faizinin bağlandığı bildirilir. İlin sonunadək Moskvada ofis yerlərinin 20 faizini boşalacaq.

Rusiyada idxal olunan ehtiyat hissələrin qıtlığının getdikcə hiss olunduğu bildirilir. Qərb təchizatçıları Rusiya ilə əməkdaşlığı dayandırıblar.

İdxal mallarının azalması istehlakçılara təsir göstərir. 2021-ci ildə Rusiya bazarında idxal olunan pivənin payı 40 faiz, yaxud 370 milyon litr idi, indi isə mağaza rəfləri boşalır.

Eyni vəziyyət smartfon bazarında da yaranıb, “Samsung” və “Apple” Rusiya ilə əlaqələri kəsib. GS Group analitika şirkəti birinci rübdə köhnə stilli telefon idxalının 43 faiz artdığını bildirir.