Söhbət prezident İlham Əliyevin aprelin 7-də imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrasından gedir. Sərəncama uyğun olaraq, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin işə cəlb edilməsi ilə yanaşı, onların öz biznesinə başlanmasına da dəstək veriləcək. Bunun üçün dövlət büdcəsindən nazirliyə 6 milyon manat ayrılıb.
Qeyd edək ki, Azərbaycanda aztəminatlı, yəni kasıb ailələrə ünvanlı sosial yardım verilir. Hazırda təqriğən 120 min ailə belə yardım alır. Bu ailələrin 45%-nin üzvlərinin işlə məşğul olması problemlidir. Yəni burada valideyninin itirmiş uşaqlar, əlillər, yaşı 65-i keçən ahıllar var. Amma araşdırmalar göstərib ki, bəzi ailələrin azı iki üzvü əmək fəaliyyəti ilə məşğul ola bilər.
Belə ailələrin öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var. Sərəncama əsasən, 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, onların hər birinə kiçik biznes təsərrüfatlarını qurmaq üçün 4 min manat məbləğində vəsait ayrılması işlərinin aparılması nəzərdə tutulur. Həmin ailələrə başqa dəstək də veriləcək, məsələn, onlara veriləcək təsərrüfat əşyalarının, mal-qaranın və s. sığortalanması da təmin ediləcək.
Qeyd edək ki, kasıb ailələrə öz biznesini qurmaq üçün dəstək ötən ildən başlanıb. Həmin vaxt pilot layihə olaraq Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə Göyçay və Şamaxı rayonlarında 32 kasıb ailənin öz biznes təsərrüfatlarını yaratmasına dəstək verilib. İndi isə həmin praktika başqa rayonlara da tətbiq ediləcək.
Bununla əlaqədar olaraq Beynəlxalq Əmək Təşkilatının ekspertləri ölkəmizə gələcək. Qeyd edilən proqrama cəlb edilmək üçün ailələrin seçilməsi və kiçik biznes təsərrüfatlarınıın yaradılmasının onlara öyrədilməsi üçün həmin 68 rayonun hər biri üzrə 2 nəfər, yəni ümumilikdə 136 ekspert hazırlanması üçün onlara kurs keçiləcək. Beləliklə də təqribən 3 aylıq müddətdən sonra artıq bu aktiv əmək bazarı proqramına, təsərrüfatların yaradılmasına başlanacaq. Sonrakı mərhələdə bu üsul bütün ölkə üzrə tətbiq ediləcək. (fins.az)
İnterpress.az