Sabir Rüstəmxanlının PORTRETİbackend

Sabir Rüstəmxanlının PORTRETİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalmışdı vərəqə köçürmək. Amma cürət eləmirdim. Heç vaxt bu cür cəsarətsiz olmamışdım. Heç vaxt bir yazıya başlayanda bu qədər uzun-uzadı götür-qoy eləməmişdim.

Mart ayında yaradıcılıq həyatımda baş verən iki hadisə məni yazmazdan qabaq düşünüb-daşınmağa, daha məsuliyyətli addım atmağa məcbur elədi. Bunlardan birincisi, elə bu yazımın qəhrəmanı olacaq Xalq şairi Sabir Rüstəmxanlının barəmdə “Sandıq boş deyilmiş” adlı məqaləylə mətbuatda çıxış etməsi və qısa yaradıcılıq yoluma ağsaqqal qiyməti verməsiydi. Bu cür yazıları mən sənətə vəsiqə kimi qiymətləndirirəm.

Ona görə də özlüyümdə çox düşündüm. Deməli, Sabir Rüstəmxanlı haqqında yazımı yazıb, yayıram saytlara. O da oxuyur və… birdən xoşuna gəlmir. Dərindən köks ötürür, ah çəkir və “təriflədim, zibili çıxdı” deyir.

Yox. Yazmayacağam. Qoy Xalq şairimiz elə mənim haqqımda necə yüksək fikirdədirsə, elə o cür də qalsın. Niyə fikrini dəyişməliyəm ki? Fikir dəyişmək bir yana qalsın. Birdən yazını oxuyub, Xalq yazıçısı Anar kimi qələmə sarılmaq qərarı versə? Ancaq mənə xas olan yazı üslubumu “məzələnmək”, “zarafat” kimi qəbul etsə?! Onda necə olacaq? Düzdür, Anar, Sabir Rüstəmxanlı kimi yazıçıların tənqidi də baldan şirindir mənimçün. Müasir dildə desək, antireklam reklamdan qat-qat güclüdür. “Mahir, gör yazın nə qədər təsirli olub ki, bu cür görkəmli şəxsiyyətləri yeganə silahları olan qələmə sarılmağa məcbur etmisən” deyənlərimin, o cümlədən də oxucularımın sayı birə on artacaq.

Amma İntiqam Qasımzadə kimi “Mahir, atovun dostlarına yaman sataşırsan. Olmaz belə” deyənlər də az olmayacaq.

Bəs ürəyimdə yatan xatirələr, fikirlər, mülahizələr necə olsun? Ölüb getsin? Mən Sabir Rüstəmxanlını tanıdığım kimi, axı çoxları tanımır. Yaxud da ki, sizin tanıdığınız Sabir bəyi mən elə qəbul etmirəm. Ona görə də yazmağa qərar verdim. “Anar yazıçı deyil və ya TƏNHA ANAR” başlığı kimi adını cazibədar qoymadım. İstəmədim ki, içərisini oxumayıb, başlığa görə hay-həşir salanları yuxudan oyadım. Silsilə yazılarımdakı kimi “Bizim Sabir Rüstəmxanlı” da adlandırmadım. Bu yazımın adını “Sabir Rüstəmxanlının PORTRETİ” qoymağa qərar verdim. O mənim qəhrəmanımdır. Mən onu belə tanımışam. Mən onu belə görürəm. Elə isə başladıq çəkməyə.
Rəssam portret yaradanda onu əsas narahat edən qəhrəmanının üz cizgiləridir. Şəxs ayaqüstə duracaq, yaxud da kresloda oturacaq, tribunada çıxış edəcək, yaxud təbiət qoynunda olacaq. Əynində kostyum olacaq və ya qısaqol yay köynəyi, yaxud da ov paltarı. Bunlar xarakteri açmağa kömək edən əlavə detallardır. Daha çox qəhrəmanının hansı zamanın nümayəndəsi olmağına dəlalət edən 2-ci dərəcəli cizgilərdir.

Mən də birinci, Sabir Rüstəmxanlının portretini cızmağa qərar verdim. Qarşımda çox portret canlandı. Sabir əmi, Sabir müəllim, istiqlalçı Sabir, Sabir bəy, millət vəkili Sabir Rüstəmxanlı, Xalq şairi Sabir Rüstəmxanlı.

Fırçanı saxladım. Özümə yox, bu portreti nə vaxtsa çəkmək istəyən professional rəssama yazığım gəldi. Çünki nəsrin, yazıçılığın imkanları genişdir. Bəs rəssam? Bir portretə 70 illik bir ömrün 50 ilini elə sığışdırmalısan ki, tipik bir şəkil dünyaya gəlsin. Və bu şəklə baxan hər bir kəs – yardımlılı, oxucu, həmkar, cəbhəçi, deputat, həmfikir, ya da dostu – “halal olsun, gözəl yaratmısan. Bax bu, mən tanıdığım Sabir Rüstəmxanlıdır” desin.

Mən rəssam deyiləm. Bəlkə cəhd edim? Ruslar demişkən “Popıtka ne pıtka”. Alınmasa da ayıb saymazlar. Axı ilk işimdir.

Boş kətan lövhəni qarşıma qoyuram. Çəkirəm ilk gördüyüm, uşaq yaddaşımda qalan Sabir əmini. Sonra kənara çəkilib uzaqdan baxıram. Hə. Sabir əmidir. Cavan vaxtlarıdır. Şairdir. Şeir yazır. Atam demişkən “əsl şairdir”. Əliağa Kürçaylının rəhmətə getdiyi illərin də izi var bu tablomda. Bir vaxtlar Əliağa əminin işlədiyi “Yazıçı” nəşriyyatında onun vəfatından sonar baş redaktor vəzifəsinə təyin edilən Sabir Rüstəmxanlının cizgilərini də gözəl vermişəm burda. Amma yox. Ədəbiyyat diliylə desək, bu tipik, ümumiləşdirilmiş bir obraz olmadı. Küləyin oxşadığı qıvrım saçlar, yaxası açıq köynək, qığılcım qopan gözlər – bu şair Sabir Rüstəmxanlıdır. Amma bu detallar Sabir Rüstəmxanlını tam təsvir etmək üçün yetərli deyil, axı.

Yox, hirslənib çəkdiyim şəkli cırıb atmıram. Yaradıcı insan öz yaratdığını atmaz. Təzə kətanlı lövhə götürürəm. 80-ci illərin axırı – 90-cı illər gəlib dayanır göz önümdə. Sovetski, indiki Nərimanov prospektində yerləşən Azərbaycan Xalq Cəbhəsinin qərargahını dağıtmaq üçün xüsusi təyinatlılar ora hücum edir. Binanı boşaldırlar. Sabir Rüstəmxanlının başından axan qan, başına dolanan bint canlanır gözümün önündə. Fırça tez işə düşür. Fonda “Azadlıq!” qışqıran insanlar, alnına qan hopmuş tənzif dolanan Sabir Rüstəmxanlı. Şəkli bitirib, çəkdiyimə baxaraq həzz almaq üçün kənara çəkilirəm. Baxıram. Yox. Nəsə çatışmır. Lap Fidel Kastroya Ernesto Çe Gevaraya oxşadı. Qanım qaralır. Amma həvəsdən düşmürəm. “İnqilabçı, cəbhəçi Sabir bəy” şəklini “Şair Sabir Rüstəmxanlı” şəkliylə yanaşı qoyuram.

Daha bir təzə kətanlı çərçivə götürürəm. Bir an plagiatlıq keçir könlümdən. Axı mən gənc rəssamam. Klassik təsvir ustalarının əsərlərinə müraciət etsəm niyə ayıb sayılmalıdır ki? Özü də ki, İlya Repin yaradıcılığına müraciət edəcəyəm – onun “Burlaklar Volqa çayında” adlı ölməz əsərinə. Necədir bu rəsm? Qoy canlandırım gözüm önündə. Deməli çayda gəmi görsənir. Sahildə də burlaklar bir ucu gəmiyə bağlanan kəndirləri boyunlarına keçirərək onu axının əksi istiqamətində dartırlar. Bax bunu yaxşı tapdım. Buna deyərlər xarakterin özəl sənətkarlıq həlli.

Deməli, 20-ci əsrin sonları. Təlatümlü Azərbaycan. Sanki lilə oturmuş gəmidir Azərbaycan. Onu bu əsarətdən dartıb çıxaran qüvvə lazımdır. Bir rəssam kimi mən birinci gəmi şəkli çəkməliyəm. Üstünə də “Azərbaycan” yazmalıyam. Sonra isə o dövrün istiqlalçı insanlarını. Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni, İsmayıl Şıxlını, Ziya Bünyadovu, Qabili, Qulu Xəlilovu… Ortada da Sabir Rüstəmxanlı. Çəkirlər Azərbaycan boyda gəmini əsarət bataqlığından çıxartmaq üçün.

Şəkli şəkirəm. Kənara çəkilib baxıram. Yox. Nəsə çatışmır. Axı onlar çox idi. Hamısını bir tabloya yerləşdirə bilmərəm. Çox idilər, lap çox. Milyonlar var idi bu hərəkatda. Haqsızlıq etmiş olaram.

Sabir Rüstəmxanlının PORTRETİ

Bu tablonu da qoyuram o biri ikisinin yanına. Otururam taburetkaya. Bir siqaret çıxarıb qoyuram damağıma. Çaxmağı çəkib yandırıram. Dərin qüllab vururam. Siqaret isə yanmır. Çaxmağı bir də çəkirəm. Bir təhər siqareti alışdırıram. Bəs ilhamımı necə alovlandırım? Nə çətin şeydir axı bir rəsmi çəkmək, ay Mahir? Bacarmırsan, çəkmə! Otur, qələmə al. Nəsrin ki, imkanları daha genişdir. Sən nəinki şəkil çəkməyi, heç siqareti də düz-əməlli yandıra bilmirsən. Amma o vaxtın kişiləri çaxmağı çəkib çox mətləblərə işıq salırdılar. Böyük, işıqlı sabahlar haqqında fikirləşirdilər. Atamın 25 iyul 1999-cu ildə Sabir Rüstəmxanlıya həsr etdiyi “Çaxmağı çək” adlı şeiri yadıma düşür:

Çaxmağı çək!
Çırağı yandırmamışam.
Qaranlıq vicdanları,
Zülmətsevər insanları
Nura boyandırmamışam.
Çaxmağı çək!
Yansın ürəklərin qurdu,
Qaradan-quradan təmizləyək
Ana yurdu.

Bu çaxmaq ayrı çaxmaqdır,
Bunu kim bilməz – axmaqdır.
Çaxmağı çək,
Qığılcımlarından
Dan sökülsün,
Səhər gülsün,
Dünyadan
Əli üzülənlər gülsün.
Çaxmağı çək,
Oynamaq istəyirəm,
Damarlarımın
Donu açılıb,
Qaynamaq istəyirəm.
Çaxmağı çək!

Oynasın qızlar-oğlanlar.
Qaranlıq xəlvətlərdə
Bıçaqlaşmasın
Ağılsız dəliqanlılar.

Çaxmağı çək!
Qığılcımlar səpilsin
Ulu Sabirin məzarına,
Vətənin-xalqın
İşıqsız rüzgarına.
Əlacsız yürüşlərə,
Piketlərə
Yerlə yeksan daxmaların
Xərabəsinə,
Təzə məscidlərin
Minarəsinə.

Çaxmağı çək!
Toy şamları yansın.
Əhd-peyman
Beş günlük yox,
Ömürlük qaynaqlansın.

Çaxmağı çək!
Yansın
Yalançılar,
Böhtançılar,
Talançılar.
Hörümçək toru
Zirzəmi divarında,
Gəmi anbarında
Yoxdu bu gün.
Haram imarətlərin,
Haram əzəmətlərin
Tavanındadır.
Haram yeyənlərin
Vicdanındadır.
Çaxmağı çək!
Bünövrəsindən
Yansın haram.
Hörümçək torunu
Özüm də
Süpürüb salaram.

Çaxmağı çək, Sabir!
Oynasın iki şair.
Biri cavan,
Biri qoca,
Biri yüksək,
Bir uca.
Bəlkə
Arsızlığa
Qoymuşam özümü?
Çaxmağı çək!
Qamaşdır
Bu işlərdən
Su içməyən gözümü.
Düyün açılmayanda
Kəsilər.
Kəsilməyəndə
Oda tutular.
Çaxmağı çək!
Odla açaq düyünləri.
Nə yaxşı ki,
Allah bizə çox görməyib
Bu toyları, düyünləri…
Çaxmağı çək!
Çırağı yandırmamışam,
Çək, Sabir!
Çaxmağı çək!

Yaxşı şeirdir. Çox sevdiyi, toylarda yalnız bu havanı sifariş edən atamın “Çaxmağı çək, çırağı yandırmamışam” mahnısına verdiyi poetik məna. Yox, əla şeirdir. Nə tərifləyirsən 17 il bundan qabaq yazılan şeiri?! Yazılıb, qiymətini də alıb. Mahir, sən özündən danış. Üç portret çəkmisən. Hələ də bir tipik obraz yarada bilmirsən ki, bilmirsən. Bəlkə elə çaxmaq şəkli çəkim. Onun da fonunda Sabir Rüstəmxanlının portretini iki yerə bölüm. Yarısı görünsün, yarısı da qaranlıqda. Çəkirəm. İşimi bitirib kənara çəkilirəm. Baxıram. Yox. Yenə də nəsə çatışmır. Bu mövzu çox işlənib. Xeyirlə Şərin mübarizəsi, İşıqlı dünya – Qaranlıq dünya və sairə, ilaxır. Bu dünyəvi problemdir. Bu, əsrlərin problemidir. Dünya durduqca da olacaq, davam edəcək. İstəyir Qabil, Sabir Rüstəmxanlı çaxmağı çəksin, ya çəkməsin. Qaranlıqlara işıq salmaq istəsin, ya istəməsin.

Dördüncü şəkil də belə. Yazıçılar cild-cild kitabları yan-yana düzən kimi, mən də 4-cü tablonu o birilərin yanına qoyuram.

Axı nə çəkim, necə çəkim ki, hər baxan Sabir Rüstəmxanlını görsün.

Yenə taxta taburetkanı altıma çəkib otururam. Bu taburetka da çoxdanın taburetkasıdır a… Deyəsən palıd ağacındandır. Yaxşı ki, Xəlil Rza – Xəlil əmi yoxdur burda. Yoxsa çoxdan cərimə etmişdi məni rus kəlməsi işlətdiyimə görə. Elə Qabil, Sabir Rüstəmxanlı da ondan geri qalmazdılar. Bəs görəsən “taburetka” Azərbaycanca necədir? Bir lüğətə baxım.

Nə lüğət, ay bala? 21-ci əsrdir e… Gir internetə, axtarış ver çıxacaq da… Nə? Kürsü? Yanları və söykənəcəyi olmayan stul, kətil. Mən də elə bilirdim ki, kürsü “turbina”dır. İndi mənə irad tutacaqlar ki, “Mahir, “turbina” yox, “tribuna” deyilməlidir. Amma mənim həmyaşıdlarım tribuna sözünü Nemət Pənahlısayağı deməyə öyrəşib. O, Azadlıq meydanında çıxış edəndə bu sözü belə tələffüz edərdi.

Mətləbdən uzaqlaşmayım. Özü də kürsünün gör nə qədər mənası var e… Heç xəbərim yox idi. Adımı da filoloq qoymuşam: Tribuna, kafedra, vəzifə, rütbə, mövqe, keçmişdə qızınmaq üçün altına manqalda və ya çalada od qoyulub, üstünə iri yorğan salınan yastı stol – kürsü qurmaq, kürsüdə qızınmaq. İdmançılar qələbə qazanadan sonra onlara mükafat təqdim olunanda, üstünə 1, 2, 3 yazılmış kürsü. Kürsülü ev.

HAŞİYƏ: Bakı Dövlət Universitetinin 5-ci kursunu demək olar ki, bitirmişdim. Məzun sayılırdım. Yəni ki, diplomu müdafiə etmişdim, qalmışdı “elmi kommunizm”dən dövlət imtahanı. O da həll olunmuş məsələ sayılırdı. Qiymətim hazır idi. Çünki kommunizm sisteminin özünün məsələsini çoxdan həll etmişdilər. Qalmışdı fatihəsini vermək.

O günlərdə atamı filologiya fakültəsinə görüşə çağırmışdılar. Əlbəttə ki, bir sürücü kimi onu maşınla universitetə mən gətirməliydim. Oğulluq borcumu yerinə yetirdim. Görüş keçirilən “Sovet Ədəbiyyatı” kafedrasının kabinetinə kimi onu müşayiət etdim. Özüm içəri girmədim. Dayandım dəhlizdə. Başladım pencərədən küçəyə baxmağa. Bu dəm kafedranın qapısı açıldı. Kafedra müdiri, professor, gözəl insan Cəlal Abdullayev otaqdan çıxdı.

– Ay Mahir, burda nə edirsən?

– Atamı gətirmişəm. Gözləyirəm ki, qurtarsın görüş, aparım evə.

– Bəs burda niyə gözləyirsən? Keç içəri.

– İstəmirəm. İçəri istidir. Elə burda gözləyərəm.

Elə bunu demişdim ki, Cəlal müəllim qolumdam tutub, görüş keçirilən auditoriyanın qapısını açıb məni saldı içəri. Axırıncı partada oturtdu. Özü də yanımda oturdu ki, aradan çıxa bilməyim. Görüş davam edirdi. Atam çıxış edir, şeir deyir, suallara cavab verirdi. Tez-tez saata baxırdım. Cəlal müəllim də oturub maraqla qulaq asırdı. Sanki atamı birinci dəfə görürdü. Sanki Qabilə birinci kərə qulaq asırdı.

Beləcə iki saat keçdi. Görüş sona yaxınlaşanda bir tələbə oğlan əlini qaldırdı. “Mənim sözüm var” dedi. Atam da mülayimcəsinə “buyur, bala” dedi. Oğlan eləmə tənbəllik oturduğu yerdən durub, irəli kürsüyə doğru addımladı. Hirsimdən partlayırdım ki, bu hardan çıxdı ortalığa görüş başa çatan yerdə. Başımı bulayıb Cəlal müəllimə baxdım. “Sakit otur!” – deyə narazılıqla dilləndi. Tələbə oğlan:

– Qabil müəllim, mənim adım Əsəddir. Mən öz yazdığım şeiri oxumaq istəyirəm sizə.

Turşumuş sifətimə gülüş qondu. O oğlana lap yazığım gəldi. Yəqin ki, gənc şairlərə qarşı sərt mövqeyi ilə ad çıxaran şair Qabili yaxşı tanımırdı. Dedim ki, “Vsyo!”. Bir-iki dənə “xoş söz” və oğlan da pərt olacaq. Ya da ki, bir bənddən sonra sözünü kəsib, “bezdarnı” deyərək otuzduracaq yerinə. Bununla da görüş başa çatacaq. Mənim də canım qurtaracaq. Amma atam mülayim şəkildə “buyur oxu” dedi.

Əsəd “bu şeiri Sabir Rüstəmxanlıya həsr etmişəm” deyib başladı nə başladı:

Verin kürsüləri şairlərə siz

Verin kürsüləri şairlərə siz,
Analar fəxr etsin oğullarıyla.
Bu xalqın qəzəbi coşqun bir dəniz,
Göylərə ucalsın dağ vüqarıyla.

Adı çəkiləndə ayağa qalxın,
Qeyrət qılıncınız durmasın qında.
Qeyrət damarıdır şair bu xalqın,
Axır ürəklərə misralarında.

Görünməz gözünə nə ölüm, nə qan,
Çağlayan ilhamı sönməyəcəkdir.
Əgər şairdirsə, haqqın yolundan,
Soyun dabanından, dönməyəcəkdir.

Şairdir bu xalqın əziz övladı,
Şairdir bu xalqın gözündə didə.
O kəsin tarixdə qalacaq adı,
Şaha yox, millətə qoşur qəsidə.

Şairin sözünü kəsmək günahdır,
Dağları, daşları yıxacaq bir gün.
Qayalar altından sızan bulaqdır,
Özünə yol tapıb çıxacaq bir gün.

Allahın səsidir şairin səsi,
Göydə günəşi də söndürə bilər.
Elə bir mehdir ki, şair nəfəsi
Milyon qığılcımı yandıra bilər.

Qopsa da qasırğa, günəş də sönsə,
Şairin haqq sözü dəyişməz qalar,
Bir xalqın başında şair dayansa,
O yerdə ədalət göyə ucalar.
Şair vətən ilə ağlayar, gülər,
Qoyun qəlbimizin eşidək səsin.
Dünyada nə əvəz eyləyə bilər,
Şairin kürsüdən haqqı deməsin.

Ən ağır zülmə də çökməyərək diz,
Yalnız şair deyər sözün düzünü.
Verin kürsüləri şairlərə siz,
Yoxsa öz qanıyla deyər sözünü.

Hər şeyi əlindən alınız, barı
Qoy sözləri salsın ürəklərdə iz.
Alın, sizin olsun dövləti, varı,
Verin kürsüləri şairlərə siz.

Əyilər zirvə də, susar dəniz də,
Şair danışanda dinmək nahaqdır.
Onu versəniz də, verməsəniz də,
Yaradan şairə verib bu haqqı.
Əsəd adlı 3-cü kurs tələbəsi şeiri sonacan əzbərdən, həyəcanla dedi. Atam onun sözünü heç yerdə kəsmədi. Bu o demək idi ki, şeir xoşuna gəlmişdi.

– Əsəd, şeirin yaxşıdır. Amma orda bir \”didə\” sözü var, onu düzəlt. Çünki \”didə\” elə göz deməkdir. Sən isə \”gözündə didə\” yazmısan. Biz \”göz\” deyirik, farslar isə \”didə\” deyir.

Atam hətta bu şeirin çap olunmasına yardım etmək istədiyini bildirsə də, Əsəd utandığından imtina etdi. Bununla da görüş bitdi. O tələbənin gələcək taleyi yəqin çox maraqlandırar sizi. O gənc indi ədəbi ictimaiyyətin çox gözəl tanıdığı şair, tənqidçi Əsəd Cahangir idi. (SON)

Tapdım. Deməli “Azadlıq” meydanını çəkəcəyəm və kürsüdə Sabir Rüstəmxanlını. Yox, bəlkə Azərbaycan SSR Ali Sovetinin iclas salonunu verim? Kürsüdə də hələ deputat olmayan, amma söz deməyə artıq haqq qazanmış 42 yaşlı Sabir Rüstəmxanlını? Arxada da Azərbaycanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirovu – onu kürsüdən düşürtmək istəyiylə qışqır-bağır salan yerdə. Hə belə düz çıxar.

Sağ ol, Əsəd Cahangir. Yaxşı ki, o vaxt bu şeiri yazmışdın. Mən boyda “rəssam”ın ilhamını tıxacdan çıxartdın.

Şəkli çəkib başa çatdırıram. Üç-dörd addım kənara çəkilib tabloya məmnunluqla tamaşa edirəm. “Hə. Əsl Sabir Rüstəmxanlı budur!!!!” deyə hayqırmaq istəyirəm. Amma bir an duruxuram. Bəs Əbdürrəhman Vəzirovun “malçişka” adlandırdığı, əlləriylə itələyib kürsüdən uzaqlaşdırmaq istədiyi jurnalist Nəcəf Nəcəfovun ruhu inciməzmi məndən? Ya da ki, Əsəd Cahangirin “1989-cu ilin həyəcanlı yay günlərindən biri idi. Qarabağ hadisələri getdikcə qızışırdı. İndiki kimi yadımdadır, parlamentin toplantılarından birində xalqa həqiqəti dediyi üçün, Kremldə oturan ermənipərəstləri və onların respublikadakı əlalatılarını ifşa etdiyi üçün şair Sabir Rüstəmxanlını partiyanın o vaxtkı birinci katibi Vəzirov kürsüdən düşürməyə çalışırdı. Amma o, neyləsə də, buna nail ola bilmədi. Sabir bəy onun çığır-bağırına əhəmiyyət vermədən, təmkinini pozmadan sözünü axıracan dedi və yalnız bundan sonra kürsünü tərk etdi. Bu şeir də onda yarandı.” girişiylə təqdim etdiyi “Verin kürsüləri şairlərə siz” şeirini oxuyandan sonra bəzi ağzıgöyçəklər “özündən böyüyün sözünə qulaq asmır. Sabir Rüstəmxanlı ailə tərbiyəsi-zad görməyibmi?” deməzlərmi? Hər şey ola bilər.

Amma mən bir yarıyardımlılı və ya yardımlılıların yeznəsi kimi bunu min faiz bilirəm ki, böyüyə hörmət-ehtiram o bölgədə ailə tərbiyəsi əlifbasının “A” hərfini təşkil edir. Amma xalqın sözünü demək və heç kimdən qorxmayaraq demək Sabir Rüstəmxanlı üçün bu “A” hərfindən də irəli idi. O cümlədən Nəcəf Nəcəfov, Tofiq İsmayılov kimi vətənpərvər ziyalılarımız üçün də…

Bu şəkil də Sabir Rüstəmxanlıya layiq olmadı. Layiqdir e… Amma onun tam xarakterini açmır. Artıq beş tablo yaratmışam. Bəlkə Sabir Rüstəmxanlını döşündə millət vəkili nişanı ilə çəkim. 25 il deputat olub. Yox. Yaxşısı budur dəvət edim emalatxanama, xahiş edim otursun bir-iki saat dinməzcə-kirimişcə, mən də çəkim. Fonda da bu şəkilləri düzüm. Yox əziyyət verməyim. Axı mənim müasirimdir. Tez-tez görürəm. Üzünün bütün cizgiləri yadımdadır.

Hə. Çəkirəm. Gözəl alındı deyəsən. Şəklin adını da qoyaram “70 yaşın mübarək”. Yəqin özünün də xoşuna gələr. Yubiley banketinə dəvət etsə, onda biləcəyəm ki, xoşu gəlib. Birdən yadından çıxartsa. 70 yaşın da bu fəsadları olmaya da…

Amma nə deyirsiniz deyin, bu şəkildə də nəsə çatışmır. Axı nə? Axı bütün ürəyimi qoymuşam bu şəkillərə. Bilsəydim bu cür alınacaq Mahir İmamverdiyev imzasıyla rəssamlıq edib Sabir Rüstəmxanlının portretini çəkməzdim. Bəlkə də Mahir Qabiloğlu imzalı publisist kimi gücüm çatardı onu tərənnüm etməyə. Yox axı. Hər şeyi verdim. Mən onu belə tanımışam, belə görmüşəm. Şeirlərini, əsərlərini rəsmə necə köçürüm axı? Xüsusilə də publisistikasını? O haqda onsuz da dejurnı ədəbi tənqidçilər yubiley məqalələri yazacaqlar. Yenə yaddaşımı vərəqləməyə başlayıram.

Hə. Yadıma düşdü. 80-ci illərin axırları idi. Atam hardansa tədbirdən qayıtmışdı. Deyirdi ki, şair Qasım Qasımzadə ilə yanaşı oturmuşduq. Söz Sabirə verildi. O da başladı danışmağa. Biz də, məclisdə olan digər tanınmış, görkəmli ziyalılar da diqqətlə, maraqla qulaq asırdıq. Bu dəm Qasım Qasımzadə başını mənə tərəf əyib “Qabil, Sabir artıq yetişib” – dedi.

Hə tapdım səhvimi. Yox, bu mənim səhvim deyil. Bu, bütövlükdə rəngkarlıq sənətinin problemidir. Rəssamlar fırçanın gücüylə hər şeyi ifadə edə bilirlər. Gözü, qaşı, saçı, alnı, burunu, dodağı, qulağı, sifətin rəngini, dişləri də. Hətta gözün giləsinə düşən xırdaca əksi də. Bircə dildən və ürəkdən başqa.

Bunlar elə bir bədən üzvləridir ki, yaranandan qəfəsə salınıblar. Ürək köksün qəfəsindədir. Bəzən qəfəsdən çıxmaq istəyir. Amma bacarmır. Məcbur edir dili ki, mən deyəni de. Dil danışmaq istəyəndə qarşısına dişlər çəpər çəkir. Dişlərdən qurtulandan sonra isə dodaqlar kilidlənir. Danışmayanda isə ürəyin partlayır. Bəzən dil dişin də, dodağın da müqavimətini qırıb eşiyə çıxır. Hər şeyi ortaya qoyur. Alqışlanır. Mükafatlanır. Bəzən isə dilin dediyi qəbul olunmur. Bıçağı götürüb yerli-dibli kəsirlər. Bir də dodaq və diş sərhədindən kənara çıxa bilmir. Lap istəsə belə. Sadəcə çıxa bilmir.

Dil elə bədən üzvüdür ki, o, görünmür. Maşınına, paltarına, xarici görünüşünə görə səni qarşılayırlar, ağlına görə yola salırlar. Başında, ürəyində olanları isə dil təqdim edir. Sabiri Sabir Rüstəmxanlı edən də bu ürək, bu dil olub. O dil, o ürək ki, heç bir rəssam onu çəkə, təsvir edə bilməz.

Yox! Nahaq təslim oluram. Qoy atamın yaradıcılığına müraciət edim. Bəlkə nəsə bir ipucu tapdım?! Deyəsən tapmışam. Bu şeiri heç görməmişdim. Demə atam Sabir əminin 60 illik yubileyində – 27 may 2006-cı ildə ona şeir həsr edib.

Sabir Rüstəmxanlının PORTRETİ

QABİL

SABİR RÜSTƏMXANLI DANIŞIR

Danışır altmış yaşının bayramında,
Danışır altmış yaşının tamamında.
Danışır Yardımlıdan, Hamarkənddən,
Neçə ölkədən, qitədən, neçə sərhəddən,
Danışır Türk dünyasının vəhdətindən,
Bu vəhdətin Azərbaycan qismətindən.
Danışır Səttar xandan,
Bağır xandan, Şeyx Məhəmməddən.
Deyir Təbriz, Zəncan əhli
Çıxıbdır səddən.
Danışır döyüşçü əsgər atasından,
Yardımlıda əkinçi-rəncbər atasından.
Danışır fil qulağında yatmağımızdan,
Qüsur içində, kəsir içində batmağımızdan.
Danışır namusdan, qeyrətdən, ardan,
Danışır bəhsə-bəhs tikilən haram villalardan…
Danışır yurda uzanan qara əllərdən,
Nakişi işlərdən, bəd əməllərdən.
Danışır qurğu ilə, fitva ilə
Bir-birimizdən uzaqlaşıb aralanmağımızdan.
Parçalanıb paralanmağımızdan.
Danışır birliyimizin pozulmasından.
Ayağımızın altının qazılmasından.
Danışır milli şüuru kütləşdirəndən,
Lütü əyan libasında bütləşdirəndən,
Danışır bağlanan kitabxanalardan,
Açılan kababxanalardan…
Danışır Bakının əhli-kef camaatından,
Qaçqının-köçkünün düşərgə həyatından.
Danışır torpağın döyüşsüz işğalından,
Pulgirin, əlbirin, dilbirin pozulmayan halından.
Danışır millətin kütləvi rəqsindən,
Kitab yazmağın, şeir yazmağın
Gülünc bəhsə-bəhsindən.
Danışır Cavad xanın
Köməksiz hünərindən.
Məğlubiyyət sayılmayan zəfərindən.
Danışır dəyirman gödəndən, iştahdan,
Əttökən, həyasız tamahdan.
Danışır heç nədən gözləri doymayan,
Xalq üçün bir daşı daş üstə qoymayan,
Varidat sahibi, barigah sahibi harından.
Danışır çəkişməkdən, ilişməkdən,
Badalaqdan, didişməkdən.
Danışır hər gün ala-çiy kabab çeynəyən,
İçib, əlüstü soğan iyləyən,
Başqa heç nə bilməyən,
Əlindən heç nə gəlməyən həşəratları
Yuyub aparan seldən,
Can qurtaran seldən.
Danışır “Quran”dan, ayədən,
Məsləkdən, qayədən.
Danışır Nəsimidən,
Füzulidən, Sabirdən.
Başqa cür batindən,
Başqa cür zahirdən.
Danışır həqiqətin
Abü havasından,
Böyüyün-kiçiyin
“Mənəm-mənəm” iddiasından.
Danışır meydan dastanından.
Alnındakı sarğının
Hələ də qurumayan qanından.
Deyir ki, bu sarğı
Kiçicik cəsarət bayrağım;
Vətənin yolunda can qurban eyləyən,
Şəhidlər önündə xəcalət bayrağım.
Sabir üzünü tutur zala,
Danışa-danışa
Məşələ dönür az qala.
Az qala ehtirasdan,
Qəzəbdən,
Milləti silkələyən
Tələbdən lap
Vulkana dönür.
Dinlədikcə gedirəm xəyala;
Natiq nəzərimdə
Neçə məşhur natiqə,
Neçə məşhur insana dönür,
Danışır…
Danışır coşğun-coşğun,
Danışır daşqın-daşqın.
Ürəyi açıq,
Alnı açıq,
Üzü ağ,
Vətəndaş vicdanlı
Sabir Rüstəmxanlı!

Yox. Yenə tapmadım. Sadəcə, gəldiyim nəticənin təsdiqini tapdım: “Sabir Rüstəmxanlının portretini çəkmək mümkünsüzdür!”. Çünki ürəyi və dili təsvir etmək heç bir rəssama nəsib olmayıb. Sabir Rüstəmxanlı ürəyindəkini dilinə gətirib hər şeyi açıqlığı ilə deyən CƏSARƏTLİ, VƏTƏNPƏRVƏR BİR AZƏRBAYCAN ÖVLADIDIR!

Rəssamlıq debütüm də beləcə uğursuzluğa düçar oldu. Gərək elə əvvəldən nəsrə müraciət edəydim.

SON

Mən ŞAİR Sabir Rüstəmxanlıyla yaşıdam. Özü də bir ildənik. Sonra bunu ironiya kimi qiymətləndirməsinlər deyə xırdalayım: ikimiz də 60-cı illər nəsliyik. Mən 1966-cı ildə dünyaya gəlmişəm, o isə ədəbiyyata. İkimizin də bu il 50 yaşı tamam olur.

Amma Sabir əmi 70-i haqlayır. Yazıb-yaradır. Oxuyur, qiymətləndirir. Eqoistlikdən, paxıllıqdan uzaqdır. Yaradıcılıq yollarında uğurla addımlayanları qiymətləndirməyi bacarır. Bunu sadəcə demir… yazır və çap elətdirir. Hamıya car çəkir. Çünki gözəl bilir ki, ədəbiyyat sanki böyük bir ağacdır. Aşağı budaqları qalın və şaxəlidir. Yuxarı budaqlara, pöhrələrə də qida, su aşağı budaqlardan keçir. Qidalandırmasalar, məhv ola bilərlər. Nəticədə də ağac boy atmaz, sadəcə eninə verər.

70 yaşlı Sabir Rüstəmxanlı haqqında çox yaza bilərəm. Bu dəfə onun həyat və yaradıcılığına bir rəssam gözüylə nəzər saldım. Qarşıda isə neçə-neçə illər var. Yubileylər də ki, nə qədər… 75, 80, 85, 90, 95, 100… Sabaha da bir şey saxlamalıyam, ya yox? Amma indidən 100 illik yubileylə bağlı yazımın son misralarını sizinlə bölüşə bilərəm. Bu, atamın rübaisidir. Əslində Mirzə Ələkbər Sabirə həsr edib.

Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi
Vətən fəxr etsə də şairləriylə,
Sabir təkbaşına xalqın bəsiydi.

Elə Sabir Rüstəmxanlı da məhz belədir!

Mahir Qabiloğlu

Sabir Rüstəmxanlının PORTRETİ

İnterpress.az