İyunun 16-da prezident İlham Əliyevlə görüşüb, Azərbaycanın ev sahibliyi etdiyi bu yarışla bağlı gördüyü hazırlıq işlərini yüksək qiymətləndirib.
Ekklstoun habelə yarışları işıqlandırmaq üçün Bakıda olan çoxsaylı xarici jurnalistlərin də müxtəlif mövzuda sualları ilə qarşılaşıb. Belə suallardan biri də Azərbaycanda insan haqlarının vəziyyəti barədə olub. Belə ki, bu beynəlxalq idman tədbirindən istifadə edən bəzi xarici dairələr Azərbaycanda insan haqları problemlərinin mövcud olduğu barədə növbəti dəfə hay-küy qaldırmağa çalışırlar.
Məsələn, “Amnesty İnternational” bəyanatla çıxış edərək “Formula-1” menecmentini və yarışlara qatılanları “insan haqları problemlərinə diqqət yönəltməyə” çağırıb.
85 yaşlı Berni Ekklstoun Bakıda ona bu barədə sual verən xarici jurnalistlərə cavab olaraq “mənim vicdanım təmizdir” deyib. “Azərbaycanda insan haqları ilə bağlı situasiya? Mənim vicdanım yüz faiz təmizdir”-Ekklstoun bildirib.
“Formula-1” rəhbəri Bakı Gran Prisinin təşkilatçılarının siyasətini dəstəklədiyini deyib və əlavə edib: “Nə vaxt məndən soruşanda ki, insan haqları nədir, biz baxmalıyıq ki, o, nə vaxt və harada tətbiq olunur. Kimsə bilir ki, insan haqları doğrudan da nədir? Dünyada bir çox insan aclıq çəkir, onların nədənsə şikayətlənməyə haqları var”.
Ekklstoun onu da deyib ki, əgər “Formula-1” yarışlarını korrupsiyadan tamam azad ölkədə keçirmək məsələsi qoyulsaydı o zaman yarış keçirməyə çox az yer tapılardı. O, Bakı Gran Prisinin təşkilatçılarının gördüyü işi tərifləyib, eyni zamanda deyib ki, beynəlxalq təşkilatların insan haqları ilə bağlı qaldırdıqları məsələni Azərbaycan tərəfinə çatdırıb. “Onlar məsələni araşdıracaqlarını deyiblər”-Ekklstoun əlavə edib. “Formula-1” rəhbəri deyib ki, yarışların Bakıda keçirilməsinə dair qərar verəndə çoxları onu “dəli” hesab edirdi. Ancaq indi göründüyü kimi Bakının qədim hissəsi ilə müasir hissəsini birləşdirən əla tras yaradılıb.
“Belə görünür ki, hər şey yaxşı alınıb”-o deyib. (virtualaz.org)