Bakıda təşkil olunan Türkiyə-Azərbaycan Dostluq Konserti iki qardaş ölkənin sənətçilərini eyni səhnədə bir araya gətirib.
İnterpress.az xəbər verir ki, 19 oktyabr 2026-cı il tarixində Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçirilib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan konsertdə Türkiyədən fleyta ifaçısı Lelya Bayramoğulları və Azərbaycandan pianoçu Nərmin İsgəndərova çıxış ediblər. Sənətçilərin birgə ifası iki ölkə arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində təzahürü kimi yadda qalıb.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhan Seyhan tədbirlə bağlı çıxışında Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarixə və mədəni dəyərlərə əsaslandığını bildirib. O, bu əlaqələrin möhkəmləndirilməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.
Yunus Əmrə İnstitutunun mədəni diplomatiya fəaliyyəti çərçivəsində təşkil edilən konsert Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı, eləcə də iki qardaş xalq arasında mənəvi bağların daha da gücləndirilməsi baxımından əhəmiyyətli hadisə olub.










