Hakim Qədim Babayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilənlər Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov və Samir Mustafayevin vəkili Şəmsəddin Quliyev vəsatətlə çıxış edib.
Vəkil rentgen müayinəsində plyonkanın tələb edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli isə ilkin qərardan kasasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq. Bu səbəbdən apelyasiya instansiyasında məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Ann.tv-nin əməkdaşı, Bakı şəhər sakini Rasim Əliyev ötən il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev bir gün sonra vəfat edib.
Baş verən hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.
Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlandığını bilərək xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olub.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb və Səbail rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apelyasiya şikayəti veriblər.
İnterpress.az