Günəş yanığı yay aylarında olduğundan müalicəsi də bir o qədər asan olmur. Dərinin günəşin zərərli ultrabənövşəyi şüalara məruz qalması sonradan problem yaradır. Başqa sözlə bu şüalar insan sağlamlığına xeyirdən çox, zərər edir.
Gün yanıqlarının simptomları: ağrı, dərinin qızarması və şişməsi, bəzi hallarda hətta suluqların əmələ gəlməsi. Bundan əlavə insan baş ağrısı, halsızlıq, ürəkbulanması hiss edir, hərarət qalxa bilər.
Bu halda ilk tibbi yardım məqsədi ilə soyuq duş və ya vanna qəbul etmək olar. Vanna qəbul etdikdə suya kartof nişastası və ya çay sodası əlavə etmək olar.
Soyuq su çox yaxşı effekt verir – ağrı və dərinin qızarması azalır. Əgər vanna və ya duş qəbul etmək mümkün deyilsə, soyuq islatmalardan istifadə edin.
Bir neçə qat qatlanmış tənzif soyuq suda isladılır, yanmış dəriyə qoyulur və tez-tez dəyişilir. Buzdan istifadə etmək olmaz! Bu yanığın daha da artmasına səbəb olacaq.
Qatıq və ya xama ilə islatmalar da gün yanıqları zamanı yaxşı kömək edir. Soyuq süd məhsulunu tənzifin üzərinə çəkin və zədələnmiş dəriyə qoyun.
Belə islatmalar ağrını götürür, dərini yumşaldır və nəmləndirir.
Əgər yanıq nəticəsində dəridə suluqlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin. Bu suluqları heç bir halda deşmək və s. olmaz.
Əks halda yara infeksiyalaşa bilər.
Əgər insanda hərarət qalxıbsa, ona hərarətsalan preparatlardan birini (ibuprofen, parasetamol) vermək olar. Bu preparatlar həm də ağrını götürür.
Uşaqların dərisi nazikdir və bu səbəbdən uşaqlara gün yanıqları daha da ziyanlıdır.