Erməni mətbuatının öz prezidentlərinə üsyanı: “Kremlin Avrasiya İttifaqı bataqlığına düşdük”backend

Erməni mətbuatının öz prezidentlərinə üsyanı: “Kremlin Avrasiya İttifaqı bataqlığına düşdük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin Serj Sərkisyanla Moskva görüşündə Ermənistan iqtisadiyyatı barədə sərf etdiyi sözlər qonşu ölkənin mətbuatında gülüş hədəfinə çevrilib. Putin həmin görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olduqdan sonra ümumdaxili məhsulunun 10 faiz artdığını deyib. Rusiya prezidenti bununla bağlı hətta Serj Sərkisyanı təbrik də edib.

Ermənistan mətbuatının yazdığına görə, Putinin Sərkisyanla Moskva görüşündə Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra Ermənistan iqtisadiyyatının yüksəlməsi barədə sərf etdiyi sözlər erməni ictimaiyyətində onları ələ salmaq kimi qiymətləndirilib. Məsələn, Ermənistanın siyasi ekspertlərindən Daniel İoannisyan və Hrayr Manukyan rəqəmlərin tam əks istiqaməti göstərdiyini bildiriblər (lragir.am).

Belə ki, onların təsbitlərinə görə, Ermənistan Milli Statistika Komitəsinin mənbələrinə əsasən, Avrasiya İttifaqına qoşulmazdan qabaq Ermənistanın ÜDM-i 11,6 milyard dollar təşkil edirdisə bu rəqəm, 2015-ci ildə daha da azalaraq 10,5 milyard dollara enib. Yəni Ermənistanın ÜDM-i əslində tam 10 faiz azalıb. Bundan başqa Beynəlxalq Valyuta Fondunun göstəricilərinə əsasən 2016-cı ildə Ermənistanın ÜDM-i 10,7 milyard dollara çatacaqdır ki, bu da əvvəlki illərlə müqayisədə 8% azlıq təşkil edir.

Erməni mətbuatı Serj Sərkisyanın da görüş zamanı Putinin sözlərindən cuşa gələrək daha böyük yalan uydurduğunu yazır. Sərkisyan son 6 ayda Ermənistanın ticarət dövriyyəsinin 12 faiz, Rusiyaya ixracatının isə 90 faiz artıdğını söyləyib. Mətbuatın yazdığına görə, Sərkisyanın “6 ay” dedikdə nəyi nəzərdə tutduğu bilinmir. Əgər o, 2016-cı ilin birinci yarım ilini nəzərdə tutubsa, həqiqətən yanvar ayı ilə müqayisədə Rusiyaya ixracatın iki dəfə artdığını demək mümkündür. Lakin bunun səbəbi Ermənistanın iqtisadiyyatının inkişafında deyil. Məsələ burasındadır ki, yanvara qədər Ermənistanın iqtisadiyyatı həmişə ölü vəziyyətdə olur.

Hər halda 2014-cü ilə nisbətən Ermənistanın Rusiyaya ixracatının 25 faiz artdığını söyləmək olar. Lakin bu artımın əsas səbəbi Rusiyada satışı qadağan olunan Türkiyə pomidorlarının öncə Ermənistana, bundan sonra isə erməni malı adı altında Rusiyaya göndərilməsi olub. Başqa sözlə ifadə edilsə, Sərkisyan Rusiyalı həmkarına nisbətən daha bulanıq və qaranlıq terminlər və rəqəmlərdən istifadə edib.

Ermənistan mətbuatının bildirdiyinə görə, istənilən halda Sərkisyanın iqtisadiyyatın vəziyyəti barədə şişirtmələri həqiqətə uyğun deyil. Ermənistanın 1in.am saytının yazarı Musa Mikaelyanın sözlərinə görə Putinin Ermənistan iqtisadiyyatı haqqında sözləri ilə erməni siyasilərini də olduqca pis vəziyyətə qoyub.

“Bilmək olmur Putin Ermənistanla məzələnib, yoxsa bəziləri Putinin özü ilə olduqca pis zarafat ediblər. Hər halda aydın oldu ki, Putin Ermənistanla ən yüksək səviyyəli görüşdə belə adi yalanlarla danışmağa qadirdir. Yalançılıq Rusiya-Ermənistan münasibətlərinin simvoluna çevrilib. Vladimir Putin isə dediyi sözlərlə Rusiya-Ermənistan münasibətlərini əsl gerçəkliyini ortaya qoyub”, – deyə yazar ağır dillə davam edir: “Hər halda Putinin bu bəyanatı Ermənistanın siyasi güclərini pis vəziyyətdə qoyub.

İndi onlar Putinin növbəti yalanına hansı reaksiya vermək üstündə baş sındırırlar. Məsələn, əgər Sərkisyan və ya Ermənistan hakimiyyətindən kimsə iqtisadiyyatın real mənzərəsindən uzaq statistik rəqəmlərlə çıxış etsəydi, yəqin ki, ona ağızlarına gələni deməkdən çəkinməzdilər. Lakin bu yalanı danışan Vladimir Putindir. Buna görə də erməni siyasi meydanı qəbir kimi susacaq\”, – deyə Mikaelyan qeyd edir.

Mikaelyana görə: “İndi onlar (Ermənistan siyasətçiləri – red.) lap çətin vəziyyətdə qalıblar. Ya Putinin dediyinin əksinə olaraq, Avrasiya İttifaqının Ermənistana heç bir xeyir gətirmədiyini və Putinin yalan danışdığını deyəcəklər, ya da Putini haqlı çıxarmaq üçün deyəcəklər ki, həqiqətən, bu ittifaq çox yaxşı strukturdur və Putin həmişə olduğu kimi haqlıdır, amma Ermənistan hakimiyyəti həmin o 10 faizlik artımı elə sərhəddəcə basıb yeyir və onun xalqa çatmasına imkan vermir”.

“Üçüncü variant da var. Tamamilə susmaq. Lakin bu zaman Putin heç nə başa düşməyəcək və elə biləcək ki, Ermənistanın siyasi qüvvələri onu saymır. Amma çətin ki, erməni siyasətçiləri Putində belə bir şübhələrin yaranmasını istəsinlər”, – deyə Musa Mikaelyan məqaləsini sonlandırıb.

Ermənistanın digər bir yazarı Qalust Qriqoryan isə armenianreport saytında daha sərt çıxış edib: “Bu, elə bizim faciəmizdir. Putinin kompleksi ucbatından Ermənistanda Serj Sərkisyan simasında qabiliyyətsizlik və səriştəsizlik hökm sürür. Ermənistanda gerçəkdən güclü və xarizmatik və xalqın sevgisini qazanan liderin olması Putinin qorxulu kabusudur. Hələlik isə biz bunu ancaq xəyal edə bilərik. Biz indi bir cırtdanın cırtdanı ilə ünsiyyət qurmağa məcburuq (Rusiya və Ermənistan prezidentlərinin boyu nəzərdə tutulur-red.). Və bu gerçəkilkləri anlamağın özü belə utancvericidir”.

Digər erməni yazarı Ramzik Akopcanyan da Putin və Sərkisyana qarşı sərt ritorika sərgiləyib: “Deyəsən Putin də köhnə Kreml qocaları kimi dünyaya özünəməxsus tərzdə baxır. Bu adamlar inanırlar ki, onların illüziyaları, arzuları, plan və təxribatları ilə bütün dünya barışmağa məcburdur. Putin Ermənistanın iqtisadi göstəriciləri haqqında elə danışır ki, elə bir Rusiyanın hansısa federal subyekti barədə söhbət gedir”.

“Əslində Putin bu yalanı ilə real gerçəkliyi göz önünə sərir. Ermənistan Avrasiya İttifaqı adlanan bataqlığın içindədir. Putinin Ermənistanı strateji partnyor adlandırması da erməniləri qəzəbləndirir. Əgər Rusiya prezidenti Azərbaycana ölümcül silahlar satılmasına ”bu sadəcə biznesdir\”, deyə qiymət verirsə, o zaman erməni xalqının Rusiyaya olan qəzəbini başa düşməlidir. Lakin ermənilərin bədbəxtliyi də elə bundan ibarətdir ki, Putin üçün onların nə dediyi vecinə deyil. O, ancaq prezidentlərlə işləyir. Serj Sərkisyan isə Rusiyanın Azərbaycanla hərbi sahədə əməkdaşlığını genişləndirməsinə cınqırını belə çıxarmır. Budur, Rusiya bu yaxınlarda Azərbaycanda helikopter zavodunu açacaq. Haradadır Serj Sərkisyanın narazılığı? Heç harada!! Bizi idarə edənlər ancaq öz maraqlarını güdürlər, bu isə Putinin yox Ermənistanın faciəsidir\”, – deyə Ramzik Akopcanyan yazısını bu notlarla bitirib. ( musavat.com )

İnterpress.az