Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetinin redaksiyasında olub. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu ilə görüşdə səfirliyin ikinci katibi Oğuzhan Albayraq və mətbuat müşaviri Hamit Karadeniz də iştirak edib. Cənab səfirin olduqca ilginc məqamlarla zəngin olan müsahibənin sonuncu bölümünü təqdim edirik:
Baş redaktorumuz ANS-lə bağlı səfirin dediklərinin qarşılığında növbəti sualı ünvanlayır:
– Amma önlənmə çox da sərt olmadımı? Çünki müsahibəni götürən jurnalist Qənirə Ataşova bir ərdoğançı çıxdı, hətta Amerikada mitinqlərin önündə olub, etiraz bildirib. Bu mənada insanların sualı var, fürsət düşmüşkən sizə yönəldirik…
Səfir:
– Yaxşı edirsiniz. Amma mənim şərhim o xanımla, kanalla və ya şəxslə əlaqəli deyil. Mən sizə prosesdən bəhs edirəm. Bu prosesin içində yer almamaq qənaətimcə, ən doğru yoldur…
– Hörmətli səfir, 15 iyuldan keçən son 25 gündə Türkiyəni hədəfə alan DAEŞ (İŞİD) və PKK terroru sanki fasilə götürüb. Yalnız dünən (ötən həftədən söhbət gedir – E.P.) xain bir terror aktı oldu, əsgərlərə hücum etdilər… Bunun səbəbi nədir? Hətta bəzi iddialar da var ki, çevriliş cəhdini edənlərlə digər terror təşkilatları anlaşma içərisində olublar və baş verən terror əyləmləri eyni ilə 1980-ci illərdəki kimi, hərbi çevrilişə əsas yaratmağa xidmət edib…
-Bununla bağlı dəlil varmı, bilmirəm. Səmimi deyirəm, tam cavab verəcək durumda deyiləm. Amma birlikdə nə olduğuna baxaq: adamlar 15 iyulda nə etdilər? F-16-larla, helikopterlərlə dövlətə, xalqa hücum etdilər. Demək bu düşüncədə olan bir təşkilat günahsız insanların da canını almaqdan çəkinmir. Dolayısı ilə, bu iddia araşdırılması gərəkən məsələdir. Amma bu çevriliş cəhdinin uğursuzluğundan sonrakı hadisələrə baxın, çox həzin mənzərələr var. Helikopterlə bilmirəm haraya keçənlər oldu…
– Yunanıstana…
– Bəli, hərbçi geyimində olanlar oraya sığındılar, bunu yaxşı anlamaq lazımdır. Bəzi xəbərlərə görə, PKK-ya sığınanlar da olub. Bu terror təşkilatları istər ən sağçısı, istər ən solçusu olsun, istər FETÖ kimi guya inanclı, mühafizəkar, bilmirəm nə ruhlu olsun… Bunların ruhu da, məqsədi də eynidir. Bütün anlatdıqları hekayələr də bəhanədir. Bunlar gözləri dönmüş terrorçulardır. Adı-sanı heç önəmli deyil, ehtiyac hiss etdikləri halda bunlar eyni masanın ətrafında toplanır, eyni məclisdə də görüşürlər. Buna azacıq şübhə də yoxdur. Hörmətli prezidentimiz də bunu söylədi, DAEŞ gəlir, PKK gedir, FETÖ dövriyyəyə girir, digəri çəkilir… Yəni sizin dediyiniz kimi, bu silsilə necə olur, bunun arxasında bir qurğu varmı, bunu bilmirəm. Amma bu, gerçəkdir ki, bunlar bir-biri ilə hər cür işbirliyinə gedərək, tək məqsədləri Türkiyəyə və ya dinc əhaliyə zərər verməkdirsə, bunu edəcək düşüncədədirlər.
“Təyyarə vurulma hadisəsindən sonra Moskvadan gələn embarqo qərarlarına baxmayaraq, Türkiyə Rusiyanı ”dostlar\” siyahısından çıxarıb “düşmənlər” siyahısına daxil etməyib\”
Bunun ardınca Türkiyə-Rusiya münasibətlərindən bəhs etdik:
Zahid Səfəroğlu:
-Cənab səfir, dediniz ki, terror təşkilatları ilə bağlı bir siyahı yoxdur. Amma hər bir dövlətin təhlükəsizlik doktrinası deyilən bir sənədi olur, yəqin ki, Türkiyənin də var. O sənəddə dövlətin dostları və düşmənləri əksini tapır. Rusiya ilə barış baş tutdu artıq, hörmətli prezidentin Moskvaya səfəri oldu. Son olaylardan sonra Türkiyə bu doktrinaya hər hansı bir düzəliş etməyi düşünürmü? Yəni dostların yeri dəyişdirilə bilərmi? Rusiya ilə müttəfiqlik haraya qədər gedə bilər? Qərb düşərgəsində də bir əndişə var ki, bu münasibətlər hətta bir hərbi blok, müttəfiqlik şəklinə qədər çata bilər. Türkiyə Qərbdən ayrılıb Rusiya tərəfə gedə bilərmi?
– Bir şeyi xatırlatmaq lazımdır. Biz indi biz 15 iyuldan bəhs edirik, Fətullahçı Terror Təşkilatının (FETÖ) böyük günaha yol verdiyini söylədim. Amma bu məsələ oradan başlamadı. 2-3 il əvvələ getsək, Türkiyədə bu məsələ ilə bağlı çox ciddi mübarizə aparılırdı. FETÖ ilə bağlı… Ötən dövrdə də Türkiyədə Milli Güvənlik Qurumu (MGK) tərəfindən FETÖ qeyri-qanuni fəaliyyət göstərən, amma leqal örtüklü bir terror təşkilatı olaraq tanınmışdı. Dolayısı ilə, Türkiyə Cümhuriyyəti bütün dövlət mexanizmləri, təhlükəsizlik orqanları ilə FETÖ-nu terror təşkilatı olaraq gördüyünü və ona qarşı mübarizə aparmağa qərarlı olduğunu daha əvvəldən də elan etmişdi. Bu, 15 iyuldan sonra yox, daha öncə olan hadisədir… İkincisi, şübhəsiz ki, hər bir ölkənin təhlükəsizlik doktrinası var. Xüsusilə də milli təhlükəsizlik orqanları bu mənada dövlətə önəmli tövsiyələr verib… Bu məsələ birdəfəlik qəbul olunmalıdır ki, Türkiyə NATO-da önəmli bir aktyordur, orada Türkiyə fəaldır…15 iyul çevriliş təşəbbüsündən sonra bəzi absurd spekulyasiyalara, yanlış şərhlərə yol verildi. Hətta Türkiyənin NATO üzvlüyü ilə bağlı heç bir əsası olmayan müzakirələr aparıldı. Bunlar absurd iddialardır. Türkiyə 15 iyul hadisəsi ilə əlaqədar olan səbəblərlə nə NATO-dakı yerini itirəcək, nə də oradan çıxarılması və ya ondan imtina edəsi deyil… 15 iyul hadisəsinə bütün ölkələrin sərgilədikləri davranış bizim üçün bir səmimiyyət testidir. Azərbaycanımız bu səmimiyyət testindən necə bizim içimizi çox duyğulandıracaq şəkildə çıxdısa, müttəfiqimiz olmasına rəğmən bir çox ölkə, ABŞ da daxil, verdikləri cılız təpkilərlə bizim gözümüzdə qırıq qiymət aldılar…
İndi bu, bizim gözümüzdə səmimiyyət testi olduğu üçün şübhəsiz, oturub bəzi məsələləri düşünməyimizə səbəb olacaq, bu, gerçəklik qarşımızda durur. Amma bu gerçəkliklər səbəbindən Türkiyənin birdən-birə mövqeyini 180 dərəcə dəyişdirəcəyini gözləmək lazım deyil, xarici siyasət belə olmur. Rusiya məsələsi bunun ən gözəl nümunəsidir. Biz “soyuq müharibə” zamanında da NATO-nun Cənub qanadındakı ən önəmli və ən çətin qolu sayılan ölkələrdən biri olmağımıza rəğmən, Rusiya ilə bəzi məsələlərdə əlaqələr qurmaq axtarışında olmuşuq, qarşı blokda yer almış olsa da.
“Soyuq savaş” sonrasında ən gözəl nəticə Azərbaycanımızın müstəqilliyi oldu şübhəsiz ki. Amma digər önəmli bir nəticəsi isə NATO müttəfiqi olmağımıza baxmayaraq, Türkiyə olaraq Rusiya ilə əlaqələrimizi inkişaf etdirməyimizdir. Təyyarə vurulması hadisəsinə gələnə qədər, aşağı-yuxarı son 20 illik zaman çərçivəsində Rusiya ilə başda iqtisadi sahədə, eyni zamanda bəşəri məsələlərdə də çox faydalı əməkdaşlığın olması faktdır. Biz o dönəmdə Rusiyanı bir yerdən alıb başqa yerə qoymadığımız kimi, təyyarə vurulduğu andan etibarən də Türkiyədən verilən bütün açıqlamalara baxın, heç zaman Rusiyaya qarşı düşmənçilik mövqeyi ifadə olunmayıb.
Hətta Rusiyadan gələn doğrusu, bizi o zaman üzən, heyrətləndirən, fərdi hücumlar da daxil olmaqla, edilən bütün təhrikçi açıqlamalara baxmayaraq, Türkiyə soyuqqanlı hərəkət edib və hər zaman bu mövqeni ifadə edib: bu hadisə ilə əlaqədar çox üzüldük, ancaq bunun nədən baş verdiyini hər kəs bilir, bununla bağlı müzakirələrə hazırıq, Rusiya bizim üçün önəmli bir ortaq ölkədir, rus xalqını biz dost bilirik və yenidən əlaqələrimizi bərpa etmək iradəsinə sahibik, hazırıq. Yəni təyyarə vurulma hadisəsindən sonra Moskvadan gələn embarqo qərarlarına baxmayaraq, Türkiyə Rusiyanı “dostlar” siyahısından çıxarıb “düşmənlər” siyahısına daxil etməyib. Amma Rusiyanın etdiyi həmlənin Türkiyəyə o dönəmdə zərər vermə arayışının təbii ki, Ankarada diqqətə alınmaması mümkün deyil. Ancaq bunun əbədi bir davranış olmayacağına, Rusiyada rasional təfəkkürün qələbə çalacağına ümid etdiyimizi hər zaman söylədik və nəticədə iki lider qarşılıqlı faydalı mesajlar verməklə, inşallah, həmin dönəmi geridə qoyduq. İndi bu nöqtədə birdən-birə “hə, Rusiya ilə əlaqələr düzəldi, Türkiyə NATO-dan çıxacaq, Rusiya ilə müttəfiq olacaq”, fikirlərini də süni və şişirdilmiş sayıram. Amma belə nəticə var: Qərb səmimiyyət testindən keçə bilmədi. Moskva, hörmətli prezidentimizin də dediyi kimi, burada daha düzgün refleksləri sərgilədi.
“Bölgədə sabitlik və dincliyin olması üçün də Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli lazımdır”
-Putinin zəngi….
– Rusiya bizim əlaqələrimizi inkişaf etdirməyə hər zaman önəm verdiyimiz, o 8 aylıq çətin dönəm daxil, bu iradəni təkrar etdiyimiz önəmli bir ölkədir. Rusiya-Türkiyə dostluğunun hər iki ölkəyə və bu coğrafiyaya fayda verəcəyinə inanırıq, bu əlaqələri davam etdirəcəyik. Türkiyənin müttəfiqlik əlaqələrinin kimlərlə, haraya qədər olduğu aşkardır. Azərbaycanla tale müttəfiqliyimiz bambaşqa, müqayisə olunmayan bir şeydir. Rusiya ilə də bir çox sahədə strateji ortaqlığımız var.
– Cənab səfir, Rusiya-Türkiyə yaxınlaşması şəraitində təbii ki, Azərbaycan da rahat nəfəs alır və pozitiv qarşılayır. Bu yaxınlaşma fonunda Qarabağ məsələsində irəliləyiş olacağı ehtimalları var.
– İnşallah.
– Hətta Ermənistanla sərhədlərin açılacağı deyilir, Rusiya və Qərb mətbuatı bu məsələdən yazır. Siz bu barədə nə deyə bilərsiniz? İki ölkənin yaxınlaşmasının Qarabağ məsələsinin həllinə təsiri ola bilərmi? Türkiyənin Rusiya üzərindən ermənilərə təsir imkanları yarana bilərmi? Azərbaycan insanı üçün Qarabağ məsələsi bir nömrəli məsələdir…
– Haqlısınız. Bizimçün də elədir. Bunu bilmək lazımdır ki, bu bölgədə Türkiyə də, Rusiya da önəmli dövlətlərdir… bu bölgədə aparıcı oyunçular olan Türkiyə və Rusiya faydalı məsələlərlə bağlı bir araya gəldikləri halda, Ankarada mövcud olan Rusiya ilə sıfırtoplamlı yarış içində olmadığımız, problemlərin həllinin sadəcə Türkiyəyə deyil, Rusiyaya da fayda verəcəyi inancının Moskvada da qəbul edilməsi halında Suriyada da, Dağlıq Qarabağ məsələsinin həllində də bütün bölgənin ali mənfəətlərinə xidmət edəcək nəticələr əldə edə bilərik. Biz Türkiyədə səmimiyyətlə buna inanırıq. Bizim bu bölgədə kiminləsə geopolitik rəqabət aparmaq niyyətimiz yoxdur.
– Bölgə deyərkən?
– Cənubi Qafqaz, Orta Asiya, Orta Şərqi nəzərdə tuturam. Türkiyənin tək istəyi budur: biz bu bölgədə sabitlik, dinclik istəyirik. Sabitlik və dincliyin olması üçün də Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli lazımdır. Barış və sabitlik şəraitində iş adamlarımızın, yatırımçılarımızın daha fəal ola biləcəyi bir şərait əldə edə bilərik. Bu, yalnız Türkiyəyə xidmət etməz; bu, elmi dəlillərlə də təsdiqlənmiş məsələdir. Bu, digər toplumlara, coğrafiyalara da faydalı xidmət olacaq, orada da rifahın artmasına səbəb olacaq. Bakı-Tiflis-Qars dəmiryolu işlək hala gəldiyi zaman bütün daşımaçı mərkəzlər, Şərq-Qərb dəhlizindəki bütün marşrutlar işlək hala gəldiyi zaman bunlar bir-birini tamamlayan, əlavə dəyər yaradan hərəkətlər olacaq. Biz bu fəlsəfə ilə bu bölgədə toplumların bütün problemlərinin həll ediləcəyi düşüncəsində də deyilik, anlaşılmazlıqlar davam edəcək. Ancaq beynəlxalq hüququ əsas götürərək, torpaq zəbti, daxili işlərə qarışmaq kimi sevdalardan imtina edilse, o təməllər, kriteriyalar çərçivəsində iqtisadi rəqabəti yeni qaydalar çərçivəsində qura bilsək, bu bölgədə yalnız Türkiyənin deyil, hər kəsin qazanacağına inanırıq. Və burada sözü Ermənistanın üzərinə gətirmək lazımdır. Demoqrafik, iqtisadi, siyasi olaraq itirmə girdabına yuvarlanmış bir Ermənistanın ağır taleyini döndərmək imkanı var. Düzgün qərarlar verərsə, yəni işğala son verərsə, sülh yolunda addımlar atarsa…
– Amma Ermənistan müstəqil deyil, Rusiyadan asılıdır…
– Əgər Rusiyada bu problemi çözməklə bağlı iradə varsa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə, Türkiyənin mövqeyi bəllidir. Bizim dərdimiz bu bölgədə normallaşmaya nail olmaqdır. Sərhədlərin çərçivəsi bəlli, Ermənistan olduğu yer bəlli, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazisi bəllidir. Bunlar əsas götürüldüyü təqdirdə, Azərbaycanın qəbul etdiyi formul ortaya çıxarsa, Türkiyə sonadək bu həll planına dəstək verər və o prosesdə nə lazımdırsa, Türkiyə o addımları atar. Sərhədlərin açılması məsələsinə gəldikdə, heç bir zaman Azərbaycanın arzusuna zidd olaraq və ya ürəyincə olmayan addımlara gedilməyəcək, bunu rahatlıqla deyirəm.
-Aprel döyüşlərindən sonra Azərbaycanda torpaqların azad olunması barədə çağırışlar dəfələrlə artdı. Lakin danışıqlar prosesinə rəhbərlik edən Rusiya müharibəni tam istisna edir. Eyni zamanda, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu günlərdə işğal olunmuş ərazilərimizdən bəyan etdi ki, müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək. Bəs, o halda güvəndiyimiz Türkiyə, Türk ordusu ötən əsrin əvvəllərində olduğu kimi Azərbaycanın arxasında dayanacaqmı, yoxsa yaxşılaşan Ankara-Moskva münasibətləri buna əngəl olardı?
– “Rusiya Ermənistanın arxasında duracaq”- sözünü erməni deyir. Ruslar deyirmi? Xeyir! Elə isə siz də erməninin dediklərinin cavabında “Türkiyə bizim arxamızda olacaq”, deyin.
Söhbətin sonunda Azər Ayxan azərbaycanlı qəzetçilərin elə bu hadisələrlə əlaqədar Türkiyə prezidenti və ya baş naziri ilə görüşünün təşkil olunması ideyasını səsləndirir, böyükelçi “iyi olur”, cavabını verir. Eyni zamanda təklif edir ki, bununla bağlı rəsmi müraciət edək.
“Azərbaycanın qəbul etdiyi formul ortaya çıxarsa, Türkiyə sonadək bu həll planına dəstək verər və o prosesdə nə lazımdırsa, Türkiyə o addımları atar”
Söhbətin yekununda səfir bir daha Azərbaycana təşəkkürlərini dilə gətirdir:
-Azərbaycana güvənə biləcəyimizi bir daha gördük, bu, bizə güc verdi. Allah razı olsun! Bu, çox önəmlidir. Səmimiyyətlə deyirəm, bunun dəyərini nə mən sözlə yetərincə ifadə edə bilərəm, nə də başqa bir şəkildə. Həm prezidentimiz, həm baş nazirimiz, həm də bütün nazirlərimiz Azərbaycan adına zikr edərək bunu deyirlər. Bu, sadəcə cənab prezidentimizin, dövlətimizin Azərbaycana görə sərgilədiyi refleksdən dolayı deyil, küçələrə çıxan azərbaycanlıların şəxsində bildiyimiz bütün Azərbaycanın əhval-ruhiyyəsindən irəli gəlir. Bəzən əcnəbilər “siz eyni dili anlayırsınız” deyə, soruşurlar. Dili bir tərəfə qoyaq, bu, ruh birliyidir. Azərbaycandakı fəaliyyətimin 4-cü ilinin sonudur. Bunu yaşamaq mənimçün ən qiymətli təcrübələrdən biridir. Təəssüf ki, bu dəfə bunu məlum mənfi hadisə ilə yaşadıq, amma o gücü hiss etmək gözəl bir şeydir…
İnterpress.az