Günəş altında ZƏHƏR: Küçədə satılan qida məhsulları İstehlakçını risk altına atır – FOTOLARbackend

Günəş altında ZƏHƏR: Küçədə satılan qida məhsulları İstehlakçını risk altına atır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç bir soyuq qida zəncirinə əməl olunmadan qida məhsullarının satılmasının birbaşa istehlakçıların sağlamlığına vurduğu ziyan qaçılmazdır.

Bunu, küçə satışında yüksək temperatur və birbaşa günəş şüasının məhsulların keyfiyyətinə təsiri və tərkibində baş verən dəyişikliklərdən yaranan fəsadlar barədə danışan qida eksperti İlkin Şirinov İnterpress.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, son günlər havaların kəskin istilərlə müşayiət olunması küçələrdə satılan meyvə-tərəvəz və qida məhsullarına birbaşa mənfi təsir edir və insan sağlamlığı üçün təhlükəlidir.

“Heç bir soyuq qida zəncirinə əməl olunmadan qida məhsullarının satılmasının birbaşa istehlakçıların sağlamlığına vurduğu ziyan qaçılmazdır.

Qarşımızdakı fotolarda görürük ki, küçə satışında müxtəlif meyvə-tərəvəz, göbələk satılır. Göbələklə bağlı, yaratdığı fəsadlarla bağlı dəfələrlə danışmışıq. Göbələkdən hazırlanan turşular və bişirilmiş müxtəlif yeməklərdən yaranan problemləri qabartmışıq.

Müxtəlif restoran və kafelərdə bu cür göbələk yeməklərinin və salatlarının bugündən sabaha, sabahdan o biri günə qalması haqqında dəfələrlə deyirik ki, burada insan sağlamlığı risk altındadır. Bu məsələlər barədə yetərincə danışmışıq.

İndi isə başqa məsələyə toxunmaq istəyirəm. Şəkillərdə gördüyümüz vəziyyətdə satılan göbələklərdən insanların sağlamlığına hansı fəsadların yaranacağı barədə artıq burada heç kim slğortalanmayıb. Fotolardan görünür ki, artıq məhsulun keyfiyyət məsələsi sıfırdır.

Burada məhsulun saxlanılması o yana, məhsuldan birbaşa zəhərlənmə sanki gözlə görüləcək səviyyədədir.

Bunun kimi digər məhsullar, kolbasa və sosislərin, müxtəlif suların bu cür günəş şüaları altında, heç bir soyutma sistemi olmadan satışını həyata keçirmək artıq müştərilər üçün sanki bir ölüm çağırışıdır.

Burada müştərinin qarşılaşdığı fəsadlar, sağlamlığında olan problemlərdən heç kim sığortalanmayıb və burada heç kim cavabdehlik daşıya bilməz. Çünki burada cavabdeh şəxs yoxdur: bu, küçə satışıdır.

Bu gün burada satırlar, sabah başqa yerdə satacaqlar, müxtəlif yerlərdə satacaqlar. Ona görə də insanların sağlamlığında yarana biləcək fəsadlar qaçılmazdır”, – ekspert vurğulayıb.

O, həmçinin küçələrdə “kənd toyuğu” adı altında satılan toyuqların təhlükəsi barədə də xəbərdarlıq edib.

“Bu məsələ həmçinin günəş şüası altında satılan müxtəlif qida məhsullarına, o cümlədən toyuq məhsullarına da aiddir. Soyutma sistemi olmadan, birbaşa günəş şüası altında satılan toyuq məhsullarında havanın yüksək temperaturunun təsiri ilə salmonella bakteriyası münbit şəraitdə dayanmadan artır və insanın birbaşa zəhərlənməsinə gətirib çıxarır.

Kənd toyuğu adı altında sarı rəngli toyuqların üzərində heç bir markalanma, istehsalçı haqqında məlumat yoxdur. Üzərində bir kağız parçası belə yoxdur ki, bu toyuqların hardan gətirildiyini biləsən. Və bu kimi məsələlər sonda gətirib zəhərlənmələrlə müşahidə olunur”, – ekspert bildirib.

Xuraman Etibarlı

İnterpress.az