Amerikalı kişi özünü boğulmuş kimi göstərərək Gürcüstana qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
ABŞ-də yaşayan Rayan B. ailəsindən qaçmaq üçün qeyri-adi plana əl atıb. O, guya göldə boğularaq həyatına son qoyduğunu nümayiş etdirib və yeni həyat qurmaq üçün sevgilisinin yanına Gürcüstana gedib.
Hadisə 2024-cü ilin avqustunda baş verib. Rayan gecə vaxtı kajakla gölə çıxıb, telefon, pulqabı və açarlarını suya ataraq kajakı çevirdikdən sonra şişmə qayıqla sahilə qayıdıb və izsiz yoxa çıxıb. Bu vaxt ailəsi onun ölümünə inanaraq xilasetmə xidmətinə müraciət edib. Vodolazlar göldə onun “meyitini” 8 həftə axtarıb.
Məlumata görə, kişi internetdə tanış olduğu qadınla yeni həyat qurmaq istəyib. O, Gürcüstana köçməzdən əvvəl Kanadaya yollanıb, pul köçürmələri edib, hətta yeni pasport almağa da çalışıb.
Araşdırma zamanı hüquq-mühafizə orqanları Ryanın brauzer tarixçəsini silməsini, yeni pasport müraciətini və şübhəli maliyyə əməliyyatlarını aşkarlayıb. Nəticədə onun sağ olduğu üzə çıxıb.
Məhkəmə qərarı ilə Rayan 89 gün həbs cəzası alıb — bu, onun rəsmi olaraq itkin sayıldığı günlərin sayına bərabərdir.
O, həmçinin axtarış əməliyyatlarına sərf olunan 30 min ABŞ dollarını dövlətə ödəməlidir.
Rayan məhkəmədə hərəkətlərinə görə peşman olduğunu desə də, bu, hökmün yüngülləşməsinə səbəb olmayıb.
Xuraman Etibarlı
İnterpress.az