Ramil Usubov hesabat verdibackend

Ramil Usubov hesabat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov bildirib. Onun sözlərinə görə, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.

Bildirilib ki, profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib.

Məruzəçi hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyətinin olduğunu qeyd edib. Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.268 cinayətin “isti izlərlə” açıldığı, 9.289 hüquqazidd əməlin qarşısının alındığı bildirilib.

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 481 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 14.668 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 122 avtomobil saxlanılıb. Ümumən, 2015-ci illə müqayisədə hesabat ilində cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil edib.

Hüquqazidd əməllərdən zərərçəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə cəzanın labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3018 nəfər tutulub.

İnterpress.az