“Biz ailəsi olaraq oğlumla bağlı ekspertizanın nəticəsini gözləyirik”. Bu sözləri musavat.com-a açıqlamasında iki gün öncə intihar etmiş psixoloq Dəyanət Rzayevin anası Şərqiyyə Rzayeva bildirdi. Onun sözlərinə görə, oğlunun qətlə yetirilməsinə inanmır. Çünki onun evini qapısını açıb, içəri girən, onu bu vəziyyətdə görən özü olub: “Mən burda yox idim. Xəstə idim. Son bir neçə gündə isə danışmamışdıq. Əvvəl də tez-tez zəng edirdim. Son bir neçə gündə isə özümü pis hiss edirdim. Uşaqları məktəbə aparıb-gətirəndən sonra dedim ki, Dəyanətə baş çəkim. Çünki ondan xəbər yox idi, zənglərə cavab vermirdi. Açarım var idi, açdım, o mənzərəni gördüm”.
Ş.Rzayevanın sözlərinə görə, oğlunun heç bir borcu olmayıb və guya maddi problemlərə görə intihar etməsi inandırıcı deyil. Müsahibimiz deyir ki, oğlu heç zaman kreditlə nəsə almaz, heç kimdən borc götürməzdi: “Deyirdi ki, nəyim varsa budur. Mənə deyirdi ki, mebelimiz yaxşıdır, gedib kreditlə mebel almaq lazım deyil. Hər gördüyünə əl uzatsın, almaq istəsin… yox idi belə cəhətləri. Həmişə deyirdi ki, dünyanın malı dünyada qalacaq. Heç vaxt heç kimlə bəhsə girməzdi. “Filankəsdə nəsə var, məndə də olsun” prinsipi ilə yaşamırdı. Uşağım gözütox idi. İki evi vardı. Birində özü, o birində ailəsi, uşaqları yaşayırdı”.
Müsahibimizin sözlərinə görə, mərhum psixoloq heç vaxt onunla şəxsi problemləri, qayğıları ilə bağlı müzakirə aparmayıb, heç kimlə düşmənçilik etməyib: “Çox zərərsiz biri idi. Heç kimə bir pisliyi keçməmişdi. Dərdi var idisə, içinə atırdı, heç vaxt başqasına demirdi. Mən də anası olaraq onun şəxsi işlərinə qarışmamışam”.
Ş.Rzayevadan onun ölümü ilə bağlı daha çox qətl, ya intihar versiyasına inanması barədə soruşanda isə müsahibimiz “mən oğlumun ölümünü qəbul edə bilmirəm, onda qala hansısa versiyaya inanım” dedi. (musavat)
İnterpress.az