Məcburi köçkün yataqxanalarında sayğaclar qurulurbackend

Məcburi köçkün yataqxanalarında sayğaclar qurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısının müvafiq fərmanından sonra kommunal xidmət göstərən dövlət qurumları məcburi köçkün ailələrinin yaşayış yerlərində sayğaclaşma prosesinə başlayıblar.

Məlum olduğu kimi, fərmanın icrasına başlanılan ilk günlər məcburi köçkünlərin bir qismi sayğacların quraşdırılmasına qarşı çıxıb, buna öz etirazlarını bildirirdilər. Öyrəndik ki, hazırda durum əvvəlki kimi deyil və məcburi köçkünlərlə bu istiqamətdə söhbətlər aparılır, sərəncamın mahiyyəti onlara aydınlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev “Yeni Müsavat”a bildirib ki, sərəncama uyğun olaraq onların əməkdaşları sayğacların quraşdırılması prosesini davam etdirirlər: “Fərmandan irəli gələn işlərin icrasına başlanılıb. Belə ki, hər bir məcburi köçkün üçün fərdi qaydada sayğac quraşdırılması işi həyata keçirilir. Əvvəllər ailənin hər bir üzvü üçün limit ayrılırdı. Bu limit qış aylarında 45 kubmetr, yaz və payız aylarında 35 kubmetr, yay aylarında isə 25 kubmetr idi. Artıq cənab prezidentin imzaladığı fərmana uyğun olaraq, hər bir məcburi köçkün üçün 36 manat məbləğində vahid aylıq müavinət təyin olunub. ”Azəriqaz\” İstehsalat Birliyi də bu fərmandan irəli gələn işlərin icrasını həyata keçirir\”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də bu istiqamət üzrə işlərin qaydasında getdiyini bildirib: “Hazırda Azərbaycan Texniki Universitetinin yataqxanalarında, Nərimanov, Binəqədi, Səbayel, Nəsimi, Xətai, Nizami rayonlarının ərazisində yüksək səviyyədə sayğaclaşma işləri davam etdirilir. Heç bir narazılıq da yoxdur. Məcburi köçkünlər normal şəkildə əməkdaşlarımızı dinləyirlər və onlar da işlərini aparırlar. Narazı olanların məsələsi isə yerində araşdırılır. Bildiyiniz kimi, biz bu məsələ ilə bağlı qərargah da yaratmışıq. Həmin qərargah 24 saat ərzində fəaliyyət göstərir. Ora bütün rayonlardan məsul əməkdaşlarımız cəlb olunub. Bu əməkdaşlar gün ərzində görülən işlərin hesabatını verirlər. İlk əvvəl məcburi köçkünlər arasında bir qədər narazılıq olsa da, hazırda sayğac quraşdırılmasında heç bir problem yoxdur. Məcburi köçkünlərin hansı tələbləri, istəkləri varsa, əməkdaşlarımız onları dinləyərək bu məsələləri qeyd edirlər. Artıq son iki gün ərzində 3500-ə qədər sayğac quraşdırılıb. Əvvəllər hər bir məcburi köçkün üçün 150 kilovat-saat limit təyin olunmuşdu. Cənab prezidentin fərmanından sonra bizim qurum tərəfindən operativ qaydada bu limitlər dayandırıldı. Yəni bizim sistem elektron olaraq yeni qaydaya tam hazırdır”.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı da “Yeni Müsavat”a bildirib ki, sayğac qurulması işləri davam etdirilir: “Artıq bizim qurumda qərargah yaradılıb. Bu qərargah məcburi köçkünlərin yaşadıqları yerlərdə onların qeydiyyata alınmasına və sayğaclaşması işlərinə rəhbərlik edəcək. İndiyədək Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün yataqxanalarına 400-dən artıq sayğac quraşdırmışıq. Bu həftə ərzində orada sayğaclaşma prosesini tam olaraq başa çatdıracağıq. Ümumiyyətlə, bizim ilkin olaraq abonent bazamızda təhlillər aparılıb. Məlum olub ki, təqribən 92 min qeydiyyatda olan məcburi köçkünümüz var ki, onlar sayğacla təmin olunmayıblar. Yəni onlarla hesabat indiyə qədər ailə üzvlərinin sayına görə aparılıb. Məqsədimiz odur ki, məcburi köçkünlərin hamısını sayğacla təmin edək ki, dəqiq uçot aparılsın. Fərmana qədər bir nəfər ailə üzvünə görə 5 kubmetr limit verilirdi”.

Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.

İnterpress.az