Həbsdəki siyasi fəallar – ailələri əfvə ümid edirbackend

Həbsdəki siyasi fəallar – ailələri əfvə ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanı ilə 150-yə qədər məhbus azad edildi. Onlar arasında beynəlxalq təşkilatların “siyasi məhbus” kimi tanıdıqları şəxslər də var: NİDA-çılar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Hilal Məmmədov, xalq hərəkatının fəallarından olan Nemət Pənahlı, Müsavat Partiyasının başqan müavinləri Yadigar Sadıqov və Tofiq Yaqublu, Müsavat Partiyasının üzvü Sirac Kərimli mart ayında əfv olunublar.

Lakin siyasi fəalların bir qismi hələ də həbsxanadadır. Onlardan REAL sədri İlqar Məmmədovu, cəbhəçilər Fuad Qəhrəmanlı, Seymur Həzi, Faiq Əmirli, Məmməd İbrahim, NİDA-çılar İlkin Rüstəmzadə və Əbdül Əbilovu qeyd edə bilərik.

Bu şəxslərin azadlığa çıxmasına ümidlər isə yenə də mart ayına qalıb. Belə ki, hüquq müdafiəçiləri, məhkumların ailə üzvləri ümid edirlər ki, bu il də mart ayında prezident əfvlə bağlı sərəncam imzalayacaq və yuxarıda adlarını qeyd etdiyimiz şəxslər azadlığa çıxacaqlar.
İnterpress.az xəbər verir ki, İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a bildirib ki, bu həftə onunla görüşəcək: “Ancaq telefonla danışıram, vəziyyətinin yaxşı olduğunu söyləyir. Səhhətində heç bir problem yoxdur. Hər şey normal şəkildə davam edir. Son günlər REAL ətrafında yaşananlarla bağlı da vəkili ilə görüşüb, yəqin ki, öz münasibətini onun vasitəsilə bildirəcək”.

NİDA-çı gənc Əbdül Əbilovun anası Nurcahan Əbilova “Yeni Müsavat”a bildirib ki, oğlu hələ də müalicə alır:

“Əbdülün səhhətindəki problemlər davam edir. Hazırda müalicə müəssisəsindədir və müalicə olunur. Vəziyyət əvvəlki kimidir. Əbdülün müalicəsi ilə ciddi məşğul olunmur. Çünki oranın vəziyyəti buna imkan vermir. Özü də deyir ki, azadlığa çıxdıqdan sonra müalicəsini davam etdirəcək”.

İnterpress.az