İnterpress.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən apa-ya verilən məlumata görə, yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gedib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.
Oğurluqda şübhəli bilinən şəxslər – Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
İnterpress.az