Yavru vətən Naxçıvanın rəhbərinin doğum günüdürbackend

Yavru vətən Naxçıvanın rəhbərinin doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün onun 58 yaşı tamam olub.

Xatırladaq ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində işləyib.

O, Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib.

1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib.

Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədridir.

Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

İnterpress.az