İnterpress.az Minval.info-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova qeyd edib. O bildirib ki, bu gün verilişinə Xocalı sakini, həmin günlərin canlı şahidi, 20 yaşında ikən ermənilərə əsir düşmüş və müsibətlər yaşamış Dürdanə Ağayevanı qonaq çağırıb. Onunla söhbətdən sonra aparıcı hələ də özünə gələ bilmədiyini söyləyib: “Mənim üçün ayağa qalxıb yerimək belə çətindir. Sanki sönmüşəm. Qabağı görmürəm. 26 il ötür. Bu müddət ərzində böyümüşük, çox irəli getmişik, böyük nailiyyətlərə imza atmışıq və sair, amma… bu “amma” qanımızı sovurur, canımızı alır, ürəyimizdə xal salıb, kök atıb, dağ vurub.
Donmuş uşaqların cəsədlərini görmək, qızlarımızın, qadınlarımızın, 5-6 yaşlı qız və oğlan balalarımızn başına gətirilən müsibətləri eşitmək insanı sümüyünün iliyindən silkələyib ayıldır. Ermənilərin doqquz yaşlı azərbaycanlı qızcığazın başına açdığı oyunları eşidib bilmək məni nəinki qadın və ana, bir insan kimi sarsıtdı”.
Aytən Səfərovanın sözlərinə görə, Qarabağ kimi dərdimiz olduğu halda, bizsə gündə “gic-gic” mövzulara dair bir-birimizi qırırıq:
“O inildəyən balalarımızın, gəlinlərimizin, zorlanmış qızlarımızın namus-qeyrət, qolları, başları kəsilən uşaqların qanının qisası var…Kim kimə tac taxdı, kim alverçiyə borclu qaldı, Aygündü sənətkar, ya Röya?! Və sair… Min xırda, səviyyəsiz “problem”ə səpələnib cilik-cilik oluruq, amma şəhidlərin, zorlanmış qız-gəlinlərimizin, orqanları çıxarılıb xaricə satılan bacı-qardaşlarımızın, övladlarımızın qanı hələ də yerdədir…”
İnterpress.az