Deputat Ölkə.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə insan şəxsiyyətinin alçaldılmasına və təhqirlərə yol verilməməlidir:
“İlk növbədə bu məsələlərə saytlar və sosial şəbəkələr özü nəzarət etməlidir, tənzimləməlidir. Daha gədə-güdənin əlinə imkanlar verilməməlidir ki, insanları təhqir etsinlər. Bəzən “Youtube”a baxanda görürsən ki, Qənimət Zahid, Vidadi İsgəndərli və digər 4-5 nəfər təhqirlərə yol verirlər. Lazım gəlsə, bu adamlara cinayət işi də açılmalıdır, beynəlxalq hüquq normalarına əsasən tələblər qoyulmalıdır. Onların “Youtube” səhifələrini dondurmaq da olar. Çünki onların bizə ziyanından başqa faydası yoxdur. Onlar cəmiyyətimizdə çaşqınlıq yaradırlar. Gedib Almaniya və digər Avropa ölkələrində oturub tərbiyəsizliklərlə məşğul olurlar.
Tərəfdarıyam ki, həmin adamların “Youtube” səhifələri bağlanılsın. Eybi yox, müxalifət bunu pisləsin. Onsuz da müxalifətin işi, peşəsi bizə böhtan atmaqdır”.
Mirkazım Kazımov Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çağırışlarına da müsbət yanaşdığını söyləyib:
“Əli Həsənov mənim həm partiya silahdaşım, həm də hörmətli ziyalımızdır. Onunla bir yerdə əməkdaşlığımız var. Əli müəllim çox savadlı adamdır. O, dünyada gedən prosesləri və cənab Prezidentin siyasətini doğru analiz etmək qabiliyyətinə malik olan adamdır. Onun söylədiyi fikirlər tam əsaslıdır”.
Deputat Azərbaycan əhalisinin prezident seçkilərinə də böyük maraq göstərdiyini söyləyib:
“Biz tez-tez rayonlarda olur, insanlarla görüşürük. İnsanlarımızın mütləq əksəriyyəti cənab İlham Əliyevin siyasətini dəstəkləyir. Xalq çox yaxşı anlayır ki, Azərbaycanın dövlət müstəqilliyininin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olub. Cənab prezident isə 14 ildir ki, ölkədə bu qədər işlər görüb, 1,9 milyon iş yeri açılıb, bunun 1,4 milyonu daimi iş yeridir. Bundan başqa, cənab prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir, böyük yollar çəkilib, hava limanları istifadəyə verilib, kənd təsərrüfatı, sənaye və digər sahələrdə böyük nailiyyətlər əldə edilib. Yəni, cənab prezident verdiyi vədlərin hər birini yerinə yetirib, daha müxalifət kimi boş vədlər verməyib. İnşallah cənab prezidentin rəhbərliyi altında 2018-ci ildən 2025-ci illərədək də ən böyük uğurlu işlər həyata keçiriləcək. Bütün bu işlər xalqımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlib”.
İnterpress.az