Gənclər Assosiasiyasının Quba nümayəndəliyi açıldıbackend

Gənclər Assosiasiyasının Quba nümayəndəliyi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.

S.Abbasov qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq”.

ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov respublikanın ayrı-ayrı regionlarında nümayəndəliklərinin açılmasının zəruri olduğunu vurğulayıb: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Ötən il Rusiya, Ukrayna və Polşada nümayəndəliklərin açılması, birgə layihələrin reallaşdırılması baxımından çox əhəmiyyətli oldu. Bundan başqa Avropa Şurası Gənclər Departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir. Beynəlxalq əlaqələrlə yanaşı, biz region gənclərinin də vətəndaş cəmiyyəti quruculuğunda iştirakını artırmaq məqsədi ilə region nümayəndəliklərini təsis etməyə başladıq. Ötən il Gəncə nümayəndəliyi təsis edildi və bir neçə mühüm layihələr reallaşdırıldı. Bugün isə biz uzun sürən texniki planlaşdırmadan sonra Quba nümayəndəliyini təsis etdik. Quba Azərbaycanımızın strateji regionlarından biridir. Burada Azərbaycan tarixinin çox mühüm hissəsi əyani şəkildə qorunub saxlanılmaqdadır. Quba memorial soyqırım kompleksi isə birmənalı şəkildə erməni xislətini, vəhşiliyini sübutlarla ortaya qoyur. Quba nümayəndəliyinin açılması isə region gənclərinin ölkənin ictimai həyatında iştirakını stimullaşdıran əsas amillərdən biridir”.

Qeyd edək ki, yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Quba nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Nümayəndəliyin rəhbəri Tamerlan Turabovdur. Nümayəndəlik səmərli fəaliyyətini təmin etmək məqsədi ilə bütün zəruri texniki avadanlılarla təchiz olunub.

İnterpress.az