Belə ki, son dövrlərə qədər Türkiyədə Paralel Şəbəkəyə qarşı mübarizənin Azərbaycanda tam gücü ilə həyata keçirilməsində “tormoz” rolunu oynayan Eldar Mahmudovun gedişi ilə ciddi dayaq itirilib. Mahmudov vəzifə başındaykən, Gülən tərəfdarlarına qarşı ittihamlara “siz MTN-dən yaxşı bilirsiniz?” deyə, rişxənd edən fətullahçıların niyə o ifadədən istifadə etdikləri üzə çıxıb. Bəlli olub ki, MT nazirinin atasına Şərur Türk Liseyinin önündə heykəl qoyaraq, Mahmudovun könlünü fəth edən gülənistlər bu kartdan maksimum istifadə ediblər.
Gülənin rəsmi orqanı olan “Zaman”ın Azərbaycan nümayəndəliyinin də Mahmudovu üstüörtülü müdafiə etməsi də “keçən günlərin ah-vayıdır”. Qəzetin baş redaktoru Anar Qaraxançallı Əhməd Mahmudovun keçmiş Şərur Türk Liseyi önündəki heykəlinin sökülməsinə reaksiyasına diqqət edin:
“Naxçıvanlı jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyevin iddiasına görə, sabiq nazir Eldar Mahmudovun atası Prof. Əhməd Mahmudovun Naxçıvandakı heykəli sökülüb. Həm də tanınmış alimin heykəlinin başına ip bağlayaraq…
Əgər bu adamın heykəli qoyulmağa layiq deyilsə, heykəli kim qoyub? Yox, əgər layiqdirsə, oğlunun səhvinə görə, atasının ruhunu niyə incidirsiniz? Sabah da başqa birisi gəlib, onu sökənlərə də eyni münasibəti göstərsə, necə olacaq?
AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olmuş Prof. Əhməd Mahmudov Fəxri Xiyabanda dəfn olunub. Onu da oradan çıxartsaq, bütün problemlər həll olmuş olacaq”.
Əvvəla, Eldar Mahmudov etimadı itirdiyi üçün vəzifəsindən azad olunub. Ancaq Azərbaycan hakimiyyəti Gülənin əcdadı olan Pakrudinilər kimi qəddar deyil ki, kiminsə ruhunu incitsinlər.
İkincisi, o heykəli oraya dövlət deyil, Şərur Türk Liseyi, yəni Anar Qaraxançallının mənsub olduğu şəbəkə sırf nazirə yarınmaq üçün qoyub. Belə ki, nazirə özləri üçün bina tikdirənlər (ki, Eldar Mahmudovun öz hesabına nəsə edəcəyi inandırıcı gəlmir, böyük ehtimalla özləri tikib, onun adına çıxıblar ki, nazirə bir az da artıq yarınsınlar, həm də hər kəsə MTN ilə necə yüksək münasibətlərinin olduğunu göstərsinlər) heykəli qoyublar. Şərur Türk Liseyi Azərbaycanda açılan ilk liseylərdən biridir. Nə üçün Əhməd Mahmudova heykəl qoymaq oğlu nazir olandan sonra yada düşüb? Hər nazir öz atasına (ki, əksəriyyətinin valideyni Eldar Mahmudovun atasından heç də az nüfuzlu deyil) heykəl qoysa, ölkə hansı hala düşər?
Ancaq göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələrini baltalayan, prezident Ərdoğan haqqında ən ağır yazıların müəllifi olan “Zaman Azərbaycan” və onun baş redaktoru artıq Azərbaycan iqtidarına da dil uzatmaqdan çəkinmir. “Sabah da başqa birisi gəlib, onu sökənlərə də eyni münasibəti göstərsə, necə olacaq?” deyərək, fətullahçıların tikdiyi qanunsuz tikilini oradan qaldıran dövləti ittiham edir.
Vaxtilə yırtıq şalvarlarla Azərbaycana gəlib, burada bizim ürəyitəmizliyimizdən istifadə edərək milyardlar sahibi olan Gülənin missionerləri və onların yetişdirdiyi Anar Qaraxançallılar unudurlar ki, Azərbaycan sizi yüksəltdiyi kimi endirməsini də bilir. Bəs bu gün Mahmudov üçün dövləti suçlayan, ondan öncəki yazılarında Xədicə İsmayılsayağı ittihamlar səsləndirirdi: “Bəzilərinin də biznesi ölkə hüdudlarını aşıb. Parisdə iş mərkəzləri, Londonda villalar… Nə qədər gedəcək, hara kimi davam edəcək?” Bu həmin vaxt idi ki, Bakı 2015 Avropa Oyunları ərəfəsində xarici mətbuat Azərbaycan əleyhinə bu kimi iftiraları tirajlayırdı.
Məsəl var. Yetimdən soruşublar ki, kimə xəyanət edərsən. Cavab vermiş ki, çörək verənə. Türkiyədə yaşanan hadisələrə rəğmən hər altı aydan bir dövlətdən 20 min manat yardım almağın sonu budur. ( yenicag.az )
İnterpress.az