Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğı gözdən əlil insanları da əhatə edir və bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmin olunması, onların reabilitasiyası istiqamətində tədbirlər ilbəil güclənir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkədə gözdən əlillər digər əlilliyi olan şəxslər kimi aylıq sosial müavinətlərlə təmin edilirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, ötən ilin aprel ayından etibarən isə əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilməkdədir. Bununla yanaşı, \”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən olunur.
Qeyd olunan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər aparılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa etdirilir. Xüsusi layihə əsasında inşa olunan bu yaşayış binasında gözdən əlillərin çətinlik çəkmədən hərəkət etmələri üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub. Gözdən əlillərin peşə reabilitasiyası istiqamətində də tədbirlər davam etdirilir və nazirlik tərəfindən cari ilin ötən dövründə 50 nəfərədək gözdən əlil brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Həmin insanların peşə və ümumən sosial reabilitasiyası imkanlarının genişləndirilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi üçün nazirliyin sifarişi əsasında hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi tikilir.
Bu təbəqədən olan insanların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şəraitin yaradılması yönündə Heydər Əliyev Fondu tərəfindən mühüm işlər görülür. Fond tərəfindən müvafiq layihə çərçivəsində gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olmaları üçün respublikamızın ayrı-ayrı bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində göstərilən sosial xidmətlər gözdən əlil şəxsləri də əhatə edir. Belə işlərdən biri kimi, müvafiq layihə çərçivəsində görmə imkanları məhdud şəxslər üçün bədii və cizgi filmlərinin tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri tamaşaçıya sözlə çatdırma) təqdim olunması işləri aparılır.
Gözdən əlillərlə bağlı humanitar xarakterli tədbirlərin təşkili də diqqətdə saxlanılır və ötən ilin dekabrında nazirliyin təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonlarında yaşayan gözdən əlillərə oftalmoloji xidmətlər göstərib.
Bu təbəqədən olan insanlar arasında idman tədbirlərinin və onların müxtəlif yarışlarda iştirakının dəstəklənməsi istiqamətində də məqsədyönlü işlər görülür.