Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanuna dəyişiklikləri təsdiq edibbackend

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanuna dəyişiklikləri təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti 3 ay müddətində:

Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Qanundan irəli gələn digər məsələləri həll edilməlidir;

Müəyyən edilib ki:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

Həmin Qanunun 1-ci maddəsinin on doqquzuncu abzasında və 13-cü maddəsinin 12-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

Həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında, 10-cu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirirlər;

Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qanuna edilmiş əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidir. Nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Qanuna edilmiş əlavəyə görə, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

Həmçinin, qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir. İstehlakçılar qaz qurğularının bu qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bundan başqa, dəyişikliyə əsasən, istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.

Qanunda məişət qaz qurğularına tələblərə görə, istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur.

Qanuna edilən dəyişikliyə görə, istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olmalıdır. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.

Həmçinin, istehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Həmçinin qanuna edilən dəyişikliyə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Bundan başqa, tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti (dik boru), digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab edilir.

Interpress