Bakı Ağır Cinayətlər Məhkəməsindən keçirilən prosesdə şahid qismində Orxan Axundov adında şəxs danışıb. O bildirib ki, Aytac sinif yoldaşı olub və İzzətlə isə dost münasibətdə olub.
Orxan İzzətlə Aytacın bir dəfə davasına şahid olduğunu deyib: \”Aralarında münaqişə oldu. İzzət özünü itirdi və onun əlindəki telefonu alıb sındırdı. Amma İzzət Aytaca əl qaldırmadı\”.
Daha sonra cinayəti törətməkdə şübhəli bilinən İzzət danışaraq hadisənin təfərrüatlarını nəql edib. O bildirib ki, Aytacı 9-cu sinifdə görüb və sevib: \”İlk günlərdən aramızda münasibət yarandı. Anası bunu eşidib məktəbə gəlib və mənə qızımdan uzaq dur dedi. Qızın anası mənə dedi ki, övladım məktəbdə oxuyur və onun belə şeylərə vaxtı yoxdur. Ancaq buna baxmayaraq bizim münasibətimiz davam etdi. Arada mübahisələrimiz olub, amma 2-3 gün sonra barışırdıq. Bir gün hazırlığa getmişdi. Rəfiqələrindən soruşanda dedilər ki, hazırlığa gəlməyib. Evə qayıdanda şəhərdə Aytacı bir oğlanla qol-qola gördüm. Yaxınlaşıb oğlandan soruşdum ki, sən kimsən? Mənə Aytacın dayısı oğlu olduğunu dedi. Oğlanın adı Orxan idi. Aytac isə bu oğlanla sözlü olduqlarını etiraf etdi və mənə ondan uzaq durmağımı söylədi. Bu hadisədən sonra onu axtarmadım\”.
İzzətin sözlərinə görə, bir ildən artıq müddətdə Aytacla danışmayıb. Sonradan ona gizli zənglər gəlməyə başlayıb: \”Bir neçə dəfə də belə zəng gəlmişdi. Bir dəfə gizli zəng gəldi. Telefonu götürdüm və ətrafdan gələn səslərdən onun Aytac olduğunu anladım, amma ona geri zəng eləmədim. Hadisədən bir gün qabaq Aytacla avtobusda rastlaşdıq. Danışıb söhbət etdik. Aytaca sabah görüşmək istədiyimi bildirdim və o da razılıq verdi. Hadisə baş verən günü üstümdə bıçaq götürdüm ki, özümə xəsarət yetirim. Çünki, Aytac məni həqiqətən sevirdi və mənə nəsə olmağını istəmirdi. Söhbət zamanı ciddi mübahisə etdik. Aytaca dedim ki, mənə niyə yalan danışmısan? Onun sərt cavabından sonra özümü itirdim və Aytacı bıçaqladım\”.
Proses zamanı Aytacın anası Gözəl Babayeva İzzətə sərt sözlər ünvanlayıb. Qadın bildirib ki, İzzət ölən günü əlinə xına yaxacaq: \”Sən ölən günü Aytaxın xınayaxdısını edəcəm. Əlimə də xına yaxacam. Sən o həbsdə çürəyəcəksən. Səni tapdalayaram, öldürərəm\”.
Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi bu ilin aprel ayında baş verib. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinib. İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. (baku.ws)
İnterpress.az