Serj Sarkiyana qarşı imza toplanırbackend

Serj Sarkiyana qarşı imza toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə QHT-lərdən ibarət İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təqdimatı olub.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyanın aparılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, 19 yanvar tarixində QHT Dövlət Dəstəyi Şurasının iclasında 20 yanvar hadisələri və Azərbaycana bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün İşçi Qrupun yaradılması qərara alınıb və qrupa 17 QHT rəhbəri daxil edilib: “Onlar bir neçə gün ərzində aktiv şəkildə çalışıblar və nəticədə bu gün qarşıda duran iki işin təqdimatı keçirilir. İşçi Qrupun əsas işlərindən biri 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, həmçinin Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs”i qısa müddətdə toplamağı planlaşdırır. Bu kampaniyanı keçirməkdə məqsəd Azərbaycan xalqının vahid mövqedən çıxış etdiyi göstərməkdir. 100 min səsin toplanmasına günün ikinci yarısından etibarən avaaz.org saytında başlanacaq və bunun əlaqədar BMT-nin Təhlükəsizlik Şurasına müraciət olunacaq. Hər kəsi bu işdə aktiv olmağa çağırıram. Ümid edirəm ki, bir neçə gün ərzində həmrəylik nümunəsi göstərərək bu məqsədə çatacağıq”.

İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi Asif Əsgərli isə başqa ölkələrdə bu istiqamətdə görüləcək işlər barədə məlumat verib: “Xarici ölkələrdə tədbirlərin keçirilməsi daha məqsədəuyğun olacaq. Bu təbliğat xarakterli işlərini görmək üçün petisiya ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara, başqa ölkələrdəki QHT fəallarına göndəriləcək. Biz çalışırıq ki, bu imza toplamada təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları, xarici ölkələrdəki QHT-lərin fəalları da iştirak etsinlər. Bu, 20 Yanvar həqiqətlərinin beynəlxalq çərçivədə təbliği, həmçinin Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılması baxımından çox önəmli bir məsələdir”.

İnterpress.az