Buna səbəb qızının işə bərpa edilməsi ilə bağlı məhkəmə qərarının “Azəriqaz” tərəfindən yerinə yetirilməməsidir.
N.Allahverdinin sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin struktur dəyişikliyi adı altında ixtisara düşmüş qızıyla bağlı Suraxanı rayon Məhkəməsində iddia qaldırıb. İddiaya əsasən Suraxanı rayon Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazovun 30.05.2014-cü il tarixli 74/k saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilib. Suraxanı rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(010)-4562/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməyib. Suraxanı rayon Məhkəməsinin qətnaməsindən N.Nağıyeva tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28.11.2014-cü il tarixli 2(103)-5927/2014 saylı qətnaməsi ilə təmin edilərək onun tutduğu peşəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilib: “Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ə.Hacıyevin imzasıyla 12.01.2015-ci il tarixdə Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazova məktub göndərilib.
Məktubda bildirilir ki, N.Nağıyevanın əvvəlki peşəsinə bərpa olunması, həmin peşənin mövcud olmadığı təqdirdə isə tutduğu peşəyə uyğun işə bərpa olunması və məktubun icrası barədə “Azəriqaz”a məlumat verilməlidir”.
Şikayətçinin sözlərinə görə, bununla əlaqədar Suraxanı rayon QİS-nin rəisi onu və qızını idarəyə dəvət edib: “Orada bizə boş yerlərin siyahısını oxudu. Biz Qazın qəbulu və satışı şöbəsində texnik yerini qəbul etsək də, Hacı Şahbazov həmin yerdə işləməyə əlimizdə olan diplomu qəbul etməyərək bildirdi ki, ora ali təhsil lazımdır. Həmin yerin əvəzinə bizə qaz qəza xidmətində telefoncu işini təklif etdi. Həmin iş növbəli olduğuna görə biz onu qəbul etmədik. Çünki orada iş iki növbəlidir. Birinci növbə səhər saat 8-00-dan axsam saat 20-00, ikinci növbə isə axşam saat 20-00-dan səhər saat 08-00-dəkdir. Hacı Şahbazov bilməlidir ki, texnik vəzifəsində işləmək üçün ali təhsil tələb olunmur. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası\” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanıb. Burada da göstərilir ki, texnik vəzifəsində işləmək üçün orta texniki təhsil lazımdır. Dərəcə diapozonları isə 4-8-dir. Dəfələrlə bununla bağlı müraciətlər etsək də, məhkəmə qərarı icra olunmur. “Azəriqaz”dan mənə bildirdilər ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını Ali Məhkəmədə ləğv etmək onlar üçün “iki vur iki qədər asandır”.
Suraxanı Qaz İdarəsinin rəhbərliyinin Təhsil Nazirliyi tərəfindən verilmiş diplomu qəbul etmədiyini deyən Nağı Allahverdi bunu sözügedən qurumun qanunları saymaması kimi qiymətləndirib: “Mən birbaşa çox hörmətli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edərək ondan xahiş edirəm “Azəriqaz”da əməliyyat keçirilməsinə göstəriş versin. Ümid edirəm ki, gec ya tez məsələ həll olunacaq. Ancaq məsələ həll olunana qədər “Azəriqaz” öz haqsızlığı ilə insanları dövlətçiliyimizdən narazı salacaq. Mən bunu arzu etmirəm”.
Elnarə
İnterpress.az