Nardaran qəsəbəsi Sabunçu rayonu ərazisində yerləşən qədim kəndlərdən biridir. Kənddə təxminən 8 min nəfərdən çox əhali yaşayır. Bu kənddə həmişə qədim adət-ənənələr qorunub saxlanılmışdır. Nardaran sözünün mənalarından biri farsca “nurdelan” sözündən götürülmüş, təxminən “qəlblər nuru” mənasını ifadə edir. Rəvayətə görə, bu kənddə yeddinci imam Museyi Kazımın qızı Rəhimə xanım, onun azyaşlı uşağı və Mirabdullah ağa dəfn olunmuşdur. Əhali İslam dinin “şiə” məzhəbinə itaət edir və bu məzhəbə aid bütün dini-tarixi günləri, mərasimləri “özünəməxsus” formada fanatikcəsinə yerinə yetirirlər. Əhalinin əksəriyyəti fars mənşəli tatlardan, bir qismi türklərdən və digər fars mənşəli millətlərdən ibarətdir. Nardaranlılar həmişə yaxşı dolanmış gülçülük, tərəvəzçilik və balıqçılıqla məşğul olmuşlar. Tarixi məlumatlara görə kənd əhalisinin əksəriyyəti Suraxanı, Mərdəkan və s. kəndlərinin əhalisi ilə birlikdə İran şahları tərəfindən Güney Azərbaycandan Quzey Azərbaycana köçürülmüşlər. Qeyd etmək lazımdır ki, Abşeronun Xəzər sahilləri boyunca yerləşən kəndlərinin çoxunun əhalisi indiki Güney Azərbaycandan və İran ərazilərindən köçürülmüş tatlardır. Bu azsaylı xalq yerli əhali ilə qaynayıb-qarışmış və bir ailə kimi birgə yaşamışlar.
Sovetlər birliyi dağıldıqdan və Azərbaycan ikinci dəfə istiqlaliyyət əldə etdiyi ilk dövrlərdə ölkədə yaranmış xaos, özbaşınalıq bütün əhalinin həyat tərzinə hərtərəfli mənfi təsir etdiyi kimi, nardaranlıların da yaşayış tərzini çətinləşdirdi. Bundan istifadə edən xarici ölkələrin xüsusi xidmət orqanları (xüsusən Rusiya və İran İslam Respublikası) Azərbaycan əhalisini öz tərəfinə çəkmək üçün müxtəlif seperatçı, təxribatçı vasitələrdən istifadə etməyə başladılar. İran İslam Respublikası Azərbaycanda “şiə” məzhəbinin radikal qanadlarının fəaliyyət göstərən qüvvələrindən istifadə edərək ölkəyə qalaq-qalaq “şiə” məzhəbini təbliğ edən dini kitablar, əyani vəsaitlər göndərdilər, və bu məzhəbi təbliğ edən vaizlər, müctəhidlər, möizəçilər, mərsiyəxanlar axışmağa başladı. Onsuz da hələ Sovetlər dönəmində bu məzhəbə “sədaqətlə” itaət edən kənd əhalisi onun radikal qollarını təsiri altına düşdülər və ölkədə İslam dövlətinin qurulmasının təbliğatına başladılar.
Lakin, bu kəndin ekstremist qüvvələri dərk edə bilmədilər ki, biz hamımız müsəlmanıq, Allahımız bir, dinimiz İslam, peyğəmbərimiz Məhəmməd (s.a.s), müqəddəs kitabımız Qurani-Kərimdir. Biz İslamın bütün vərəsələrinin müqəddəsliyini qəbul edir, onların hamısına hörmətlə yanaşırıq. Bu günümüzdə də İslama düşmən münasibət bəsləyən ayrı-ayrı qüvvələr və “islamçı fanatiklər” sünnü-şiə məzhəblərinin tarixi köklərini daha da qabardaraq bu məzhəblərə itaət edən müsəlmanları qarşı-qarşıya qoyur, bir dinə qulluq edən adamları bir-birinin qanını tökməyə sövq edirlər.
Sünnə sözü – ərəbcə təxminən “əlavə” mənasını ifadə edir, yəni peyğəmbərin ölümündən sonra Qurani-Kərimə edilmiş əlavələr nəzərdə tutulur. Bu məzhəbə itaət edənlər Allahı, Məhəmməd peyğəmbəri (s.a.s) və onun müqəddəs vərəsələrini tanıyır.
Şiə sözü – ərəbcə təxminən “tərəfdar” mənasını ifadə edir. Tarixi mənbələrdə göstərilir ki, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) “tarixi ədalətsizliyi” aradan qaldırmaq üçün ayrı-ayrı bölgələrdən İmam Əli (ə) tərəfdarlarını – “şiələri” toplamaq üçün yürüşə çıxır, öz qan qohumları tərəfindən təqib edilirlər və qumlu səhrada mühasirəyə alınaraq, on iki imam, onların yaxınları qətlə yetirilir. Sonralar həmin məkan Kərbəla (bəlalı yer) adlandırılır və şiələrin müqəddəs ziyarətgahına çevrilir. Əslində müxtəlif rəvayətlərlə dolu müsəlmanların tarixi-dini faciəsi bundan ibarətdir. Bu faciə İslam dininə itaət edən müsəlmanların (1,5 milyarddan çox) böyük tarixi faciəsidir. Acınacaqlı odur ki, bu faciə çox yaxın qan qohumları arasında baş vermişdir. Yaşadığımız XXI əsrdə bu faciəni yaddan çıxarmaq, yalnız və yalnız İslam dininə itaət edənlərin faciəsi kimi, onu anım günü kimi qeyd etmək əvəzinə, onu daha da qabardaraq sünni-şiə düşmənçiliyi formasına salanlar İslamın ən qatı düşmənləridir.
Bu gün Nardaranda şiə məzhəbinin radikal qoluna itaət edən din xadimlərinin, savadsız dindarlara təbliğatının nəticəsidir ki, 7-8 yaşında uşaqlar bu faciəni törədənləri “imam düşmənləri”, “kafirlər” adlandırırlar. Əslində dünyanın bütün müsəlmanları, İslama qulluq edən insanların qanını içməyə hazır olan əsl kafirlərə qarşı mübarizə aparmaq üçün birləşməlidirlər.
Nardaran qəsəbəsində 1991-ci ildə xarici qüvvələrin köməyi ilə Azərbaycan İslam Partiyası yaradıldı. Bu partiyanın anti-dövlətçilik əməlləri nəzərə alınaraq fəaliyyəti qadağan edildi. Lakin bu gün də həmin partiya qeyri-qanuni əməllərlə seperatçı fəaliyyətini davam etdirir. Nardaran kəndinin dini-radikal qüvvələri 2000, 2002, 2006-cı illərdə yaşayış tərzini bəhanə edərək, din pərdəsi altında üsyana qalxdılar, Azərbaycan Respublikası qanunlarının tələblərinə məhəl qoymayaraq dini hökümət yaratmaq iddiasına düşdülər. Hətta bu qüvvələr 2002-ci ildə qəsəbədə qayda-qanun yaratmaq üçün göndərilmiş iki nəfər polis əməkdaşını “Molotov kokteylləri” ilə xüsusi xidməti maşının içərisində od vuraraq diri-diri yandırdılar… Bu minvalla 2000-ci ildən 2015-ci ilədək Nardaran radikalları ilə dövlət qurumları arasında 23 dəfə qarşıdurmalar, silahlı toqquşmalar baş vermişdir ki, bunun nəticəsində son günlər bir ölkənin vətəndaşları bir-birini qətlə yetirmişlər. Bu böyük bir faciədir.
Nardaran qəsəbəsində baş verənləri araşdırdıqda belə qənaətə gəlmək olur ki, Azərbaycan Respublikası tərkibində “Nardaran Şiə İslam” qəsəbəsi mövcud imiş. Bu şiə qəsəbəsi şiə məzhəbinin radikal qisasçı təbəqəsi Respublika quruluşuna qarşı düşmənçilik təbliğatı aparmışdır. Yeddi məscidi, piri, fars əlifbası ilə bəzədilmiş dini bayraqları, İran İslam Respublikasının dövlət bayrağı, fars dilində dini şüarları, silah-sursatları və əhalini dövlət qurumlarını məhv edərək hakimiyyət iddiasını təbliğ edən mömin ağsaqqalları (mürşidləri), onlara sözsüz itaət edən gəncləri (müridləri), möizə oxuyanları, mərsiyə deyənləri, xarici ölkələrdən dəvət olunmuş tərki-dünyalığı təbliğ edən üləmaları, “şəbih” (dini faciələri əks etdirən teatr səhnələri) göstərənləri və onlara qarşı çıxanları öldürməklə hədələyən cinayətkar qruplar fəaliyyət göstərirmiş.
Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Azərbaycan dövlətçiliyini qorumaq baxımından Nardaranda baş verən dini ekstremizmə, İran molla rejiminin dini dövlət yaratmaq iddialarına qarşı kəskin mübarizə apardığına görə Nardaran din xadimləri Xalq şairi Sabir Rüstəmxanlını öldürülməsinə fətva vermişdilər. O zaman ölkənin aidiyyəti dövlət qurumlarından, tanınmış ziyalılardan heç kəs şairin səsinə səs vermədi. Bu gün isə kütləvi informası vasitələrində, xüsusən televiziyalarda dövlət qurumlarına yaltaqlanmaq naminə bir dəstə “millət ziyalıları” baş vermiş bədbəxt hadisə ilə bağlı “saz götürüb” aşıq kimi deyişirlər. Qeyd etmək lazımdır ki, bu illər ərzində qəsəbədə baş verənlərə seyirçi münasibət bəsləyən aidiyyəti qurumlar və digər əlaqədar təşkilatlar elə bil ki, ölkə prezidenti cənab İlham Əliyevin, Nardaran kimi bir qəsəbədə cinayətkar hadisələrin baş verdiyini yada saldıqdan sonra bu qurumlar yuxudan ayıldılar və “kəskin” fəaliyyətə başladılar. Yada salmaq lazımdır ki, bu qəsəbənin yüzlərlə tanınmış ziyalıları, mütərəqqi din xadimləri, alimləri, yazıçı və şairləri, respublikamızın ictimai-siyasi həyatında xüsusi fəaliyyət göstərən insanları vardır. Nardaran əhalisinin hamsını radikal-dini ekstremizmin təsiri altına düşən insanların cərgəsinə yazmaq düzgün deyildir. Nardaran kəndi Həsən Seyidbəyli, Məmmədbağır Bağırzadə, Ağasəlim Abdullayev, Ağaxan Abdullayev və s. onlarla məşhur adamların doğulduğu kənddir.
Çox təəssüf ki, son zamanlar İran molla rejiminin və digər ölkəmizə qarşı düşmənçilik təbliğatı aparan arı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşmüş qondarma “Müsəlman Birliyi” hərəkatının üzvləri ağsaqqal-qarasaqqal məsləhətinə məhəl qoymayaraq kənd əhalisini acınacaqlı vəziyyətdə qoydular.
Birmənalı şəkildə hamı bilməlidir ki, kimliyinnən aslı olmayaraq Azərbaycan dövlətçiliyinə xəyanət edən, onun dövlət attributlarına məhəl qoymayan, “dövlət içində dövlət” yaratmaq iddiasında olan, dövlət qanunlarına tabe olmayan, islah olunması qeyri-mümkün olan hər hansı bir dini qurum, təşkilat, cəmiyyət və ictimai birliklər təcili olaraq darmadağın edilməli, onların rəhbərlərinə və fəallarına ən ağır cəza verilməlidir.
2000-2015-ci illər ərzində bu qəsəbədə fəaliyyət göstərən İslam Partiyasının, “Müsəlman Birliyi” hərəkatının və digər seperatçı qüvvələrin qeyri-qanuni tələbləri və anti-Azərbaycan fəaliyyətləri bu illər ərzində dövlət qurumlarının gözü qarşısında baş vermişdir. Bu qurumların fəaliyyətsizliyi nəticəsində əsas günahkarlar hamıya məlumdur:
1. Qafqaz Müsəlmanlar İdarəsi
2. Dini Qurumlar işi üzrə Dövlət Komitəsi
3. Bakı şəhəri İcra Hakimiyyəti
4. Sabunçu rayon İcra Hakimiyyəti və onun səlahiyyəli orqanları
5. Nardaran qəsəbəsinin tanınmış ziyalıları, qondarma ağsaqqalları və dini fanatizmə uymuş gəncləri.
6. Müsəlman Birliyi hərəkatının rəhbərləri və fəalları
7. Bütün Azərbaycan xalqı…
Ölkədə 2000 məscidin tikilməsi ölkə dindarlarına hörmət əlamətidir. Bu “Allah evi” ibadət evidir, orada başqa əməllərlə məşğuliyyət qəti qadağandır. Dindarların ibadətlərinin əsas mövzusu ölkənin müstəqilliyinin qorunması yolunda səmərəlifəaliyyət göstərmək, bu yolda Allaha dua etməkdir. Hər bir din xadiminin atdığı addımlar saf-çürük edilərkən, onun heç olmasa Allah yolunda etdiyi əməllərin hesabatı öz əksini tapmalıdır.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 50 mindən çox dindarlar – din xadimləri, ayrı-ayrı dini təriqətlərə, sektalara və s. qulluq edənlər, “Allahu Əkbər”, “Bismillahir Rəhmanir Rəhim” müraciətləri ilə məşğul olan adamlar bilməlidirlər ki, onlar dövlət tərəfindən himayə edilir və bütün tələb və istəkləri yerinə yetirilir.
Milli Məclisdə yeni yaradılmış “İctimai birliklər və Dini Qurumlarla iş Komitəsi” çox güman ki, dini qurumlarda və ictimai birliklərdə bu vaxtadək həll edilməmiş çox böyük problemlərin aradan qaldırılması yolunda böyük fəaliyyət göstərəcək və xalqın rəğbətini qazanacaqdır. Elə problemlər vardır ki, onlar təcili həll edilməlidir:
-Məscidlər kommunal xərclərin ödənilməsinə və gəlir vergisinə cəlb edilməli;
-Qeydə alınmış dini qurumların, təriqətlərin, fəaliyyətləri araşdırılmalı və islam və ya digər dinin qanunlarına əməl olunmadığı aşkar edilərsə, qeydiyyatı ləğv edilməli;
-Qeydiyyata alınmamış dini qurumların fəaliyyəti qadağan edilməli;
-Xarici ölkələrdə təhsil almış din xadimlərinin Azərbaycanda fəaliyyəti qadağan edilməli;
-Məscidlərdə azan oxunmasının saatı və müddəti araşdırılmalı;
-Məhərrəmlik və Səfər ayında yas günlərinin sayının azaldılması məsləsinə baxılmalı;
-Tarixi yas mərasimləri yalnız məscidin daxilində keçirilməli və qısa müddətdə başa çatdırılması məsələsinə baxılmalı;
-Yas mərasimlərində israfçılığa yol verilməsinin qarşısı alınmalı;
-Ölünü dəfn etmək üçün torpağın pulla satılmasının qarşısı alınmalı;
-Xarici ölkələrə ziyarətə gedən zəvvarların neçə dəfə getməsinə icazə verilməsi və s.
Peyğəmbərimiz insanlığa, haqqa, ədalətə iman gətirməyənlərə, idrak qabiliyyətləri qapananları nəzərdə tutaraq buyuyur ki, “…Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində pərdə vardır. Onları böyük bir əzab gözləyir!”