Müflisləşən bankların acı sonu: “Ləğv prosesi qanun pozuntuları ilə həyata keçirilir”backend

Müflisləşən bankların acı sonu: “Ləğv prosesi qanun pozuntuları ilə həyata keçirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əmanətlərin Sığortalanması Fondunun müavini Vüqar Abdullayev olmaqla, köhnə komandanın nümayəndələrinin necə işləməsinə yaxşı bələdik”.

İnterpess.az xəbər verir ki, bunu bir neçə müflisləşmiş bankın kreditor komitəsinin nəzərdə tutulan iclasının mahiyyətini təhlil edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, komitə ləğv prosesini tam nəzarətə götürməli, bütün sənədlərlə tanış olmalıdır:

“Öncəliklə qeyd edim ki, kreditorlar komitəsi müflis bankda pulu qalanların qurumudur. Həmin qurum ləğvediciyə, yəni Əmanətlərin Sığortalanması Fonduna nəzarət etməlidir ki, bankın olan-qalan əmlakının başına daş salmasın və onu kreditorlar arasında ədalətli şəkildə bölsün. Belə ki, ləğvedici heç bir kreditora qanunsuz ödəniş etməsin. Bankın əmlakını qənaət rejimində idarə etsin və bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın. Eyni zamanda banka borcu olanlardan borcu vaxtında və dürüst tələb etsin. Ən əsası kreditorlar komitəsi boş-boş danışıqlar yeri deyil, işlək qurum olmalıdır. Kreditorlar vəsaitlərinin xeyli hissəsini qaytarmaq istəyirlərsə, komitə rəhbərliyinə peşəkarları cəlb etməlidirlər”.

Əkrəm Həsənov qeyd edib ki, komitə ləğvedicidən rüblük hesabatları və ləğv planını alıb təhlil etməli, etirazlar və vəsatətlər verməlidir. Komitə bütün hərraclara nəzarət etməlidir:

“Ən əsası isə banka borcu olan və barəsində məhkəmə prosesinə başlanılanlar barədə ləğvedicidən məlumat tələb etməlidir. Ləğvedici saf niyyətlidirsə, şəffaf olmalıdır. Yeri gəmişkən, komitə olmadan da ləğvedici qanunvericiliyin tələblərinə əsasən kreditorlara rüblük maliyyə hesabatı və ləğv planını təqdim etməlidir, amma etmir. Ləğv prosesi əvvəlki illərdə olduğu kimi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Əmanətlərin Sığortalanması Fondunun hazırda savadlı və dürüst rəhbəri var. Amma orada başda müavini Vüqar Abdullayev olmaqla, köhnə komandanın da nümayəndələri çoxdur. Onların necə işləməsinə isə yaxşı bələdik. Buna görə də komitələr elə ilk növbədə Fondun yeni rəhbərinə dəstək olmalıdırlar. Çünki o təkbaşına bu proseslərə nəzarət edə bilməz. Ümumiyyətlə, kreditorların özündən başqa ləğv prosesinin dürüst və ədalətli həyata keçirilməsində heç kəs daha çox maraqlı ola bilməz. Buna görə də fəal, prinsipial və ardıcıl olmaq lazımdır. Başqa cür pulları qaytarmaq mümkün deyil”.

Gülşən