Parlamentdə Lamiyə Quliyeva məsələsibackend

Parlamentdə Lamiyə Quliyeva məsələsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Zahid Oruc bildirib ki, bu məsələ ictimaiyyətin və medianın əsas müzakirə mövzusuna çevrilib. O deyib ki, L. Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır: “Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir. Nəzərə alaq ki, bu məsələ dövlətə xəyanətdə ittiham olunan bəzi QHT rəhbərlərinin həbsi ərəfəsində gündəmə gətirilib. Bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır. Bu qadının ətrafında baş verən məhkəmə qərarı olayları kompleks olaraq bizim ədliyyə sisteminə ləkə gətirir”.

İqbal Ağazadə isə qeyd edib ki, bütün hallarda həbsxanada cinayət baş verib və bir qadının üzərində qaranlıq oyun getdiyi ortadadır: “Penitensiar Xidmətlə bağlı qanunvericiliyə əsasən rəsmi nikahı olmayan istənilən məhkum içəridə yaxın münasibətdə ola bilməz. Artıq burada nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib. Üstəlik, o qadının dilindən hələ bir müraciət də yayırlar. İndi bir ana və körpənin üzərində oyun gedir. Bu məsələyə aydınlıq gətirilməlidir. Üstəlik, o qadının cəzası hansısa nəzarətçiyə qarşı kobudluq etməsi faktına görə 6 il uzadılıb. Bu, nə dərəcədə ədalətli məhkəmə qərarıdır? Mən xahiş edirəm ki, Milli Məclis, xüsusilə qadın həmkarlarım o qadının hüquqlarının müdafiəsi istiqamətində fəal olsunlar və müvafiq qurumlar bu oyunun qarşısını alsın”.

Milli Məclisin sədr müavini Bahar Muradova Z. Orucun fikirlərinə şərik çıxdığını vurğulayıb: “On il əvvəl olmuş məsələnin indi bu şəkildə gündəmə gəlməsi Azərbaycanın məhkəmə sistemi ilə bağlı arzuolunmaz fikir yaratmaq istəyidir. Bu baxımdan məsələ araşdırılmalı, kim günahkardırsa, haqqında qərar verməlidir. Çünki Azərbaycan məhkəməsi obyektiv və ədalətlidir, ona ləkə gətirmək olmaz”.

İnterpress.az