“The Associated Press”in Parisdən verdiyi xəbərdə deyilir ki, yerli polis çərşənbə axşamı IŞİD-ın Fransadakı şəbəkəsinə üzv olduqları ehtimalı ilə 8 nəfəri həbs edib. Onlardan 1 nəfəri qadındır.
Fransanın daxili işlər naziri Bernard Kazno deyib ki, çərşənbə axşamı Parisdə və Lionda həbs olunanlar yanvarın 7-də və 9-da baş vermiş terror aktları ilə əlaqəli deyillər.
Polis idarəsindən bildirilib ki, çərşənbə axşamı həbs olunanlardan 3 nəfəri 2014-cü ilin oktyabr ayında Suriyada olub. Hələ bəlli deyil ki, onlar İŞİD-ə, yoxsa başqa bir terrorçu qrupa qoşulublar.
Məlum olub ki, həbs olunan qrup 2013-cü ildən Suriyaya döyüşmək üçün könüllülər göndərib. Onlardan ən azı bir nəfəri döyüşlərdə öldürülüb. Bu şəbəkəyə daxil olan digər terrorçular isə indi də Suriyada döyüşürlər.
Fransa rəsmiləri deyiblər ki, həbs olunmuş şəxslərin bu ölkədə hər hansı terror aktı hazırlaması haqda heç bir məlumat əldə edilməyib. Agentliyə belə bir açıqlama verən rəsmi şəxs adının çəkilməsini istəməyib. Çünki onun mətbuata belə açıqlama vermək hüququ yoxdur.
Yaxın Şərqdə gedən müharibədə yaxından iştirak edənlər arasında Fransa vətəndaşları digər Avropa ölkələrinə nisbətdə xeyli çoxdur. Onların böyük əksəriyyəti İŞİD-lə bağlıdır.
Fransanın daxili işlər naziri Bernard Kazno deyib: “İŞİD-ın törətdiyi vəhşiliklər, o cümlədən Yaponiyadan olan girovların öldürülməsi bizim hökumətimizin terrora qarşı mübarizəsini daha da gücləndirir. Bizim hər günümüz, hər saatımız terrorla mübarizədə keçir”.
Agentlik bildirir ki, son vaxtlar Fransa polisi “terrorla mübarizədə həddindən artıq səy göstərdiyinə görə” tənqid olunur. Xüsusən 8 yaşlı uşağın terrorla əlaqəli dindirilməsi farnsızların qəzəbinə səbəb olub.
İnterpress.az