Yeni iqtisadi proseslərdə özəlləşdirmə çekləri: “Vətəndaşlara kompensasiya ödənməlidir”backend

Yeni iqtisadi proseslərdə özəlləşdirmə çekləri: “Vətəndaşlara kompensasiya ödənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, sosial ədalət cəmiyyətin inkişafının təməlidir. Sosial ədalətsizlik və insan haqlarının pozulması isə bir sıra ciddi problemlərə yol açır. Ölkəmizdə sosial problemlərin həllinə diqqətlə yanaşılsa da, bəzi mövzular hələ də həllini tapmamaqdadır. Bu məsələlərdən biri də əlində özəlləşdirmə çekləri qalan vətəndaşların aqibəti ilə bağlıdır.

Mövzu ilə bağlı Milli Məclisinin sabiq deputatı Gülər Əhmədova öz fikirlərini İnterpress.az-la bölüşüb.

O, müsahibəsində özəlləşdirmə çeklərinin yenidən tədavülünün yaradacağı müsbət amillərə toxunub.

Sözügedən müsahibəni təqdim edirik:

– Gülər xanım, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilmişdi. Bu çeklərin üstünlükləri nədən ibarət idi?

– Əslində özəlləşdirmə çeklərinin paylanılması və o zaman mərhum prezident Heydər Əliyevin bununla bağlı fərmanı özəlləşdirmə zamanı vətəndaşların bu prosesdə ədalətli şəkildə iştirakına yol açırdı. Bu, çox ciddi və tarixi fərman idi. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Təəssüf ki, vətəndaşlar sahib olduqları çeklərdən düzgün istifadə edə bilmədilər. Yəni, buna şərait yaradılmadı. İndiki zamanda müəyyən müddətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Bir sıra ictimai nüfuzlu şəxslər də bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər. O vaxtı vətəndaşlara 31,9 milyon vauçer paylanılıb. Məlumata görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də vətəndaşların əllərindədir. Bu isə o deməkdir ki, ölkə vətəndaşlarının bir qismi zamanında aparılmış özəlləşmə prosesindən faktiki olaraq kənarda qalıb. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir. Ona görə də özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Özəlləşdirmə çeklərinin nominal dəyəri hər kəsə məlumdur. Bu çeklərin nominal dəyəri yenidən hesablanmalı və vətəndaşın özəlləşdirmə prosesində iştirakı müvafiq dəyərə uyğun təyin edilməlidir.

– Özəlləşdirmə çeklərinin yenidən tədavülünə ehtiyac varmı?

– İstənilən halda vətəndaşların hüququ bərpa olunmalıdır. Ona görə də məsələyə yenidən qayıtmaq lazımdır. Tədavül müddətinin yenidən artırılması vətəndaşların hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Çeklər yenidən tədavülə buraxılmasa, bu halda hüququ tapdanan çek sahiblərinə kompensasiya ödənilməlidir. o zaman özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməsi də həyata keçirilə bilər. Ümumilikdə özəlləşdirmə çeklərindən necə effektiv istifadə edilməsi ilə əlaqədar yeni formatların yaradılması zəruridir.

– Bu gün ölkəmiz regionda yeni iqtisadi reallıqlar yaratmaqdadır. Bu fonda özəlləşdirmə çekləri ilə bağlı problemin həlli iqtisadi inkişafa necə təsir edə bilər?

– Ölkə iqtisadiyyatında dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsində özəlləşdirmə siyasətində də dəyişiklik edilməsi gözləniləndir. Bu dəyişikliyə özəlləşdirmə çeklərinin yenidən tədavülü kimi proses də əlavə olunarsa, sosial və iqtisadi vəziyyətə müsbət təsirləri qaçılmaz olacaq. Bu gün müəyyən sayda çeklər var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Bu qiymətli kağızlardan istifadəyə şərait yaradılması effektiv təsirlərə səbəb olacaq.

Qeyd edək ki, özəlləşdirmə çeklərinin yenidən tədavülünü zəruri edən amillər və çağırışlarla BURADAN tanış ola bilərsiniz.