Polad Bülbüloğlu (Polad Murtuza oğlu Məmmədov) 4 fevral 1945-ci ildə Bakıda SSRİ xalq artisti Bülbülün ailəsində anadan olub.
O, ilk dəfə böyük səhnəyə 1960-cı ildə – 15 yaşında çıxaraq, atasını fortepianoda müşayiət edib. Bir il sonra 16 yaşlı Polada ağır itki üz verib – atasını itirib.
Musiqi məktəbinin fortepiano sinfindən sonra gələcək müğənni və bəstəkar 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (Qara Qarayevin sinfini) bitirib.
Kinofilmlərə, dram tamaşalarına musiqilərin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir, bir sıra populyar mahnıların müəllifi və ifaçısı kimi tanınıb. 1981-ci ildə çəkildiyi “Qorxma, mən səninləyəm” filmi ilə müğənni həm də aktyorluq istedadını nümayiş etdirib.
P. Bülbüloğlu 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb.
1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri kimi çalışan P. Bülbüloğlu 1988-ci ildə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilib. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilib. 2006-cı ildə mədəniyyət naziri vəzifəsindən azad olunan P. Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Polad Bülbüloğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı SSRİ-nin baş prokuroru Roman Rudenkonun qızı, məşhur opera müğənnisi, 27 yaşında SSRİ xalq artisti adına layiq görülmüş Bela Rudenko olub. 12 il sürən bu izdivacdan cütlüyün Teymur adlı oğlu var.
Polad Bülbüloğlunun ikinci həyat yoldaşı isə Gülnarə Şıxəliyevadır. Onların Leyla və Murtuza adlı övladları var.
Qeyd edək ki, P. Bülbüloğlu prezident İlham Əliyevin 3 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycanın mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Bu gün Heydər Əliyev Sarayında P. Bülbüloğlunun yubiley konserti olacaq.
İnterpress.az