“Döyüş iştirakçıları risk qrupudur, onlar bizim dəyərlərimizdir”.
Bu sözləri yetişən nəsildə vətənpərvərlik hissinin tərbiyəsi və təbliğatı ilə bağlı məsələlərə toxunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova Yenicag.az-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
– Lamiyə xanım, bir neçə il öncə mətbuatdakı yaşlı nəslin çıxışlarından gənc nəslin tənqidinə tez-tez rast gəlirdik. Ancaq 44 günlük müharibədən və əldə etdiyimiz zəfərdən sonra gənc nəsil sübut etdi ki, gələcəyimiz etibarlı əllərdədir. Sizcə, bu prosesin gələcəkdə də uğurlu davam etməsi və vətənpərlik mövzusunun yetişən nəsil üçün daim aktual saxlanılması üçün nələr tələb olunur?
– Yer üzündə çox millət yaşayır. Lakin öz milli kimliyini qoruyub saxlaya bilməyənlərin dövləti, dili bir vaxtlar məhv olub və bu xalqlar digər xalqların içinə assimilyasiyaya məruz qalıblar. Azərbaycan xalqına qarşı da uzun illər qeyd etdiyimiz mənfur siyasət həyata keçirilib. Çünki bizim torpağın istər zəngin sərvəti, istərsə də düşünən beyinləri daim güclü dövlətlərin “tamahı”nı cəlb edib. Ona görə də tariximiz boyu yaşadığımız çoxsaylı müharibələr qaçılmaz olub. Ancaq zəfərlərimiz çoxdur və daim də zəfər çalacayıq. Uzun illər Azərbaycan xalqının şüuraltına yığılmış, sıxışdırılmış travmalar nəhayət ki, 2020-ci ildə vulkan kimi püskürdü. Sərkərdəmiz İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatını icra edən Azərbaycan ordusu tarixi zəfər çaldı və itirilmiş torpaqlarımız qayıtdı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirildi. Bu qələbəni bizə Azərbaycan dövləti, xalqı var olduqca milli qürur simvollarına çevrilərək yad ediləcək şəhidlərimiz, qazilərimiz, veteranlarımız və digər döyüş iştirakçılarımız yaşatdı. İllər boyu bu nəsli biz var gücümüzlə vətənpərvərlik ruhunda böyütmüşük. İndi də bu sahədə gördüyümüz işləri daha böyük əzmkarlıqla davam etdirməliyik. Çünki arxayınçılığın, unutqanlığın cəzasını da yaşamışıq. Tarixin unutqanlığı isə tarixin təkrarlanmağına səbəb olub. Vətənpərvərliyin tərbiyəsi məsələsi bir tədqiqatçı-alim olaraq diqqətimdə olub.
– Sizin də övladınızın bu tarixi zəfərimizin əldə olunmasında payı var. Belə ki, “Suqovuşanın azad olunması uğrunda” medalla təltif olunub. Öz övladınız və döyüşdə iştirak etmiş digər şəxslərdə döyüşdən sonra yaşanan posstravmatik stres pozuntuların aradan qaldırılması ilə bağlı addımlar atmısınız?
– İstər övladımla, istərsə də döyüşdən sonra yaşanan posstravmatik stres pozuntularının aradan qaldırılması istiqamətində həyata keçirdiyim psixoloji yardım məqsədilə digər döyüş iştirakçıları ilə söhbətlərim olub. Onlardakı vətənpərvərlik hissi məni heyran edib. Var olsun, bu gəncliyimiz… Onlarla olan söhbətlərimi, eləcə də digər araşdırmalarımı ümumiləşdirərək növbəti nəticəyə gəlmişəm ki, vətənpərvəliyin daim gündəmdə qalması, düzgün istiqamətdə tərbiyəsi üçün aşağıdakı əsas amillər nəzərə alınmalıdır: cəmiyyətin siyasi və mənəvi həyatı; ailə tərbiyəsi, genetik faktorlar; vətənpərvərlik haqqında əsərlərə, mahnılara, verilişlərə, filmlərə daha geniş yer verilməsi; KİV-də milli qəhrəmanlar haqqında təbliğat; vətənpərvərlik haqqında sosial şəbəkələrdəki statusların, rəylərin daha çox paylaşılması; vətənpərvərliyə aid mövzuların tədrisi; vətənpərvər müəllimlərin şəxsi nümunəsi; məktəb tərbiyəsi; vətənpərvər insanlara olan hörmət, verilən dəyər; şəhidlərin vaxtaşırı yad edilməsi, unudulmaması kontekstində həyata keçirilən tədbirlər, onların ailəsinə dövlət və xalqın qayğısı; milli qəhrəmanlara, veteranlara, döyüş iştirakçılarına və onların ailələrinə xalqın, dövlətin qayğısı; milli qürur və milli mənlik şüurunun dərki; milli-mənəvi dəyərlərin formalaşma səviyyəsi; milli adət-ənənələr; vətənpərvərlik mövzularında tədbirlərin keçirilməsi…
– Döyüş iştirakçılarımızın ruh yüksəkliyindən danışdınız. Lakin döyüşdə hünər göstərmiş bəzi döyüş iştirakçılarımız özünə qəsd edir. Bu vəziyyətin qarşısını necə almaq olar?
– Mən bir qrup müharibə iştirakçısı ilə ünsiyyətdəyəm. Onlar övladımın döyüş yoldaşlarıdır. Çoxuna bir mütəxəssis kimi psixoloji yardım etmişəm. Baxmayaraq ki, müharibə stresi yaşayan əsgər anası kimi hər söhbət özümə təkrar travma yaşadıb. Bütün hallarda onların bir neçəsini özünəqəsd fikrindən uzaqlaşdıra bilmişəm. Nəzərə almaq lazımdır ki, müharibədə onlar ölümə hazırlıq proqramı ilə döyüşə qatılıblar. Bu proqram sağ qalanlarda şüuraltına sıxışdırılıb. Lakin “münbit” şəraitdə qabarır və proqram işə düşür. Onları incitmək olmaz, tələblərini dinləmək və həyata keçirmək lazımdır, həyata keçirilməsi mümkün olmayanları psixoloqların köməyi ilə izah etmək lazımdır. Onlar risk qrupudur, onlar bizim dəyərlərimizdir. Dəyərlərə isə həssas yanaşmaq lazımdır. Belə insanlar vaxtaşırı sosial işçilər tərəfindən yoxlanılmalıdır. Onlara verilən dəyər Vətənimizə, qeyrətimizə, şərəfimizə, milli qürurumuza, mənliyimizə verilən dəyərdir. Onlar bizim qeyrət simvollarımızdır.
– I Qarabağ Müharibəsi sonrası yaşanan posttravmatik streslərin aradan qaldırılması istiqamətində psixoloji təcrübəsizlik səbəbindən lazımi səviyyədə iş həyata keçirilməsə də, nəzəri araşdırmaları və bəzi praktik uğurları inkar etmək olmaz…
– II Qarabağ Müharibəsi sonrası istər frontal, istərsə də fərdi şəkildə xeyli işlər görüldü. Uğurlu işlərin olmasına baxmayaraq, problemlər yenə də qalır və qalacaq. Çünki elə elm sahələri mövcuddur ki, tədqiqat üçün aktual olan problemlər araşdırıldıqca tədqiqat sferası daralırsa, psixologiya elminin və psixoloji xidmətin tədqiqat sferası dövrü dəyişikliyə analoji bağlılıq səbəbindən həndəsi silsilə ilə artmağa davam edir. Yaşanan xatirələr, travmalar və digər psixi təsirə malik hadisələrin izləri yaddaş hüceyrələri vasitəsilə nəsildən-nəslə ötürülür. Müharibələr məhz belə hadisələrdəndir ki, onun vurduğu fəsadlar tək tarixi kitablarda qeydə alınmır, qan yaddaşımızda da əbədi həkk olunur. Psixoloji fəsadların zaman-zaman minimuma endirilməsi və aradan qaldırılması baxımından vaxtaşırı psixoloji xidmətə müraciət edilməsi qaçılmazdır. O cümlədən arzuolunandır ki, müxtəlif qurumlar da bu sahədə təcrübəsi olan psixoloq-mütəxəssislərlə əməkdaşlıq etsinlər.
– Döyüş iştirakçılarının tam normal həyata qayıtması üçün bir cəmiyyət olaraq hansı yardımı edə bilərik?
– Bir millət olaraq daim öz qəhrəmanlarımıza böyük dəyər vermişik. Kim ki bunu etmirsə, deməli, qanında qarışıq var. Qazilərin, veteranların normal psixoloji həyata reabilitasiyasına müsbət təsir edən bəzi addımların atılmasını zəruri hesab edirəm. Bu addımlara döyüşdən evə qayıdanların layiqli şəkildə qarşılanması, döyüşdə iştirak edənlərin sosial statuslarının və döyüşmələrinin sosial əhəmiyyətinin ictimaiyyət tərəfindən tanınması, dəyərləndirilməsi, döyüşdə iştirak edənlərin statuslarının daha yüksək olmasının ictimaiyyət tərəfindən qəbullanması, döyüş iştirakçlarının hər hansı həssas duruma qarşı fərqli psixi reaksiyalar nümayiş etdirmələrinin anlayışla qarşılanması, döyüş iştirakçılarının aktiv ictimai işlərə cəlb edilməsi, ailədə döyüş iştirakçılarına maksimum qayğı və məhəbbətlə yanaşılması (psixoloji rahatlıq üçün əlverişli psixoloji iqlimin yaradılması), döyüş iştirakçılarının iştirak etdiyi hər hansı şəxsiyyətlərarası konfliktə dərhal müdaxil edib onun konstruktiv həllinə yardım edilməsi kimi amillər daxildir.