Almaniyanın “varlılar adası” Zültdə atışma baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Almaniyanın şimalında, Şimal dənizində yerləşən və Danimarka ilə həmsərhəd olan nüfuzlu kurort adası Zültün Vesterland şəhərində silahlı insident qeydə alınıb. Səhər saat 11 radələrində yerli bazarda atəş səsləri eşidilib.
Hadisə yerinə çoxlu sayda polis qüvvəsi cəlb edilib. Məlumata görə, Vesterland vağzalı yaxınlığında bir nəfər saxlanılıb, lakin azı daha bir şübhəlinin axtarışları davam edir.
İnsident nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Hadisə yerindən çəkilən fotolarda bərbərxanalardan birinin pəncərəsində güllə izi aydın görünür.
Qeyd edək ki, Zült adası Almaniyanın ən prestijli və tanınmış kurortlarından biri hesab olunur.
Ada özünün bahalı daşınmaz əmlakı ilə şöhrət qazanıb və dəfələrlə ölkənin ən bahalı yaşayış məskəni kimi tanınıb.
Hazırda polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və axtarış əməliyyatlarını davam etdirir.

Xuraman Etibarlı
İnterpress.az






