Yeni Dehlidə DƏHŞƏTLİ YANĞIN:  20 nəfər HƏLAK OLDU – FOTObackend

Yeni Dehlidə DƏHŞƏTLİ YANĞIN: 20 nəfər HƏLAK OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Dehlidə yaşayış binasında baş verən yanğında azı 20 nəfər həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Hindistanın paytaxtı Yeni Dehlinin cənubundakı Malviya Naqar rayonunda çoxmərtəbəli yaşayış binasında səhər saatlarında güclü yanğın baş verib.

Məlumata görə, binanın birinci mərtəbəsində restoran, yuxarı mərtəbələrdə isə mənzillər və otel yerləşirmiş.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, hadisə yerindən 37 nəfər xilas edilib.

Bununla belə, faciə nəticəsində azı 20 nəfərin həlak olduğu, çox sayda yaralının olduğu bildirilir.

Yaralılar arasında Hindistana müalicə üçün gəlmiş əcnəbi vətəndaşların da olduğu qeyd olunur.

Yanğının dəqiq səbəbi hələlik rəsmi təsdiqlənməsə də, binanın birinci mərtəbəsində yerləşən restoranın aşpazı “NDTV” telekanalına açıqlamasında bildirib ki, alov o mətbəxdə elektrik plitəsini işə salmaq istəyərkən qəflətən başlayıb və sürətlə yayılıb.

Hadisə yerindən yayılan görüntülərdə yanğınsöndürənlərin alovla mübarizə apardığı, binanı qatı tüstünün bürüdüyü əks olunub.

Yerli sakinlər də xilasetmə işlərinə qoşularaq içəridə qalan insanların təxliyəsinə və yaralıların təhlükəsiz yerə çatdırılmasına köməklik göstəriblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az