İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri çox yüksək səviyyədə baş tutub. Xanım Baş nazir Azərbaycana Ermənistandan gəlib və ölkələrimiz arasında yüksək münasibətlərə vurğu edib. Bu, böyük əhəmiyyətə malikdir.

Konkret olaraq detallara gəldikdə, İtaliya Avropa Birliyi ölkələri arasında Azərbaycanla ən yaxşı və dayanıqlı iqtisadi əlaqələr quran ölkədir və bizim tərəfdaşımızdır. Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqlara söykənən, çoxşaxəli iqtisadi əlaqələri özündə ehtiva edir. İki ölkə arasında iqtisadi münasibətlər demək olar, bütün sahələri əhatə edir.
Meloninin sözlərinə görə, İtaliya Qarabağdakı proseslərdən də kənarda qalmayıb. İtaliya şirkətləri Qarabağın bərpası prosesində fəal iştirak edir, eyni zamanda Mingəçevirdə müəyyən işlər həyata keçirirlər.
İki ölkə arasında hərbi-texniki sahədə də əməkdaşlıq mövcuddur. Müəyyən işlər görülür. Azərbaycan İtaliyanın hərbi potensialından istifadə edir. Bütün bunlar müsbət hallardır.
Bu səfər göstərdi ki, tərəflər artıq bu əlaqələri daha geniş, daha dərin və daha strateji bir müstəviyə daşımaq niyyətindədirlər. Bu münasibətlərdə sadəcə qaz kəmərlərinin, müqavilələrin dili danışmır. Burada həm də qarşılıqlı etimadın, geosiyasi uzaqgörənliyin və ortaq maraqlar mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakıda mətbuata bəyanatlarla çıxış etməsi iki ölkə arasında münasibətlərin keyfiyyətcə daha yüksək mərhələyə daxil olduğunu göstərir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqam ondan ibarətdir ki, Azərbaycan tərəfdaşlıq münasibətlərini yalnız rəsmi sənədlər və diplomatik bəyanatlar səviyyəsində saxlamır; onları konkret nəticələrə, qarşılıqlı faydaya və uzunmüddətli maraqlar sisteminə çevirir.
İtaliya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Azərbaycanın ilk strateji tərəfdaşlarından biri kimi çıxış edir. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin hüquqi əsasını təşkil edir və bu gün həmin sənədlərdə əks olunan müddəalar real nəticələrlə müşayiət olunur.
Formalaşmış açıq və etibarlı dialoq münasibətlərin inkişafında əsas rol oynayır. Xüsusilə 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri, daha sonra müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər, o cümlədən Avropa Siyasi Birliyi çərçivəsində aparılan müzakirələr və nəhayət, Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri bu münasibətlərin ardıcıl və sistemli şəkildə inkişaf etdiyini göstərir.
Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ermənistan paytaxtında keçirilən çoxtərəfli tədbirdən sonra Azərbaycana səfər etməsi ölkəmizə verilən önəmin və iki ölkə arasındakı dostluğun real göstəricisidir.
Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yalnız mövcud səviyyəsini təsdiqləmir, eyni zamanda gələcək inkişaf istiqamətlərini də müəyyən edir.
Azərbaycan–İtaliya tərəfdaşlığı artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş – regional və qlobal kontekstdə əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq modeli qarşıdakı illərdə daha da dərinləşəcək, yeni sahələri əhatə edəcək və hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, beynəlxalq sabitliyə də töhfə verəcək.






